Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5921/2021 25.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı ünvan 1 ünvanına gediş-gəliş piyada yolunda cavabdehin qanunsuz olaraq çəkdiyi dəmir hasarın sökülməsi və həmin yolda tikinti işi aparmasınının ona qadağan olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, hazırda ünvan 1 ünvanında 1997-ci ildən ailəsi ilə birikdə yaşayır, binanın qarşısına çıxmaq üçün 3 metr enində yol vardır, o və qardaşının ailəsi 24 ildir ki, bu yoldan istifadə etmişdir, bu müddət ərzində kimləsə mübahisəsi olmamışdır, cavabdeh onunla qonşuluqda yaşayır, ondan və digər qonşulardan icazə almadan 27.06.2021-ci il tarixdə günorta saatlarında həmin yolu kəsərək otaq tikmək məqsədi ilə mişar daşı tökmüş, dəmir hasara almışdır, cavabdehin yolu kəsməsi nəticəsində o və mərhum qardaşının ailəsi həmin yoldan istifadə edə bilmir, bu barədə akt tərtib edilmiş və qonşular tərəfindən imzalanmışdır, cavabdehin özbaşınalığına etiraz etdikdə özü və atası iddiaçını, habelə ailəsini təhqir etmiş, bu səbəblə də 2 dəfə 37-ci Polis Bölməsinə şikayət ərizəsi ilə müraciət etmişdir, hazırda 8 nəfər ailə üzvü olmaqla yoldan istifadə etməkdən məhrum olunmuşdur, bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə 4 dəfə zəng etmişdir, polis orqanından yol ilə əlaqədar mübahisə mülki xarakterli olduğundan cavabdeh barəsində tədbir görülə bilmədiyini bildirmişlər, nəticədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır, giriş-çıxış yoluna cavabdeh tərəfindən gətirilmiş daşlar o məhkəməyə müraciət etdiyi dövrdə cavabdeh tərəfindən götürülmüşdür, həmin yolun genişləndirilməsini özü, yanında əşyalar və bir neçə adamla eyni anda yan-yana ordan keçə bilmək məqsədilə istəyir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, iddia tələbi əsassızdlr, belə ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi Bakı şəhəri Xətai rayon, Əhmədli Bələdiyyəsi tərəfindən torpaq sahəsi icarəyə verilməsi haqqında müqavilə ilə 2005-ci il tarixdən 50 il müddətinə atası Əliyev İbrahim Büşrah oğluna icarəyə verilmişdir, müqavilə müddəti bitmədiyindən mübahiəsələndirilən yolun yerləşdiyi torpaq sahəsi hazırda da onun atasına məxsusdur, həmçinin 26.12.2006-cı il tarixli qərardan göründüyü kimi həmin sahə fərdi ev tikintisi məqsədilə atasının adına sənədləşdirilmişdir, o yol kəsməmiş, otaq tikməmişdir, iddiaçının yaşadığı ünvanın 2 tərəfə yolu vardır və hər iki tərəfli yolu hal-hazırda tam sərbəst istifadə edir, iddiaçı yaşayış binasına paralel digər yola çıxmaq üçün atasından təmənnasız ayaq cığırı istəmişlər, atası isə mərhəmət göstərərk özünün istifadəsində olan sənədli torpağından onlara yol vermişdir, beləliklə iddiaçının 2-ci yolu yaranmışdır, onun hazırki məqsədi həmin cığırı maşın yolu etmək, daha da genişləndirməkdir, polis bölmələrinə də bu məqsədlə zəng etmiş, onlar da məsələni bilməyərək ona məhkəməyə müraciət etməsini bildirmişdirlər, həmçinin həmin topaq sahəsi atasına məxsusdur, əgər iddiaçı iddia tələbini hər hansı sübutla təsdiq edə bilərdisə, bu zaman onun özünü yox atasını cavabdeh kimi qoymalı idi. Sonda Cavabdeh iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan torpaq sahəsi icarəyə verilməsi haqqında Əliyev İbrahim Büşrah oğlu və Əhmədli bələdiyyəsi arasında bağlanmış 16.04.2005-ci il tarixli 022 nömrəli müqaviləyə əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 150 kv.m olan torpaq sahəsi yaşıllıq və abadlıq məqsədilə uzunmüddətli istifadəsi üçün icarəçiyə verilmişdir, icarə müqaviləsi 50 il müddətinə bağlanmışdır. İş materiallarında olan Xətai rayonu Əhmədli Bələdiyyəsinin 18.12.2006-cı il tarixində keçirilmiş yığıncağının 12 saylı protokolundan çıxarışdan görünür ki, Əliyev İbrahim Buşrah oğluna uzun müddət istifadəsində olan, abadlaşdırdığı, hasarın içində Əhmədli yolu küçəsində yerləşən 130 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsinə razılıq verilmişdir. İş materiallarında olan Xətai rayonu Əhmədli Bələdiyyəsinin 26 dekabr 2006-cı il tarixli 84 nömrəli fərdi ev tikintisi məqsədi ilə ev torpaq sahəsinin ayrılması haqqında qərardan çıxarışdan görünür ki, Əliyev İbrahim Buşrah oğluna Əhmədli yolu küçəsində yerləşən 130 kv.m torpaq sahəsini alqı-satqı yolu ilə onun adına sənədləşdirilməsi qərara alınmışdır. İş materiallarında olan torpaqların alqı-satqısına dair aktdan görünür ki, Əliyev İbrahim Büşrah oğlu torpaq sahəsi almaq barədə bələdiyyə orqanına müraciət etmişdir, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Əhmədli yolu ərazisində yerləşən 130 kv.m torpaq sahəsinin satılması barədə 18.12.2006-cı il tarixli 12 saylı qərar qəbul edilmişdir, Əliyev İbrahim Büşrah oğlu əvvəlcədən Kapital Bank 1 saylı filialına 1300 manat haqq ödəmişdir. İş materiallarında olan 693427 saylı kassa mədaxil orderindən görünür ki, Əliyev İbrahim Buşrah oğlu tərəfindən alqı-satqı üçün Əhmədli Bələdiyyəsinə 1300 manat ödənilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən AA seriyalı, 244075 nömrəli məcburi köçkün vəsiqəsi verilmişdir. Məhkəmə tərəfindən 24.08.2021-ci il tarixdə tərəflərin iştirakı keçirilmiş yerli baxış zamanı müəyyən olunmuşdur ki, mübahisəli mənzillər yan-yana yerləşir, həmin mənzillərin qarşısındakı torpaq sahələri hasarlanmışdır, həmin sahələrdən ayrı-ayrılıqda əsas yola maneəsiz geniş keçid vardır, bundan əlavə olaraq iddiaçı cavabdehin hasara aldığı sahədən də piyada keçid yolu kimi sərbəst istifadə edir, bu yolun eni 1.15 metrdir, həmçinin bu əlavə keçid yolunda iddiaçı tərəfindən qapı quraşdırılmışdır, mübahisələndirilən yol cavabdeh tərəfindən daş tökülməklə bağlansa da, sonradan yenidən bərpa edilmişdir, hazırda ərazidə tikinti işi aparılmır, yoldan keçməkdə hər hansı maneə yoxdur. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, tərəflər məcburi köçkün kimi mübahisəli ünvanda məskunlaşmışlar, mənzillər yan-yana yerləşir, həmin mənzillərin qarşısındakı torpaq sahələri hasarlanmışdır, həmin sahələrdən ayrı-ayrılıqda əsas yola maneəsiz geniş keçid vardır, bundan əlavə olaraq iddiaçı cavabdehin hasara aldığı sahədən də piyada keçid yolu kimi sərbəst istifadə edir, əlavə keçid yolunda iddiaçı tərəfindən qapı quraşdırılmışdır, mübahisələndirilən sahə cavabdeh tərəfindən daş tökülməklə bağlansa da, sonradan yenidən bərpa edilmişdir, qeyd edilənlər işin mübahisəsiz hallarıdır, mübahisə, əlavə keçid yolunun genişləndirilməsi barədədir. Bununla belə, iddiaçının əlavə keçid yolundan istifadədə hər hansı bir maneəyə dair hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddiaçının dəlillərinə münasibətdə hesab edir ki, iddiaçının əsas yola maneəsiz giriş-çıxışı olduğundan və mübahisələndirilən yoldan əlavə piyada keçid vasitəsi kimi istifadə edildiyindən, həmçinin həmin piyada keçid sərbəst hərəkət məqsədilə maneəsiz olduğundan iddia tələbi əsaslı deyildir və buna görə də təmin oluna bilməz. Məhkəmə, həmçinin hesab edir ki, mübahisələndirilən keçiddən istifadəyə yaranmış maneələr cavabdeh tərəfindən aradan qaldırıldığından da iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinin İİİ hissəsinə görə hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özünün sahibliklə əlaqədar olmayan pozulmuş hüquqlarının bərpa olunmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.3-cü maddəsinə əsasən müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi hüquqdan sui-istifadədir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “onun yaşadığı ünvan 1 ünvanına gediş-gəliş piyada yolunda cavabdehin qanunsuz olaraq çəkdiyi dəmir hasarın sökülməsi və həmin yolda tikinti işi aparmasının ona qadağan olunması” barədə iddia tələbi rədd edilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “onun yaşadığı ünvan 1 ünvanına gediş-gəliş piyada yolunda cavabdehin qanunsuz olaraq çəkdiyi dəmir hasarın sökülməsi və həmin yolda tikinti işi aparmasınının ona qadağan olunması” barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-5921/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5921/2021
25.08.2021 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver