Məhkəmə qərarları › İş №2(011)-5913/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5913/2022

19.12.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5913/2022 19.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası” nın nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Xətai Rayonu İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası” maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 01 oktyabr 2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlunun fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, 1997-ci ildə Vəkilov Vüqar Məhəmməd oğlu ilə rəsmi nikaha daxil olmuşdur, birgə nikahdan xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlu adlı övladları dünyaya gəlmişdir, oğlu anadangəlmə autizm xəstəsidir, o fiziki cəhətdən normal, sağlam görünsə də özünü idarə edə bilmir, daima kənar şəxsin nəzarətində yaşamalıdır, o 1-ci qrup əlildir, kənar şəxsin daimi nəzarətinə və şəxsi qulluğuna ehtiyacı vardır, uşaq xəstədir, bu barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında da müayinə olmuşdur, məktəbə getmir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi E.M.Əhmədov ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin müvafiq rəyinin əsas götürülməsini xahiş etdi. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan AA0520155 saylı şəxsiyyət vəsiqəsinin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Vəkilov Fərid Vüqar oğlu xx.xx.2003-cü ildə anadan olmuşdur, doğum yeri Azərbaycandır. İş materiallarında olan AZ-İ seriyalı 431873 saylı doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Vəkilov Fərid Vüqar oğlu xx.xx.2003-cü il tarixində Bakı şəhəri, Xətai rayonunda anadan olmuşdur, onun anası Ərizəçi, atası Vəkilov Vüqar Məhəmməd oğludur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsinə dair məlumatdan görünür ki, Vəkilov Fərid Vüqar oğluna İ dərəcəli əlillik verilmişdir, qiymətləndirilmə tarixi xx.xx.2021-ci il tarixidir, ona orta kəmağıllılıq imbesillik kobud nitq və davranış pozuntuları ilə autizm əlamətləri ilə diaqnozu qoyulmuşdur, şəxs əmək qabiliyyətsizdir, daim kənar şəxsin qulluğuna ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Vunq-Tau küçəsi ev 23, mənzil 38-də qeydiyyatda olan digər şəxslər Vəkilov Məhəmməd Vüqar oğlu, Ərizəçi, Vəkilov Fərid Vüqar oğlu və X3r. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının xx.xx.2022-ci il tarixli 2894 saylı rəyinə əsasən, xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlu hal-hazırda ağır dərəcəli əqli gerilik imbesillik dərəcəsində aşkar olunur, xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlu öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında deyil, onun öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması üçün əsaslar vardır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan, xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlunun anasıdır, F.Vəkilovda imbesillik dərəcəsində ağır dərəcəli əqli gerilik aşkar olunur, İ qrup əlildir, o, psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını başa düşmək, özünü idarə etmək və öz hərəkətlərinin mənasını dərk etmək iqtidarında deyil. Bununla belə, xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən,şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlu fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.2003-cü il təvəllüdlü Vəkilov Fərid Vüqar oğlunun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar