Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-58/2022 18.01.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı X2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, eyni zamanda nümayəndə X3, Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “evin və eyvanın ara məsafəsi ilə bağlı olan norma və qaydaların pozulması ilə tikilmiş hissəsinin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “evin və eyvanın ara məsafəsi ilə bağlı olan norma və qaydaların pozulması ilə tikilmiş hissəsinin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, yaşadıqları ünvan 1 ünvanında çoxmənzilli yaşayış evlərinin arxa tərəfində onlarla qonşuluqda yaşayan Cavabdeh Xaliq oğlu özünə iki mərtəbəli fərdi yaşayış evi tikərək onların mənzilləri ilə ara məsafəsi saxlamamış, onlara və mənzillərinə həm təhlükə, həm də bir çox məhdudiyyətlər yaratmışdır. Belə ki, onların yaşadıqları çoxmənzilli evlərinin arxa tərəfindən təxminən 25 metr aralıqda təxminən 2x2 ölçüdə kiçik tikili olmuşdur. Həmin tikilini cavadeh Cavabdeh sökərək onların mənzilinə yaxın məsafədə yeni fərdi yaşayış evi tikmişdir. Cavabdeh həmin evi sonradan xalası X1 adına sənədləşdirmiş və sonuncunun adına 16 yanvar 2016-cı il tarixdə mülkiyyət sənədi verilmişdir. Stara Abdullayeva həmin evi Cavabdeh vəsiyyət etmiş və xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Fərdi yaşayış evi üzərində cavabdehin adına mülkiyyət hüququ xx.xx.2018-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh qeyd olunan fərdi yaşayış evinin mülkiyyət sənədinə və 21 iyun 2018-ci il tarixli texniki pasportuna əsasən ümumi sahəsi 68.7 kv.metr olmaqla bir mərtəbəli kimi göstərilmiş, evin harada yerləşməsinə dair heç koordinatlar verilməmişdir. Bundan əlavə həmin fərdi yaşayış evi köhnə yerində deyil, onun yaşadığı və mülkiyyətində olan çoxmənzilli yaşayış evinə yaxın məsafədə tikilmişdir. Cavabdeh bu ara məsafəsi ilə kifayətlənməyərək əlavə olaraq onun yaşadığı evin pəncərəsinə yaxın 2.93 metr məsafədə öz fərdi yaşayış evindən eyvan çıxarmışdır. Bundan başqa, cavabdeh pilləkən və əlavə tikililər tikməkdə davam edir. Cavabdeh tikdirdiyi fərdi yaşayış evində ara məsafəsi saxlamadığına görə onlar bir çox məhdudiyyətlərə məruz qalmışlar. Belə ki, cavabdeh onların yaşadıqları evi təbii işıqdan məhrum etməklə bərabər yanğın təhlükəsizliyi qaydalarını da pozmuşdur. Bundan əlavə havasızlıqdan evlərində nəmişlik yaranmış, cavabdehin tikdirdiyi evin eyvanından birbaşa onun yataq otağı görsənir və otağın pəncərəsini açdıqda cavabdeh tərəfindən bütün danışıqlar evin içərisində eşidilir. Pəncərəsinin qarşısını zibilliklə doldurmuşdur. Beləliklə də, Cavabdeh həm qonşuluq, həm də qanunvericiliyin bir çox tələblərini kobud şəkildə pozmuşdur. Göründüyü kimi cavabdehin adına 2018-ci ildən bir mərtəbəli ümumi sahəsi 68.7 kv.metr olan fərdi yaşayış evinə dair mülkiyyət hüququnu təsdiq edən sənəd olmasına baxmayaraq tikinti qanunsuz olaraq iki mərtəbəli və mansarlı olmaqla aparılmış və qanunvericiliyin bir çox tələbləri pozulmuşdur. İddiaçı göstərilənləri nəzərə alaraq, iddiaçı olaraq onun ünvan 1 ünvanında yerləşən mənzilinə yaxın məsafədə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin və eyvanın ara məsafəsi ilə bağlı olan norma və qaydalarının pozulması ilə tikilmiş hissənin cavabdehin hesabına sökülməsi və onun mənzili tərəfə olan pəncərənin bağlanmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin baxış iclasında iddiaçı X2 nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, eyni zamanda nümayəndə X7 hər biri ayrı-ayrılıqda iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. Nümayəndə həmçinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilinin pəncərəsinə yaxın məsafədə Cavabdeh tərəfindən qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin iddiaçının mənzilinə tərəf olan pəncərəsinin və qapısının bağlanması, həmin hissədə hər hansı tikilinin tikilməsi, yəni eyvanın, pilləkənin, pəncərənin və qapının qoyulmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin baxış iclasında Cavabdeh, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 hər biri ayrı-ayrılıqda cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Cavabdeh izahatında bildirmişdir ki, iddiaçının hər hansı hüquqlarınıpozmamışdır, ona məxsus olan evi müvafiq icazələri almaqla tikmişdir və hələ də tikinti-təmiri davam edir. İddiaçının bağlanmasını tələb etdiyi pencərə evin ikinci mərtəbəsində yerləşən dəhlizin pencərəsidir, həmin pencərə açılmır, iddiaçının mənzilinə heç kim baxmır və səs-küy də yaranmır. Zəruri olduğu təqdirdə pencərənin şüşəsinə buzlu oboy çəkdirə bilər. Evin layihəsinə görə iddiaçının yaşadığı binaya tərəf qapı nəzərdə tutulmamışdır. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən ÖM seriyalı, 043471 nömrəli Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Pivzovod küçəsi, ev 24, 6 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə X2 adına hüquqi qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 xx.xx.2018-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 318 nömrəli reyestr kitabının 29636 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-633/2020 saylı, 14 yanvar 2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavadeh İddiaçı qarşı maneələrin aradan qaldırılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 sentyabr 2021-ci il tarixli, 10/2694 nömrəli ekspert rəyindən görünür ki, qərardadın birinci sualı üzrə: ünvan 2 ünvanında cavabdeh X6 tərəfindən inşa edilən fərdi yaşayış evinin hündürlüyü 10,50 m, olduğunu nəzərə almaqla, aparılmış hesablamalara görə evin divarı arasındakı məsafə 3,15 metr (10,50x0.3) olmalıdır. Tədqiq olunan halda, yuxarıda göstərildiyi kimi iddiaçıya məxsus fərdi yaşayış evi ilə cavabdehə məxsus fərdi yaşayış evinin divarının hündürlüyünə görə zəruri olan 3,15 metr məsafə əvəzinə 2,98 m saxlanıldığını nəzərə alaraq Məcəllənin 69.5.2-1-ci maddəsinin tələbinə uyğun inşa edilmədiyi müəyyən edilir. Eyni zamanda qeyd olunur ki, ünvan 2 ünvanında cavabdeh X4 məxsus fərdi yaşayış evinə dair texniki-pasportun məlumatlarında fərdi yaşayış evi bir mərtəbəli tikili kimi göstərilsə də, faktiki olaraq fərdi yaşayış evi üç mərtəbəli tikili olduğu müəyyən edilmişdir. Qərardadın ikinci sualı üzrə: ünvan 2 ünvanında cavabdeh X6 tərəfindən aparılmış yaşayış evinin və eyvanın mövcudluğu iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzovod küçəsi, ev 24, mənzil 6 ünvanında yerləşən yaşayış sahəsi zərər, maneə (rütubət, nəmişlik, günəş işığının qarşısının alınması və s.) yarada bilər. Qeyd olunur ki, hər hansı bir tikilinin təhlükəli vəziyyətdə olub-olmaması məsələsi tikinti ekspertinin səlahiyyətinə aid olmadığından sualın bu hissəsi üzrə tədqiqat aparılmamışdır. İş materiallarında olan yerində müayinə protokolundan görünür ki, ünvan 2 ünvanına və ünvan 3irakı ilə baxış keçirilmişdir və müəyyən edilmişdir ki, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzovod küçəsi, ev 24, mənzil 6 ünvanında olan mənzilin yerləşdiyi bina köhnə tikili olmaqla söküntü planına düşmüş binadır (iddiaçının verdiyi məlumata əsasən). Cavabdeh X4 məxsus ünvan 2 ünvanında inşa edilən fərdi yaşayış evi faktiki olaraq 2 mərtəbəli tikili olmaqla yanaşı, iddiaçıya məxsus Bakı şəhəri, Xətai rayonu, Pivzovod küçəsi, ev 24, mənzil 6 ünvanın qarşısında inşa edilmişdir, texniki pasportda nəzərdə tutulmuş pencərə çıxıntı olaraq iddiaçının yaşadığı mənzillə 2.98 m ara məsafədə inşa edilmişdir. Həmin fərdi yaşayış evinin texniki pasportunda evə giriş qapısı həmin çıxıntı hissənin solunda yerləşmişdir. Yerində müayinə zamanı müəyyən edilmişdir ki, evə girişi faktiki olaraq birinci mərtəbədə yerləşən qarajdandır. İddiaçının bağlanmasını tələb etdiyi pencərə faktiki evin ikinci mərtəbəsində yerləşir və dəhlizin pencərəsidir. Evdə tikinti-təmir işləri gedir. Tərəflərə məxsus yaşayış sahələri arasında olan sahədə zibil tullantılarına rast gəlinməmişdir. İddiaçının mənzilinin müayinəsi zamanı müəyyən edilmişdir ki, iddiaçının mənzili birinci mərtəbədə yerləşir, iddiaçının hüquqlarının pozulmasına səbəb olduğunu iddia etdiyi mübahisəli pencərə ilə üzbəüz ikinci mərtəbədə yaşayan qonşunun pencərəsi mövcuddur, iddiaçının həmin hissədə yataq otağı yerləşir, lakin mübahisəli pencərə açılmır. Evin layihəsinə görə iddiaçının yaşadığı binaya tərəf qapı nəzərdə tutulmamışdır və iddiaçının yaşadığı mənzilin yerləşdiyi binaya perpendikulyar istiqamətdə evin qapısı ikinci mərtəbədə yuxarıda qeyd edilmiş dəhlizin solunda yerləşmişdir. Evə giriş hal-hazırda qarajdandır. Cavabdehin evində iddiaçının mənzilinə tərəf qapı mövcud deyil. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin subutların mümkünlüyünü müəyyən edən 81-ci maddəsi təsbit edir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra bu məcəllənin maddələrinə istinad ediləcək) 21-ci maddəsi müəyyən edir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir.Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur.Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Beləliklə, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ünvan 1 ünvanında yerləşən mənzilinə yaxın məsafədə Cavabdeh tərəfindən tikilmiş fərdi yaşayış evinin və eyvanın ara məsafəsi ilə bağlı olan norma və qaydalarının pozulması ilə tikilmiş hissənin cavabdehin hesabına sökülməsi və onun mənzili tərəfə olan pəncərənin və qapının bağlanması tələblərini irəli sürsə də, məhkəməyə iddia etdiyi zərərin ona dəyməsini təsdiq edəcək mötəbər sübutlarını təqdim etməmişdir. Mülki işdə olan sübutlarla təsdiq edilmişdir ki, Cavabdeh məxsus fərdi yaşayış evi müvafiq icazələr alınmaqla tikilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestrində mülkiyyət hüququnu qeydiyyata aldırmışdır. Ekspertin rəyinə əsasən cavabdehin mülkiyyətində olan fərdi yaşayış evinin iddiaçının yaşadığı mənzillə ara məsafəsində tikinti normalarının cüzi pozulmasına (17 sm) yol verildiyi müəyyən edilsə də, iddiaçı bu pozuntu nəticəsində ona zərər vurulmasını sübut edə bilməmişdir. Məhkəmə mülki işdə olan sübutları qiymətləndirib, işin faktiki hallarını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbləri sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “evin və eyvanın ara məsafəsi ilə bağlı olan norma və qaydaların pozulması ilə tikilmiş hissəsinin sökülməsi və pəncərənin bağlanması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-58/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-58/2022
18.01.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver