Məhkəmə qərarları › İş №2(011)-595/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-595/2025

24.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-595/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı Əziz oğlunun iştirakı ilə, İddiaçı Əziz oğlunun Cavabdehnə qarşı “borcun silinməsi və pulun geri qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən əsassız tərtib edimiş aktlar əsasında hesablanmış 6.234,09 manat məbləğin abonentin hesab kodundan silinməsi və əsassız borca görə tutulmuş 54 manat məbləğin abonentə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır və faktiki olaraq ünvan 2 ünvanında qeydiyyatsız yaşayır. xx.xx.2011-ci ildə Cavabdeh İB tərəfindən ünvan 2 ünvanına abonentin iştirakı ilə küçədə Smart G-4 İtron Diafraqma tipli, 1102AQ**********0 nömrəli sayğac quraşdırılmış, plomb vurulmuş, həmin ünvana **********20000 nömrəli kod verilmiş, lakin "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş və abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. xx.xx.2020-ci il tarixdə abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış sayğaca baxış keçirərkən guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-şəkil çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, 11880 m³ itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri - Samir Cəfərzadə və Samir Nuriyev tərəfindən ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. ******* nömrəli akta əlavə olunmuş foto-şəkildəki Smart G-4 İtron Diafraqma tipli, 1102AQ**********0 nömrəli sayğac iddiaçıya məxsus olsa da, kənar xətt ona aid deyildir. Cavabdeh İB sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə olunduğunu aşkar etdikdən sonra kənar xətti ləğv etməlidir. Cavabdeh "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 nömrəli qərarını nəzərə almamışdır. Həmin qərarın 6.5-ci bəndinə görə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Bakı Regional Qazın Satışı Departament tərəfindən tərtib olunmuş 30 yanvar 2020-ci il tarixli, "X1"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 1.188 manat borc hesablanmışdır. Birliyin əməkdaşları tərəfindən çəkilmiş fotoşəkil etibarlı sübut kimi qəbul edilə bilməz, çünki təkrarlanmış fotoşəkillərdir və fotoşəkillərin hansı tarixlərə və hansı aktlara aid olması müəyyən edilməmişdir. Bundan əlavə sayğacdan kənar aşkar edilmiş qaz xəttinin hansı istiqamətə getməsinə və hansı həyətə daxil olmasına dair foto-şəkillər çəkilməmişdir. Aşkar edilmiş kənar xətt abonentə aid deyil, kənat xətt Allahverdi Teyyub oğlu adlı qonşuya aid olmuşdur. xx.xx.2020-ci ildə, yəni 1 aydan sonra Cavabdeh İB-nin əməkdaşları abonentin iştirakı olmadan, yenidən ünvan 2 ünvanında, küçədəki qaz xəttinə baxış keçirmiş və özləri tərəfindən ləğv edilmiş kənar xətti aşkar etmiş, eyni mövqedən foto-video çəkilmişdir. Sayğacdan kənar qaz xətti ləğv edimiş, 2952 m³ itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Əbilov Eldəniz və Quliyev Anar tərəfindən ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə yenə də qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 28 fevral 2020-ci il tarixli, "X1"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 295.20 manat borc hesablanmışdır. xx.xx.2022-ci ildə, yenə də abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış sayğaca baxış keçirərkən guya sayğacdan kənar təbii qaz xətti aşkar edilmiş, foto-video çəkilmiş, sayğacdan kənar qaz xətti ləğv edimiş, 18144 m³ itirilmiş qazın dəyərinin hesablanmasına dair Bakı Regional Qazın Satışı Departamentinin nümayəndələri Bağırov Rüfət, Muradov Murad və Əsədov Səid tərəfindən ******* nömrəli akt tərtib edilmiş, abonentin evdə olduğunu bilə-bilə qəsdən həmin ünvana qonşular dəvət olunmamış və həmin akt heç kimə təqdim edilməmişdir. ******* nömrəli akta əlavə edilmiş foto-şəkillər 06 fevral 2022-ci ildə çəkilmişdir. Nə sayğac, nə dəmir darvaza və nədə ki, kənar xətt iddiaçıya aid deyildir. İddiaçının həmin ərəfələrdə istifadə etdiyi Smart G-4 İtron Diafraqma tipli, 1102AQ**********0 nömrəli sayğac olmuşdur. İddia ərizəsinə əlavə olunmuş DVD diskdə kənar xəttin Allahverdi Teyyub oğlu adlı qonşuya aid olması öz əksini tapmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib olunmuş 31 mart 2022-ci il tarixli, "X1"na dair tələbnaməyə əsasən sayğacdan kənar qeyri-qanuni qaz xəttinin ləğv edilməsi qeyd olunmuş və dəymiş maddi zərərə görə abonentin hesab koduna 2.177,28 manat borc hesablanmışdır. xx.xx.2022-ci ildə abonentin iştirakı olmadan, Cavabdeh İB tərəfindən ünvan 2 ünvanında quraşdırılmış Smart G-4 İtron Diafraqma tipli, 1102AQ**********0 nömrəli qaz sayğacının İstismar müddəti bitdyindən (istismar müddəti 5 ildir) Zenner G-4 Smart tipli, **********436 nömrəli sayğacla əvəz edilmiş, plomb vurulmuş, "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında" akt tərtib edilməmiş, abonent ilə Cavabdeh İB arasında «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmamışdır. Abonent tərəfindən küçədəki qaz xəttinə heç bir müdaxilə edilməmiş və heç bir əlavə xətt qoşulmamışdır. Qaz xətti küçədə yerləşdiyindən qaz xəttinə edilmiş müdaxilə (belə halın həqiqətən mövcud olduğu sübuta yetirilibsə) abonent tərəfindən edilməsi aşkarlanmamışdır. Əraziyə nəzarət edən Cavabdeh İB-nin əməkdaşları tərəfindən təlimata əsasən qaz xəttinə hər ay baxış keçirilir. Keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış "müdaxilə" inandırıcı deyildir. Küçədə quraşdırılmış qaz sayğacına və ya qaz xəttinə abonent nəzarət etmir. Sayğacın İşlək vəziyyətdə olmasına, qaz xəttinin deşilməsinə abonent cavabdeh deyildir. İddiaçı tərəfindən mübahisələndirilən həmin aktlar abonentin və ya qonşuların iştirakı olmadan tərtib edilmiş və abonent və ya ailə üzvləri və ya qonşular tərəfindən imzalanmamışdır, baxmayaraq ki, qeyd olunan ünvana dəfələrlə baxış keçirilsə də abonentin və ya qonşuların iştirakı təmin edilməmişdir. Ümumiyyətlə nə abonentin, nə də ki, qonşuların həmin aktlardan xəbərləri olmayıb. Aktlar birtərəfli qaydada tərtib edilmiş, abonentə və ya qonşulara təqdim olunmamış, abonent və qonşular həmin aktları imzalamamışdır. Abonentin imzalamadığı həmin aktlar əhəmiyyətli sübut sayılmır və əhəmiyyətli sübutlar sayılmadığı üçün həmin aktlar ləğv edilməlidir. Aktlar tərtib olunarkən bir nüsxəsi abonentə verilməli idi. Lakin, Cavabdeh İB aktların abonentə təqdim olunmasını sübut edə bilmir. Cavabdeh İB müəyyən vaxtlarda abonentin iştirakı və imzası olmadan təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə olunmasına dair "Dəymiş ziyan həcminin hesablanması" barədə ümumilikdə 3 akt tərtib etmiş, həmin aktlarda abonentin imza etməsindən imtina olunması qeyd edilmiş və abonent tərəfindən qaz xəttinə sayğacdan kənar qoşulma faktını sübut etmədən abonentin hesab koduna 6.234,09 manat borc yazmışdır. Cavabdeh İB-nin tərtib etdiyi aktlara əsasən guya sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilmiş və birliyə külli miqdarda ziyan dəymişdir. Cavabdeh İB-nin iddia etdiyi həcmdə abonentin qazdan artıq istifadə etməsi barədə heç bir mütəxəssis araşdırılması aparılmadan şişirdilmiş rəqəm yazılmışdır. Cavabdeh İB qaz sayğacına və qaz xəttinə məhz abonent tərəfindən müdaxilə edilməsini təsdiq edən sübutları belə iddiaçıya təqdim edə bilmir. Abonentin imzası olmayan həmin aktlar isə qaz xəttinə müdaxilənin məhz abonent tərəfindən edildiyini təsdiq etmir. Təbii qazdan sayğacdan kənar hər hansı bir vasitə ilə qeyri-qanuni istifadə edilmişdirsə, küçədəki qaz kəmərinə birləşmə olmalıdır. Həmin birləşmə qaynaq vasitəsi ilə yarandığından hər bir halda borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar olmalıdır, yəni qaynaq izləri qalır. Cavabdeh İB tərəfindən tərtib olunmuş 3 ədəd akta əsasən boru üzərində bir o qədər zədə olmalıdır. Bu səbəbdən müstəqil məhkəmə ekspertizasının yerində baxış keçirilməsi zərurəti yaranır. Cavabdeh İB son illərdə üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonentlər tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki olaraq öz abonentlərinə kənar xətdən istifadə etmək üçün şərait yaratmaqla, aktlar tərtib etməklə abonentlərdən dəymiş zərərin ödənilməsini tələb edir. Zərərin əvəzi ödənilmədikdə məhkəmədə iddia qaldırır. Hazırkı halda iddiaçı cavabdehdən məhz iddiaçı tərəfindən qaz xəttinə sayğacdan kənar qanunsuz qoşulmanı sübut edən faktları tələb edir. Bundan əlavə, Azərbaycan Respublikası İXM-də və Azərbaycan Respublikası CM-də nəzərdə tutulmuşdur ki, təbii qaz şəbəkəsinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə edilməsi, vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda, cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə yaradır. xx.xx.2024-cü il tarixli gasrepdən məlum olur ki, abonent xx.xx.2011-ci ildən xx.xx.2024-cü ilə qədər 17389 m² qaz sərfiyatına görə 1903,69 manat ödəniş etmiş, borca görə 54 manat tutulma olmuşdur. xx.xx.2024-cü il tarixli abonentin saldosuna əsasən abonentin hesab koduna 6.234,09 manat məbləğində borc yazılmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti dövlət orqanı olmadığından onun qəbul etdiyi aktlar da normativ hüquqi aktlar ola bilməz. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddianın məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarında olan ******* saylı 30 yanvar 2020-ci il, ******* saylı 28 fevral 2020-ci il və ******* saylı 31 mart 2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktların surətindən görünür ki, abonentin sayğacdan kənar qazdan qeyri-qanuni istifadə etməsi aşkar edilmişdir. Buna görə cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə borc tələb edilmişdir. İş materiallarından görünür ki, iddiaçının abonent hesabına 2020-ci ilin yanvar ayında 1.188 manat, fevral ayında 295.20 manat, 2022-ci ilin yanvar ayında 2.800,80 manat, mart ayında 2.177,28 manat olmaqla, ümumilikdə 6.461,28 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 15 yanvar 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İddiaçı 6.234,09 manat borcun silinməsini və 54 manat pulun ona geri qaytarılmasını xahiş edir (iddia tələbinin ümumi qiyməti 6.288,09 manat). İş materiallarına əlavə edilmiş abonentin Gasrep sistemi vasitəsilə verilmiş hesabdan çıxarışından görünür ki, abonentin hesabından ümumilikdə 54 manat borca görə tutulmalar aparılmışdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Mülki işə tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamışdır. hesabına 2020-ci ilin yanvar ayında 1.188 manat, fevral ayında 295.20 manat, 2022ci ilin yanvar ayında 2.800,80 manat, mart ayında 2.177,28 manat olmaqla, ümumilikdə 6.461,28 manat borc hesablansa da, iddiaçı 6.234,09 manat borcun silinməsini xahiş etmişdir. Məhkəmə işə verilmiş iddia tələbi həcmində baxmalı olduğundan iddiaçının abonent hesabına hesablanmış 6.234,09 manat məbləğində cərimənin silinməsini qanuni hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Həmçinin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya borc kimi yazılan cərimənin ödənilməsi üçün iddiaçının abonent hesabına yüklədiyi məbləğlərdən tutulmaların aparılması və bu məbləğlərin əsassız hesablanmış borcun silinməsinə yönəlmiş hərəkətləri də yolverilməzdir. Odur ki, məhkəmə hesab edir ki, iddia bu hissədə də təmin edilməli, cavabdehin iddiaçının abonent hesabından tutduğu 54 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Əziz oğlunun **********20000 saylı abunə koduna hesablanmış 6.234,09 manat məbləğində cərimə borcu silinməli, Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 54 manat məbləğində pul vəsaiti iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan 82.88 manat məbləğində dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat Cavabdehndən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Əziz oğlunun **********20000 saylı abunə koduna hesablanmış 6.234,09 (altı min iki yüz otuz dörd manat doqquz qəpik) manat məbləğində borc silinsin. Cavabdeh tərəfindən iddiaçının abonent hesabından borcun ödənilməsi üçün tutulmuş 54 (əlli dörd) manat məbləğində pul İddiaçı Əziz oğluna geri qaytarılsın. Cavabdehndən 82.88 (səksən iki manat səksən səkkiz qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE**********00********) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar