Məhkəmə qərarları › İş №2(011)-580/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-580/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-580/2023 22.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. xx.xx.2020-ci il tarixdə iddiaçı ilə X2 arasında MAS-2483 saylı daxili lizinqi müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “Khazar SD” markalı **- PK-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) illik 19 % olmaqla, aylıq 397,67 manat ödəmək şərti ilə, 48 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Müqavilənin qiyməti 13300 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2020-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.

2. 20.11.2021-ci il tarixində iddiaçı, cavabdeh və X5 arasında bağlanmış “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən İlkin Muradov xx.xx.2020-ci il tarixli müqavilə əsasında iddiaçı qarşısında götürdüyü bütün öhdəlikləri cavabdehə ötürməyi, cavabdeh isə öz növbəsində bu öhdəlikləri tam həcmdə qəbul etməyi öhdəsinə götürmüşdür.

3. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdehlə bağlanmış xx.xx.2020-ci il tarixli MAS-2483 saylı "Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2020-ci il buraxılışlı, "Khazar SD" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME220568 ban nömrəli, ağ rəngli avtomobilin iddiaçıya geri qaytarılması, cavabdehdən "Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə xx.xx.2022-ci il tarixə 1259,81 manat gecikdirilmiş əsas, 549,74 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 215,29 manat dəbbə pulu, ümumilikdə 2024,84 manat gecikdirilmiş borc və ödənilmiş 40,65 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçı ilə X2 arasında bağlanmış 27 iyun 2020-ci il tarixli lizinq müqaviləsinə əsasən 2020-ci il buraxılışlı, Avtomobil onun müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Müqavilənin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən lizinq alan illik 19 % hesablanmaqla 48 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 397.67 manat, ümumilikdə isə 19088 manat məbləğində pulu iddiaçının hesabina ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli lan ümumilikdə 19088 manatın 13300 manatı əsas məbləğ təşkil edir. 15 aprel 2021-ci il tarixdə X2, X3 və iddiaçı arasında MAS-2483 saylı “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 iyun 2020-ci il tarixli Lizinq müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 25 avqust 2021-ci il tarixdə X3, X1 və iddiaçı arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 iyun 2020-ci il tarixli Lizinq müqaviləsi üzrə X1 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 31 avqust 2021-ci il tarixdə X1, X5 və iddiaçı arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və 27 iyun 2020-ci il tarixli MAS-2483 saylı Lizinq müqaviləsi üzrə X5 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 20 noyabr 2022-ci il tarixdə X5, cavabdeh və iddiaçı arasında “Öhdəliklərin ötürürülməsi” müqaviləsi bağlamış və Lizinq müqaviləsi üzrə cavabdeh bütün öhdəlikləri öz üzərinə götürərək lizinq obyekti olan Avtomobil onun müvəqqəti istifadə və sahibliyinə verilmişdir. Daxili lizinq müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra olunmadığı üçün cavabdehin 27 iyun 2020-ci il tarixli Lizinq müqaviləsinə əsasən 01 noyabr 2022-ci il tarixə ümumilikdə 2024.84 manat gecikmə borcu yaranmışdır.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdeh iddia ərizəsinə etirazını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

10. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

11. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.

12. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

13. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

14. Maddə 747.1 Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

15. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

16. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

17. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

18. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

19. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsi ləğv edilməlidir.

20. Göründüyü kimi, tərəflərdən birinin təşəbbüsü ilə müqavilənin ləğv edilməsi digər tərəfin onu əhəmiyyətli dərəcədə pozması ilə şərtləndirilmişdir. Lakin həmin pozuntu elə həddə olmalıdır ki: 1) müqaviləni pozan tərəf bununla digər tərəfə zərər vurmuş olsun; 2) bunun nəticəsində digər tərəf (zərər çəkən tərəf) müqavilənin bağlanması zamanı əldə etməyi arzuladığı faydadan (gəlir, bəhər, yaxud digər formada gözləntilərindən) xeyli dərəcədə məhrum olmuş olsun.

21. İşin halları ilə müəyyən edilir ki, tərəflər arasında bağlanmış lizinq müqaviləsilə cavabdeh lizinqə götürdüyü Avtomobilə görə hər ay iddiaçıya 397,67 manat pul ödəməyi öhdəsinə götürmüş, lakin öhdəliyini pozaraq ödənişləri vaxtında ödəməmişdir. Cavabdeh bu hərəkəti ilə iddiaçıya maddi ziyan vurmuşdur. Həmçinin, cavabdeh tərəfindən aylıq lizinq ödənişinin vaxtında ödənilməməsi iddiaçını müqavilə bağlanarkən əldə etməyi arzuladığı faydadan məhrum etmişdir.

22. Həmçinin, müqavilənin ləğv edilməsi qaydasına da iddiaçı tərəfindən əməl edilmiş, bununla bağlı cavabdehə pretenziya göndərilmişdir. Mülki Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər.

23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, müqavilənin ləğv edilməsi tələbini iddiaçı tərəf məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh tərəfə təklif etdiyindən, təklifdə göstərilmiş müddətdə cavabdehdən cavab almadığından, iddiaçı tərəflər arasında bağlanmış müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi həmin hissədə təmin edilməli və lizinq obyekti iddiaçıya qaytarılmalıdır.

24. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi gecikdirilmiş əsas borcun tələb edilməsi hissəsində əsaslıdır.

25. Yuxarıda qeyd olunan maddi hüquq normasında lizinq müqaviləsinin tərəflərinin öhdəlikləri konkret olaraq göstərilmişdir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı lizinq obyektini cavabdehin müvəqqəti sahiblik və istifadəsinə vermişdir. Cavabdeh lizinq obyekti olan Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, lakin müqavilə ilə müəyyən edilmiş lizinq ödənişlərini vaxtında qaytarmaq vəzifəsini pozaraq öhdəliyini tam yerinə yetirməmişdir.

26. Həmçinin, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsinin 4.4.3cü bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizin obyektinin faktiki istifadə edilməsindən asılı olmayaraq, habelə təmir, lizinq obyektinin itirilməsi və ya tam məhv olması dövründə lizinq ödənişləri qrafiki ilə müəyyən edilmiş vaxtda və həcmdə lizinq ödənişlərini ödəmək vəzifəsini daşıyır.

27. İddiaçının verdiyi xx.xx.2022-ci il tarixli Maliyyə arayışında xx.xx.2022-ci il tarixə cavabdehin 1259,81 manat əsas borcunun olması göstərilmişdir.

28. Qeyd olunan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, borclu lizinq müqaviləsi əsasında lizinq obyektini almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə ilə müəyyən edilmiş pul məbləğini qaytarmalı olmasına dair üzərinə öhdəlik götürsə də, müqavilə ilə müəyyən edilmiş lizinq məbləğin tam qaytarmayaraq öhdəliyini pozmuşdur.

29. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcunun tutulması hissəsində qismən təmin edilməlidir.

30. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2023-cü il tarixli, 9/3024 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli lziinq müqaviləsi üzrə cavabdehin iddiaçıya 532,74 manat məbləğində faiz borcu vardır.

31. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

32. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 532,74 manat faiz borcu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

33. Məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən dəbbə pulunun tutulması hissəsində əsaslı olduğundan təmin edilməlidir. Dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır (§ 12). Tərəflər arasında bağlanmış lizinq müqaviləsində cərimənin tutulması (Lizinq müqaviləsinin 14.4-cü bəndinə görə lizinq ödənişlərinin vaxtında ödənilməməsinə görə lizinq alan hər gücikdirilmiş gün üçün ödənilməmiş lizinq ödənişinin 1% miqdarında dəbbə ödəyir) nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Eyni zamanda, iddiaçının əsas borcu 1259,81 manat olduğu halda, tələb edilən cərimə 215,29 manat təşkil edir ki, bu da ağlabatandır.

34. Məhkəmə həmçinin iddianın 40,65 manat məbləğində dövlət rüsumunun, cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə əlavə xərc çəkmişdir. Həmçinin ekspertiza xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

35. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı MMC ilə bağlanmış MAS-2483 saylı xx.xx.2020-ci il tarixli "Daxili lizinq” müqaviləsi ləğv edilsin. Lizinq obyekti olan 2020-ci il buraxılışlı, "Khazar SD" minik markalı, **-PK-*** dövlət qeydiyyat nişanlı, NVAW01HHFME220568 ban nömrəli ağ rəngli avtomobil İddiaçı MMCyə qaytarılsın. xx.xx.2020-ci il tarixli, MAS-2483 saylı "Daxili lizinq” müqaviləsinə görə xx.xx.2022-ci il tarixə 1259,81 manat əsas, 532,74 manat mükafat, 215,29 manat dəbbə pulu olmaqla, cəmi 2007,84 manat məbləğində pul və 40,65 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul cavabdehlər Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar