Məhkəmə qərarları › İş №2(011)-5908/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5908/2022

25.11.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5908/2022 25.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 1036,80 manat məbləğində borcun silinməsi barədə Cavabdeh tərəfindən silinməsi barıdı qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə B.V.Volçok yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə özünü, yəni iddiaçını əsl İddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə İddiaçı yazılı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə X1 əvəzinə onun əsl iddiaçı kimi əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ev 82 ünvanında yerləşən 5 saylı mənzil 2021-ci ilin aprel ayından alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsusdur, bu barədə iddiaçıya elektron çıxarış da verilmişdir, evdə yaşadığı müddətdə qazdan qanunauyğun istifadə etmiş, kifayət qədər qaz istifadəsinə görə vəsait ödəmişdir, heç bir problemlə qarşılaşmamışdır, lakin sonra bir müddət öncə - 2022-ci ilin yay aylarında cavabdehin əməkdaşları evdə qeyri-qanuni, yəni sayğaca müdaxilə edilməsini bəhanə edərək, həmin evə cərimə yazmışdırlar, ona məlumat vermişdirlər ki, sayğacda problem vardır, belə ki qaz sayğacı zədələnmişdir, buna görə də əlavə sərfiyyat kimi 1036 manat borc ödənilməlidir, sübut kimi iddiaçıya yalnız abonent saldosu və aktın surəti verilmişdir, saldodan da görünür ki, 2022-ci ilin iyun ayına 1036 manat bprc yazılmışdır, halbuki evdə kənar xətt yoxdur və qaz sayğacına da nə iddiaçı, nə də onun ailəsi tərəfindən heç bir ziyan vurmamışdır, bugünədək mənzildə qazla bağlı bir problem olmamışdır, bir əsas olmadan ünvana bu məbləğdə borc yazılmışdır. Sonda iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçıya məxsus evdə yerləşən sayğac Cavabdeh İB-in əməkdaşları tərəfindən 2022-ci ildə yenisi ilə əvəz edilmişdir, çıxarılan baxış keçirilən zaman qüsur aşkar olunmuş, onun zədələndiyi məlum olmuşdur, bu barədə 2022-ci ilin iyun ayında akt tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin akt əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndələrinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Daşınmaz əmlakın təsvirinə dair dövlət reyestrindən xx.xx.2021-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin ümumi sahəsi 51.0 kv.m-dir, hüquq sahibinin adı ta payla Volçok Belladır. İş materiallarında olan X3 və İddiaçı arasında bağlanmış 01 aprel 2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ev 82 ünvanında yerləşən ümumi sahəsi 51 kv/m olan mənzili tam mülkiyyət üzrə alıcı İddiaçı satmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş elektron çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanında yerləşən sahəsi 51 kv.m olan mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına xx.xx.2021-ci ildə qeydiyyata alınmışdır. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı üzrə qaz sayğacı yenisi ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ünvan 1 ünvanı üzrə **********00050 saylı abonent koduna “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plomb kəsilib” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 iyun 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” Tələbnamənin surətindən görünür ki, 30 iyun 2022-ci il tarixli ******* saylı akt üzrə itirilmiş qazın bərpasına görə ünvan 1 ünvanı üzrə **********00050 saylı abonent koduna 8640 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 17 noyabr 2022-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, ünvan 1 ünvanı üzrə **********00050 saylı abonent koduna “Qalıq və aktlar” əsasında 06/2022-ci il tarixdə 1036,80 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, B.V.Volçok və İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Zərgərpalan küçəsi ev 82 ünvanında yerləşən sahəsi 51 kv.m olan 5 saylı mənzil xx.xx.2021-ci il tarixdən sonuncunun adına tam paylı mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmışdır və hazırda da ona məxsusdur, həmin evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, əvəzləşdirilmiş sayğaca baxış keçirilmiş və “sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombunun kəsilməsi” barədə nöqsan qeyd olunmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30 iyun 2022-ci il tarixli ******* saylı akt tərtib edilmişdir, akta əsasən 06/2022-ci il tarixə ünvan 1 ünvanı üzrə **********00050 saylı abonent hesabına 1036,80 manat borc yazılmış, həmin ünvan üzrə istehlakçı kimi Volçok Bellanın adı qeyd edilmişdir, hazırda ünvan üzrə hesablanmış məbləğ İddiaçı tələb edilir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə ünvan üzrə B.Volçoka məxsus qaz sayğacının olmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə, iddia tələbinə münasibətdə hesab edir ki, B.V.Volçok, Yasamal rayonu, Zərgərpalan küçəsi ev 82 ünvanında yerləşən ona məxsus ümumi sahəsi 51 kv.m mənzili 01 aprel 2021-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında iddiaçıya satdığından, xx.xx.2022-ci il tarixdə tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktda İddiaçı deyil, əvvəlki mülkiyyətçi B.Volçokun adı qeyd edildiyindən, habelə həmin ünvan üzrə B.Volçoka məxsus hər hansı bir qaz sayğacının olması məhkəmə tərəfindən müəyyən olunmadığından, iddiaçı, ona məxsus ünvan üzrə əsassız olaraq hesablanmış 1036,80 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən ünvan 1 ünvanı üzrə **********00050 saylı abonent koduna itirilmiş qazın bərpası məqsədilə yazılmış 1036,80 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox (1036,80 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 30,36 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanı üzrə **********00050 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1036 (min otuz altı) manat 80 (səksən) qəpik borc silinsin. Cavabdehndən 30 (otuz) manat 36 (otuz altı) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar