Məhkəmə qərarları › İş №2(011)-5787/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5787/2021

09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5787/2021 09.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 02.04.2021-ci il tarixli su filtrlərinin satış müqaviləsinin ləğv edilməsi, 990 manat su filtrinin satış qiymətinin, 76,56 dəbbə pulunun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 1096,56 manat pul məbləğinin tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onunla Cavabdeh arasında imzalanmış 02.04.2021-ci il tarixli “Su filtrlərinin satış müqaviləsi”nə əsasən cavabdehə “Qorxmazoğlu su” markalı su filtri 990 manata satılaraq ona təhvil verilmiş, cavabdeh isə həmin məbləği 15 ay müddətinə, yəni 20.06.2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür, o, müqavilə öhdəliklərini yerinə yetirərək su filtrini tam yararlı halda cavabdehə təhvil vermişdir, lakin cavabdeh su filtrini aldığı vaxtdan bir dəfə də ödəniş etməmişdir, həmçinin tərəflər arasında imzalanmış müqavilənin 2.5-ci maddəsinə əsasən alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirmədikdə, satıcı hər gecikdirirlmiş günə görə növbəti ödəniş məbləğindən 2% məbləğində penya əlavə edir, buna görə də növbəti ödəniş tarixindən, yəni 02.05.2021-ci il tarixdən gecikdirilən günlərin sayına görə 76,56 manat məbləğində cərimə məbləği də cavabdehdən tutularaq ona ödənilməlidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan satıcı “Qorxmazoğlu su” təmizləmə texnologiyaları direktoru İddiaçı və alıcı Cavabdeh arasında bağlanan 02.04.2021-ci il tarixli saylı su filtrlərinin satış müqaviləsindən görünür ki, satıcı müqavilənin 1-ci bəndinə əsasən, su filtrini alıcının mülkiyyətinə verməyi, alıcı əşyanı qəbul edib əvəzinə müqavilənin 2-ci bəndində qeyd edilən pul məbləğini Müqavilədə göstərilmiş qaydada və müddətdə ödəməyi öhdəsinə götürür, müqavilənin 2-ci bəndinə uyğun olaraq, satılan əşyanın qiyməti 990 manat təşkil edir, satılan əşyanın qiyməti alıcı tərəfindən, satıcıya hissə-hissə 15 ay müddətinə ödənilir, alıcı borcu 20.06.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürür, müqavilənin 2.5-ci bəndinə uyğun olaraq alıcı ödənişi müəyyən edilmiş müddətdə həyata keçirir, əks təqdirdə satıcı hər gecikdirilmiş günə görə növbəti ödəniş məbləğindən 2% miqdarında penya əlavə edir, həmin müqavilənin 2.8-ci maddəsinə əsasən, əgər satıcı 20 gün ərzində kredit üzrə ödəniş almırsa, satıcı alıcıdan bütün qalan ödənişləri kreditlə vaxtından əvvəl tələb etmək hüququna malikdir, əks təqdirdə, satıcı qalan məbləğin və ya “Qorxmazoğlu su” təmizləmə texnologiyaları sisteminin tələb edilməsi hüququnun üçüncü şəxslərə təqdim edir. Alıcı malı geri qaytararsa, bu zaman ilkin ödəniş geri verilmir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 07.06.2021-ci il tarixdə bildiriş göndərmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında 02.04.2021-ci il tarixdə su filtrlərinin satış müqaviləsi bağlanmışdır, müqavilə əsasında Cavabdeh İddiaçı dəyəri 990 manat olan su filtri almışdır, kreditin müddəti 15 ay, aylıq ödəniləcək məbləğ 66 manat təşkil edir, alqı-satqı müqaviləsinin ödəniş müddəti 20.06.2022-ci il tarixdə bitir, müqavilə üzrə yaranmış borca görə cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Bununla belə, cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh arasında imzalanmış 02.04.2021-ci il tarixli su filtrlərinin satış müqaviləsi ləğv edilməli, su filtrinə görə 990 manat, dəbbə pulu 76,56 manat Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən, məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında imzalanmış 02.04.2021-ci il tarixli su filtrlərinin satış müqaviləsi ləğv edilsin. Cavabdeh əsas borc kimi 990 manat, dəbbə pulu kimi 76,56 manat, ümumilikdə 1066 (min altmış altı) manat 56 (əlli altı) qəpik və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar