Məhkəmə qərarları › İş №2(011)-5852/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5852/2023

13.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5852/2023 13.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onun oğlu xx.xx.1995-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1995-ci il təvəllüdlü X2 anasıdır. İsmayılov Orxan hal-hazırda xəstədir və 1-i qrup əlildir. O, onun himayəsindədir. Kənar şəxsin daimi ümumi qulluğa ehtiyacı var. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi olmadığından onun adından rəsmi olaraq hər hansı iş görə bilmir. Habelə qəyyumu adından çıxış edə bilmir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında bildirmişdir ki, X4 özü şəxsən baxır. Onun bütün ehtiyaclarının ödənilməsində yardımçı olur. Buna görə də, ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1995-ci il tarixdə anadan olmuşdur, anası Ərizəçi, atası X1r. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli klinik psixiatriya xəstəxanasının həkim psixiatr Komissiyasının rəyinin surətindən görünür ki, X2 ağır kəmağıllılıq, kəskin nəzərə çarpan imbesillik, kobud nitq və davranış pozuntuları ilə kənar şəxslərin himayəsinə ehtiyacı vardır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli 2799 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X3 “ağır dərəcəli əqli gerilik” aşkar olunur. X6 öz psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X2 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. İş materialları və verilmiş “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X9 xx.xx.2023-cü il tarixli 2799 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən, X3 psixi xəstəlik olduğundan və bunun nəticəsində sonuncu öz hərəkətlərini başa düşməyib, özünü idarə edə bilmədiyindən, məhkəmə hesab edir ki, o, Mülki Məcəllənin qeyd olunan normasına əsasən, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Həmçinin, Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X2 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1995-ci il təvəllüdlü Xızı rayonunda anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X2 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar