Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5862/2021 17.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı - Cavabdehndən iddiaçıya vurduqları maddi ziyan və əlavə tutulmalara görə 611,88 manat əlavə tutulmalar, 11 manat əvvəlki dövlət rüsumu, 31 manat hazırki dövlət rüsumu, 150 manat vəkilin xidmətinə ödənilən vəsait, 100 manat məhkəməyədək iddianın hazırlanmasına çəkilən xərc, 1000 manat, cəmi 1 903,88 manat tutularaq mənim xeyrimə ödənilməsinə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən həyət evinin mülkiyyətçisidir. Ailə üzvləri ilə birlikdə bu ünvanda yaşayırıq. Evinin qaz təchizatı ilə təmin olunması barədə X3 ilə 13 noyabr 2010-cu il tarixində “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” bağlamışdır. Bu müqavilə, müqavilənin şərtlərindən asılı olaraq hər il, bir il müddətinə uzadılır və ya müddətsiz bağlanmışdır. 2019-cu ilin 30 oktyabr tarixində cavabdehin nümayəndələri Biləcəri qəsəbəsində qaz sayğaclarına baxış keçirərkən, ona məxsus olan həyətevinin torpaq sahəsinin küçə divarında yerləşən və həyətyanı torpaq sahəsinin küçə hissəsində quraşdırılmış qaz sayğacına baxış keçirərkən, sayğacda bəzi qüsurlar aşkar etmiş və onların iştirakı olmadan akt tərtib edərək çıxıb getmişdilər. Qeyd olunan ******* saylı, 30 oktyabr 2019-cu il tarixli akta əsasən müəyyən olunmuşdur ki, qaz sayğacının klapanı işlək deyilmiş, sayğacın yivli birləşmələri korroziyaya uğrayıbmış. Ona görə də ona, təbii qazın alqı-satqı müqaviləsinin şərtlərini guya pozduğuna görə cavabdeh təşkilatın 4644 kub.metr qazını mənimsəməklə, onlara 3160,7 manat ziyan vurduğuna görə həmin cəriməni ödəməli olduğu bildirilmişdir. Cavabdeh tərəfin nümayəndələri cəriməyə əsas və səbəb olan hər hansı sübut irəli sürə bilməmişlər. Qaz sayğacında hər hansı detalın işlək olub-olmaması onların müdaxiləsi və səlahiyyəti xaricindədir, o heç zaman bu məbləğdə qaz israfına yol verməmiş və cavabdehin bu tələbinin də heç bir hüquqi əsası yoxdur. Digər tərəfdən isə, cavabdehin nümayəndələri tərəfindən qaz sayğacına baxış keçirilən zaman onu orada iştirak etməyə dəvət etməmişdirlər. Cavabdehnə qarşı iddia tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmə irəli sürdüyü dəlilləri araşdıraraq və əlavə sübutlar əldə edərək, iddianın qismən təmin edilməsinə dair 30.03.2021-ci il tarixli, 2(011)-570/2021 saylı qətnamə çıxarmışdır. Qətnaməyə əsasən, ona qanunsuz və əsassız tətbiq edilmiş 3542,30 manat cərimə silinmiş, ödənilən 10 manat dövlət rüsumunun cavabdehdən tutulması müəyyən edilmişdir, vəkilin xidmətlərinə görə ödənilmiş 150 manat isə tutulması müəyyən edilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı qismən olduğundan qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində işin həqiqi halları ilə müəyyən olunmuşdur ki, İddiaçıya Cavabdeh tərəfindən 3679,7 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı dəyişdirilərək yenisi ilə əvəz edilmiş, bu barədə akt tərtib olunmuşdur (15.07.2019-cu il tarixli, ******* saylı “Qaz sayğacının quraşdırılması və istismara qəbulu haqqında akt). Daha sonra qaz sayğacı yoxlanılmış və abonent barədə “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” 30.10.2019-cu il tarixli, ******* saylı akt tərtib edilərək müəyyən edilmişdir ki, iddiaçının istifadəsində olan qaz sayğacının plastmas borusu deşilmişdir. Həmin akt əsasın iddiaçının yaşadığı ünvan üzrə Cavabdeh İB tərəfindən abonentə 464,4 manat məbləğində borc hesablanmışdır. Həmin borca görə abonent tərəfindən smart karta yüklənən puldan 611,88 manat məbləğində pul tutulmuşdur. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 9-cu hissəsində müəyyən edilmişdir ki, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarının müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin akt üzrə hesabladığı cərimə borcu üzrə iddiaçı tərəfindən 611,88 manat məbləğində ödəniş edildiyindən iddia qeyd edilən hissədə təmin edilərək, 611,88 manat məbləğində borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin 150 manat vəkilin xidmətinə ödənilən vəsait, 100 manat məhkəməyədək iddianın hazırlanmasına çəkilən xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə qiymət verərək belə qənaətə gəlir ki, iddiaçı hüquqi xidmətə görə çəkilən xərclərlə bağlı hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən iddia tələbi həmin hissədə də təmin edilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı cavabdehdən onun xeyrinə 1000 manat məbləğində pul vəsaitinin tutulması ilə bağlı iddia tələbini irəli sürsə də, bu tələbi hər hansı bir formada əsaslandırmamış, bununla bağlı məhkəyə dəlil təqdim etməmişdir. Odur ki, iddia bu hissədə də təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin 11 manat əvvəlki dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsini araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-570/2021 nömrəli 30.03.2021-ci il tarixli qətnaməsinə əsasən qeyd edilən rüsumun Cavabdeh İB-dən iddiaçının xeyrinə tutulması qət edildiyindən, iddia bu hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar olan məsrəflərə aiddir. Göstərilən Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin iddianın 31 manat məbləğində dövlət rüsumunun və bank xidmət haqqının cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı tərəfindən qaz sərfiyyatına görə aparılan ödənişlərdən tutulan 611,88 (altı yüz on bir manat səksən səkkiz qəpik) manat, ödənilmiş dövlət rüsumu və bank xidmət haqqına görə 31 (otuz bir) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-5862/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5862/2021
17.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver