Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-5896/2021 09.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, “X1 Kompleksi” MMC-nin iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, müəyyən etdi: “X1 Kompleksi” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borca görə 1723 manat, hesablanmış cərimə borcuna görə 344 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla cəmi 2097 manat pulun Cavabdeh tutularaq “X1 Kompleksi” MMCyə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, mülki iş üzrə cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs, cavabdeh isə sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxsdir, iddia tələbi tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliklərin icrası ilə bağlı yaranmış mübahisə ilə əlaqədardır, müqavilənin 8.1-8.2-ci bəndlərinə uyğun olaraq tərəflər, bu müqavilədən irəli gələn bütün mübahisəli məsələləri danışıq yolu ilə həll etməyi, mübahisənin həlli yolları barədə iddialı tərəf qarşı tərəfə özünün yazılı təklifini göndərməyi, 10 təqvim günü müddətində danışıqlar apararaq mübahisənin qarşılıqlı razılıq əsasında həll etməyi öhdəsinə götürmüş, razılıq əldə edilmədikdə isə mübahisələrə Azərbaycan Respublikasının müvafiq məhkəmələrində baxılması barədə razılığa gəlmişlər. Lakin, iddiaçı “X1 Kompleksi” MMC tərəfindən Cavabdeh ünvanlanmış 01.07.2021-ci il tarixli pretenziya qaydasında borcun qaytarılmasına dair xəbərdarlıq məktubu cavabdehə lazımı qaydada çatdırılmamışdır. Belə ki, iddiaçının qeydiyyat ünvanı ünvan 1q, iddiaçı tərəfindən cavabdehə yazılmış pretenziya məktubunda və pretenziya məktubunun göndərildiyi qəbzdən görünür ki, həmin məktub İmişli rayonu, Məhəmmədli kəndi ünvanına göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehlə müqavilə ilə nəzərdə tutulmuş mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət etmədiyindən iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarılmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, tərəflər vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti göstərən şəxs olduqlarından və mübahisə onlar arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, sahibkarlıq fəaliyyətindən irəli gəldiyindən, kommersiya xarakterlidir. Belə olan halda məhkəmə hesab edir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrar məhkəməyə müraciət edildiyi zaman mübahisənin kommersiya məhkəməsinə aidiyyəti nəzərə alınmaldır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydasında nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Qərarına əsasən, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Beləliklə, məhkəmə hesab edir ki, iş materiallarında cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına lazımi qaydada əməl edilmədiyindən və iddia ərizəsinə mübahisənin məhkəməyə qədər nizama salınması qaydasına riayət edilməsi barədə sənəd əlavə edilmədiyindən iddia ərizəsinin icraata qəbul olunaraq baxılması da mümkün deyildir və buna görə də ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bununla belə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: “X1 Kompleksi” MMC-nin pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5896/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-5896/2021
09.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver