Məhkəmə qərarları › İş №2(011)-5790/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5790/2021

28.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5790/2021 28.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 sentyabr 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş, 2160 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış debitor borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən ona yazılmış 216 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Saatlı rayonu, Qara Nuru kəndində yerləşən fərdi yaşayış evində ailəsi ilə birgə yaşayır, həmin evdə uzun müddətdir ki, təbii qazdan istifadə edir, 17.09.2020-ci il tarixdə Saatlı rayon Qaz Sahəsinin işçiləri ona məxsus evin həyətinə daxil olaraq “Elster” tipli qaz sayğacını çıxarıb aparmışlar və bu barədə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı akt tərtib etmişlər, həmin aktda qeyd edilmişdir ki, qaz sayğacının üzərində olan zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin qoruyucu qapağı yan tərəfdən əzilmişdir, qaz sayğacının daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır, sözügedən sayğaca onun özü və ailəsi tərəfindən heç bir müdaxilə olmamışdır, tərtib edilmiş həmin aktda da istehlakçı tərəfindən sayğaca müdaxilə etmə halı göstərilməmişdir, sayğac çıxarılıb laboratoriyaya göndərilərkən onun iştirakı olmadan qablaşdırılıb möhürlənib, sayğaca laboratoriyada baxış keçirilən zaman da onun iştirakı təmin edilməmişdir, Saatlı rayon Qaz Sahəsinin əməkdaşlarının qanunsuz əməlləri ilə bağlı həmin idarəyə etirazını bildirsə də, nəticəsi olmamışdır, tərtib edilmiş akt əsasında ona 2160 kub metr qaz sərfiyyatının dəyəri olaraq borc yazılmış və həmin qazın dəyəri abonent saldosuna daxil edilmişdir, hesab edir ki, ədalətsiz olaraq bu borc öhdəliyi onun üzərinə qoyulmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 17.09.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus yaşayış evində “Elster” tipli G4 markalı 10277097 nömrəli qaz sayğacı yeni “Zenner” tipli G4 markalı **********2 nömrəli qaz sayğacı ilə əvəzlənmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Qaz sayğacının yoxlanması barədə” 30.09.2020-ci il tarixli 29/1710-03352-1 nömrəli aktın surətindən görünür ki, iddiaçıya məxsus 10277097 zavod seriya nömrəli qaz sayğacına ümumi baxış keçirilmişdir, sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhə yararsız vəziyyətdədir, sayğacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqlarında əzik-cızıq izləri vardır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30.09.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus qaz sayğacına baxış keçirilmiş, sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzik-cızıq izlərinin olması barədə qeyd əks olunmuşdur, sayğacın dəyərinin və dəymiş ziyanın hesablanıb ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” 30.09.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********09590 saylı abonent kodu üzrə sayğacın üzərində zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması, sayğacın hesablama mexanizminin qapağının yan tərəfdən əzilməsi və daxili qulaqcıqlarında əzikcızıq izlərinin olması aşkar olunmuş və mövcud sayğacın yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası üzrə 2160 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan iddiaçının abonent saldosundan görünür ki, onun **********09590 saylı abonent hesabına 09/2020-ci il üçün 2160 metr3 qaz sərfiyyatına görə qalıq və aktlar qrafasında 216 manat yazılmışdır, 2020-ci il üçün ödəniş 50 manatdır, qalıq və aktlar üzrə borc 216 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 2020-ci ilin sentyabr ayı üçün 2160 metr3 qaz sərfiyyatına görə 216 manat borc iddiaçının abonent hesabına yazılmış və ondan tələb edilir. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı 216 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********09590 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 manat silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********09590 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar