Məhkəmə qərarları › İş №2(011)-5821/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5821/2024

14.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5821/2024 14.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. İddiaçı hazırda yaşadığı ünvan 1 ünvanında yerləşən mənzili başqa şəxsin adına keçirmək üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etmişdir. Aidiyyəti orqandan iddiaçıya verilən məlumata əsasən sözügedən evin işıq sayğacı üzrə abunə kodunda borc məbləğinin qeydə alınması səbəbindən mənzilin başqa şəxsin adına keçirilməsinin mümkün olmayacağı bildirilmişdir.

2. Azərişıq ASC tərəfindən iddiaçıya təqdim edilmiş xx.xx.2024-cü il tarixli məktuba əsasən bildirilmişdir ki, iddiaçının yaşadığı mənzil üzrə abunə kodunda elektrik təminatından məcburi köçkünlər üçün nəzərdə tutulmuş istehlak limitindən artıq istifadə olunması səbəbilə ümumilikdə 534,55 manat məbləğində borc hesablanmışdır. Qeyd olunan məbləğ xx.xx.2016-cı il tarixdən ödənişi tələb olunmayan borclar qrafaslna salınmışdır. Eləcə də qeyd edilmişdir ki, sözügedən borc abunə kodunda ad dəyişikliyi və ya mənzilin alqı-satqısı zamanı borcun olmaması barədə arayış alınarkən tələb edilir.

İddiaçının tələbi:

3. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 1 ünvanında 534,55 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən iddiaya qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında qeyd etmişdir ki, onun abunə koduna hesablanmış borcun silinməsini istəyir. Həmin borc 2016-cı ildən mövcud olmuşdur, bu borc isə qaçqınlar üçün nəzərdə tutulmuş limitin aşılması nəticəsində yaranmışdır. Kommunal xərclər öz adınadır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

6. Cavabdeh Azərişıq ASC-nin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, borc keçmiş borcdur, cari borc deyildir. Həmin borc hazırda iddiaçıdan tələb edilmir. Ev addan ada dəyişdirildikdə artıq həmin borc problem yaradır. Həmin borc qaçqınlar üçün nəzərdə tutulmuş limitin aşılması nəticəsində yaranmışdır, akt əsasında cərimə olaraq hesablanmamışdır. Artıq iddia müddəti keçdiyindən həmin borc iddiaçıdan da tələb edilə bilmir. Borcun abonent kodundan silinməsinin tək yolu məhkəmə qətnaməsinin olmasıdır.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. AZ-İ 108998 №li Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X3 və X4 arasında nikah ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 22 aprel 2010-cu il tarixdə 138№li akt qeydi aparılmışdır.

8. Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Xətai Rayon Sektoru tərəfindən İddiaçı barədə məlumat. Seriya AA172261 №li Vəsiqəyə əsasən X1 şəhərindən məcburi köçkündür.

9. Xətai rayon 2 saylı MKİS-dən verilmiş xx.xx.2024-cü il tarixli yaşayış yeri barədə arayışa əsasən İddiaçı Bakı şəhəri Xətai rayonu Zığ yolu Oksigen zd. 1-B ünvanında Xocalı şəhərindən məcburi köçkün kimi yaşayır.

10. Abunə hesabından çıxarışa əsasən xx.xx.2016-cı il tarixdə 534,55 manat qaçqın borcun silinməsi qeyd edilmişdir.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublkasının Mülki Məcəlləsi (AR MM): 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 551.1. Əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. 551.2. Aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir: 551.2.1. kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər; 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

12. «İstehlakçıların müdafiəsi haqqında» 19 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikası Qanunu. 13-cü maddənin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaqüçün şərait yaradır. 17-ci maddənin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası NazirlərKabineti tərəfindən təsdiq edilir. Bu qaydalar «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş «Elektrik enerjisindən istifadə qaydaları». 4.1. Enerjitəchizatı müəssisəsi tərəfindən bütün istehlakçılara, o cümlədən məişət abonentlərinə elektrik enerjisinin verilməsi bu Qaydalara uyğun tərtib edilmiş elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 6.1. Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, saxlanılması, ötürülməsi, paylanması, satışı, istehlakı və enerji effektivliyi sahəsində, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərini Tənzimləmə Agentliyi həyata keçirir. 8.1. Dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.

14. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi (AR MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 217.5. Bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

18. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 öz izahatında qeyd etmişdir ki, hazırki borc cari borc deyil və iddiaçıdan tələb edilmir. Borc 2016-cı ildə hətta ondan da əvvəl abonentin qaçqınlar üçün nəzərdə tutulmuş limiti keçməsi nəticəsində yaranmışdır.

19. Eyni zamanda “Elektrik enerjisindən istifadə” Qaydalarının yuxarıda qeyd edilən müddəalarından da göstərilir ki, istehlakçılara elektrik enerjisi verilməsi üçün enerjitəchizatı müəssisəsi, yəni, cavabdeh ilə istehlakçı arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. Yalnız bu müqavilə bağlandıqdan sonra istehlakçılara elektrik enerjisinin verilməsi təmin edilir, abonent müqavilədə qeyd olunmş həddə elektrik enerjisindən istifadə edir və hər iki tərəf müqavilə üzrə üzərlərinə öhdəlik götürürlər.

20. Mülki iş materiallarından da göründüyü kimi iddiaçının ünvanı üzrə abonent koduna hesblanmış borc 2016-cı ilə aiddir. (§9) Hazırki mübahisə istehlakçı münasibətlərindəm irəli gəldiyindən bu işlər üzrə sübutetmə yükü cavabdehin üzərinə düşür. Lakin məhkəmə araşdırması zamanı cavabdeh tərəf iddiaçının abonent kodunda mövcud olan borcla bağlı hər hansı sənəd, hüquqi akt və ya izah verməmişdir. Məhkəmə hesab edir ki, abonentin hesabına yazılmış borcun hansı səbəbdən, iddiaçının təqsirli hərkət və ya hərəktsizliyindən meydana gəldiyi sübuta yetirilmədiyindən abonentin koduna hesablanmış 534,55 manat borc silinməlidir.

21. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********80079 saylı abonent koduna hesablanmış 534,55 manat borcun silinməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilməlidir.

Məhkəmə xərcləri:

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

23. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə və iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 30 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə ödənilməlidir.

24. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********80079 abonent koduna hesablanmış 534,55 (beş yüz otuz dörd manat əlli beş qəpik) manat borcun silinməsi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin.

3. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun.

4. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar