Məhkəmə qərarları › İş №2(011)-5914/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5914/2021

10.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5914/2021 10.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Nikon” markalı fotoaparat üçün 1100 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 1210 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Nikon” markalı fotoaparat almış və nəticədə 1210 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqısatqı qiyməti 2478 manat (9 ay x 275 manat + 3 manat ilkin ödəniş) olan “Nikon” markalı fotoaparat üçün ümumilikdə, 1210 manat olmaqla ondan 1100 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 110 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1378 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 19.10.2019cu il tarixdə 00992544 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən "xxxx" MMC “Nikon” markalı fotoaparatı müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan 19.10.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, “Nikon” markalı fotoaparat Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair 23.01.2021(1)-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 02.06.2021-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 19.10.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 1100 manat, cərimə borcu 110 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1210 manat təşkil edir. İş materiallarında olan 16.06.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında “Nikon” markalı fotoaparata dair 19.10.2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, müqaviləyə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyanı alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu 19.10.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 1100 manat, cərimə borcu 110 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 1210 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Nikon” markalı fotoaparat üçün 1100 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 1210 manat borc Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, ödənilmiş dövlət rüsumuna münasibətdə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Tərəflər arasında bağlanmış 19.10.2019-cu il tarixli müqaviləsinə əsasən, “Nikon” markalı fotoaparat üçün 1100 manat ödənilməmiş hissə, 110 manat cərimə, ümumilikdə 1210 (min iki yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar