Məhkəmə qərarları › İş №2(012)-3209/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-3209/2024

20.08.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-3209/2024 20.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-nin qanunsuz və əsassız olaraq ona yazdığı 10 yanvar 2024-cü il tarix aktın ləğv edilməsi, ona cavabdehin əməkdaşları tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 861 manat cərimə borcunun silinməsi və cavabdeh "xxxx" ASC-nin 2015-ci, 2017-ci, 2019-cu illərdə ona qanunsuz və əsassız olaraq yazdığı aktlar əsasında işığını kəsərək məcburi qaydada ona ödətdirdikləri 4000 manat pulun cavabdehdən tutularaq ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli akta görə ona hesablanmış borcdan qalıq qalmış 430,74 manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, o, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır və ona məxsus elektrik enerji abunə kodu **********01301-dir. Metodik hesablama ilə onun barəsində 10 yanvar 2024-cü il tarixində akt tərtib edilmiş və ona 861 manat borc yazılmışdır. Hesab edir ki, burada yanlışlıq olmuşdur, belə ki, onun həmin evdə oktyabr, noyabr, dekabr ayları və yanvar ayının ilk 10 günü daxil olmaqla 3 ay 10 gün ərzində 861 manat elektrik enerjisindən istifadə etməsi qeyri-mümkündür. Həmin evin istilik sistemi kombi olub qaz ilə işləyir, bundan başqa onun yüksək sərfiyyata yol verən avadanlığı yoxdur. Bu səbəbdən o, məhkəməyə müraciət edərək, həmin məsələyə qanunvericiliyə müvafiq olaraq baxılmasını və qanunsuz olaraq yazılmış aktın ləğv edilərək, 861 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Belə ki, 10 yanvar 2024-cü il tarixində tərtib edilmiş akta görə 1 saatda istifadə edilən sərfiyyat guya 3,5 kvaat/saatdır. Bu günlük sərfiyyatın 24x3,5 olmaqla guya 84 kvaat/saat, aylıq isə 2520 kvaat/saat olduğunu göstərir. Belə bir istifadə faktiki olaraq qeyri-mümkündür. Bundan başqa o, 2023-cü ilin sentyabr ayında Abşeron rayon İşıq İdarəsinə müraciət edərək sayğacının xarab olduğunu və işləmədiyini bildirmiş, sayğaca baxış keçirilməsini xahiş etmişdir. İşıq İdarəsinin əməkdaşları xx.xx.2023-cü ildə gələrək onun iştirakı ilə akt tərtib etmiş və bildirmişdirlər ki, qısa zamanda gəlib yeni sayğac qoyulacaqdır. Buna baxmayaraq 10 yanvar 2024-cü ildə onun iştirakı olmadan gəlib yuxarıda qeyd etdiyi qanunsuz aktı yazmış və onu 861 manat cərimə etmişdirlər. Bundan sonra 20 yanvar 2024-cü il tarixində gətirib sayğac quraşdırmışdırlar. Hazırda həmin sayğac işləyir, lakin hesab edir ki, o da çox yazır, bununla birlikdə keçən 1 ay 20 gün üçün 570 kvaat/saat sərfiyyat yazmışdır. Göründüyü kimi onun 3 ay 10 gün ərzində 2520 kvaat/saat istifadə etməsi qeyri-mümkündür. Bundan başqa o, qeyd edilən ünvanda yaşadığı halda bu akt tərtib edilərkən ona heç bir məlumat verilməmiş, onun iştirakı təmin olunmamışdır. Bu da qanun pozuntusudur. Hətta sayğac evin daxilində deyil, çöldə darvazanın da çölündə, evimdən 60-70 metr uzaqlıqda yerləşir. Ona İşıq İdarəsi tərəfindən külli miqdarda, yəni 861 manat borc yazılması barədə 21 fevral 2024-cü il tarixdə SMS gələndən sonra xəbərdar olmuşdur. Məsələ ilə bağlı Abşeron İşıq İdarəsinə müraciət etmiş, idarədə ona 10 yanvar 2024-cü il tarixində Baş İdarənin Nəzarət Şöbəsindən gəlib akt yazdıqlarını bildirmişdirlər, halbuki həmin aktın mövcudluğundan onların xəbəri olmamışdır. Qeyd etdilər ki, onların xx.xx.2023-cü il tarixli aktı olduğu halda belə bir aktın yazılması qanun pozuntusudur və bu barədə Baş İdarənin Nəzarət Şöbəsinin rəisinə müraciət etməsini tövsiyyə etmişdirlər. O da Baş İdarənin Nəzarət Şöbəsinin rəisinin yanına gedib müraciət etmiş, lakin rəis çox sərt bir şəkildə həmin pulu ödəməsini tələb etmişdir. Bütün bunlardan göründüyü kimi 10 yanvar 2024-cü il tarixində yazılmış akt və 861 manat borc tamamilə qanunsuzdur. Belə ki, "xxxx" İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 037414 nömrəli aktda onun iştirakı olmadığı göstərilmişdir, baxış, həqiqətən də onun iştirakı olmadan keçirilmişdir. Bildirir ki, o, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etdikdən sonra cavabdeh "xxxx" İB tərəfindən ona hesablanmış 861,28 manat borcun müəyyən bir hissəsi silinmişdir və hazırda onun 430,74 manat məbləğində qalıq borcu vardır. Qeyd olunanlara əsasən o, iddianın tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh şirkətin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan 10 yanvar 2024-cü il tarixli, NDM 037414 saylı aktdan görünür ki, EEİQ-yə uyğun olaraq İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evə məxsus elektrik sayğacına baxış keçirən zaman sayğacın impuls lampasının döyünmədiyi, sayğacın xətdən axan yükü hiss etmədiyi məlum olmuş və sayğacın yeni sayğac ilə əvəz edilməsi tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialı tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 3-15-2-3/2-A- 1608-5-342/2024 saylı cavab məktubundan görünür ki, müraciət əsasında "xxxx" ASC-nin Abşeron RETSİ-nin nümayəndələri tərəfindən fərdi yaşayış evinin hasarının çöl tərəfində quraşdırılmış sayğaca baxış keçirilmiş, sayğacın istismar müddətinin başa çatması və yenisi ilə əvəz edilməsi barədə xx.xx.2023-cü il tarixli xidməti məlumat yazılmışdır. Lakin sayğac yenisi ilə əvəz edilməmiş, RETSİ-nin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində sayğaca yenidən baxış keçirilmiş və sayğacın işləməməsi barədə R 316692 nömrəli akt tərtib edilmişdir. Bundan sonra da sayğac yenisi ilə əvəz edilməmiş, xx.xx.2024-cü il tarixdə sayğacın axan yükü qeyd etməməsi və daxili qüsur səbəbindən işləməməsi barədə NDM 037414 nömrəli akt tərtib edilmiş və sayğacın İaboratoriya şəraitində yoxlanılması tələbi qoyulmuşdur. Tərtib edilmiş akta əsasən 120 günlük yenidən hesablaşma aparılaraq abonent hesabınıza dəyəri 861,28 manat olmaqla 7056 kVts sərfiyyat daxil edilmiş və həmin məbləğin ödənişi tələb edilmişdir. Yenidən hesablaşma zamanı bütün məlumatların olmasına baxmayaraq sayğacın "xxxx" ASC tərəfindən 8 ay ərzində yenisi ilə əvəz edilməməsi nəzərə alınmamış və bu hal haqlı narazılığa səbəb olmuşdur. xx.xx.2024-cü il tarixində sayğac yenisi ilə əvəz edilmiş, çıxarılan sayğac yoxlanılması üçün "xxxx" ASC-nin laboratoriyasına göndərilmişdir. Elektrik sayğacı laboratoriya şəraitində yoxlanılmış, sayğacın möhürlərinə müdaxilə edilmədiyi, daxili qüsur səbəbindən işləmədiyi barədə rəy verilmişdir. Bundan əlavə qeyd edilir ki, "xxxx" ASC-nin cavab məktublarında aktın hesabatına Müştəri xidmətləri idarəsinin komissiyasında yenidən baxılaraq 430,54 manat borc məbləğinin silindiyi, "xxxx" ASC-nin fəaliyyəti dövrünə qədər yaranmış 92 manat borc məbləğinin isə ödənişləri tələb olunmayan borclar qrafasına daxil edildiyi bildirilmişdir. Hal-hazırda İddiaçı elektrik enerjisinin sərfiyyatına görə borcu 414,39 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli abunə haqqında cədvəldən görünür ki, abonent kodu **********01301 olan sayğac üzrə 10 yanvar 2024-cü il tarixli, NDM 037414 saylı akt əsasında hesablanmış 861,28 manat cərimə borcunun 430,54 manat məbləğində hissəsi xx.xx.2024-cü il tarixdə silinmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, 10 yanvar 2024-cü il tarixli, NDM 037414 saylı aktından göründüyü kimi EEİQ-yə uyğun olaraq İddiaçı yaşadığı Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi evə məxsus elektrik sayğacına baxış keçirən zaman sayğacın impuls lampasının döyünmədiyi, sayğacın xətdən axan yükü hiss etmədiyi məlum olmuş, sözügedən akt əsasında "xxxx" ASC tərəfindən İddiaçı adına olan **********01301 abunə koduna 861,28 manat cərimə borcu yazılmış, lakin çıxarılan sayğac laboratoriya şəraitində yoxlanılan zaman sayğacın möhürlərinə müdaxilə edilmədiyi, daxili qüsur səbəbindən işləmədiyi aşkar olunmuşdur. Həmçinin məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, abonent kodu **********01301 olan fərdi yaşayış evindəki sayğac, fərdi yaşayış evinin daxilində yox, xaricində yerləşmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Sumqayıt Filialı tərəfindən verilmiş 02 may 2024-cü il tarixli, 3-15-2-3/2-A-1608-5- 342/2024 saylı cavab məktubundan görünür ki, 861,28 manat borcun 430,54 manat məbləğində hissəsi silinmişdir. Cavabdeh təşkilatın nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş və etiraz ərizəsini göndərməmiş, İddiaçı adına olan **********01301 abunə koduna 861,28 manat cərimə borcunun yazılması, bundan əlavə sözügedən borcdan qalıq qalmış 430,74 manat cərimə borcunun silinməməsi ilə bağlı naməlum səbəbə "xxxx" ASC tərəfindən heç bir aydınlıq gətirilməmişdir. Belə ki, Azərbaycan Respublikasınını Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.10-cu bəndinə əsasən yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki istismarda olan hesablaşma elektrik sayğacları enerji təchizatı müəssisəsinin vəsaiti hesabına çıxarılaraq, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında quraşdırılmalıdır. Yeni yaşayış evlərində və yaşayış binalarında məişət abonentlərinin elektrik sayğacları yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının mənzillərinin girişində, yaxud həmin mənzillərin pilləkən meydançalarında kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinətinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” 2 fevral 2005-ci il tarixli, 18 saylı qərarının 7.11-ci bəndinə əsasən yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Həmin qaydaların 7.11-ci bəndinə əsasən mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və onun işçi vəziyyətdə saxlanılmasına görə mənzil (xüsusi yaşayış evinin) kirayəçisi və ya mülkiyyətçisi cavabdehlik daşıyır. Həmin qaydaların 7.12-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsi, müstəqil enerji istehsalçısı, enerjitəchizatı müəssisəsi və istehlakçı öz elektrik qurğularında “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun olaraq texniki nəzarət uçot cihazlarını quraşdırır və istismar edir. Məhkəmə yuxarıda qeyd olunan faktiki hallara və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarına əsaslanaraq hesab edir ki, sayğacın işlək vəziyyətdə saxlanılmasına "xxxx" ASC məsuliyyət daşıdığından abonent kodu **********01301 olan sayğac üzrə hesablanmış 861,28 manat cərimə borcundan qalıq qalmış 430,74 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. "xxxx" ASC tərəfindən abonent kodu **********01301 olan sayğac üzrə 10 yanvar 2024-cü il tarixli, NDM 037414 saylı akta əsasən qanunsuz hesablanmış 430,74 manat məbləğində borc silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar