Məhkəmə qərarları › İş №2(011)-597/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-597/2024

10.05.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-597/2024 10.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:

1. Bakı şəhəri, Nəsimi rayonu VVAQ şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, Vİİ-JQ 392632 saylı nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən, X4 ilə ərizəçi rəsmi nikaha daxil olmuşdur.

2. X4 xx.xx.1967-ci il tarixində Ağstafa şəhərində doğulmuşdur. O, heç bir xəstəlik keçirməmişdir. Lakin insult keçirməsi ilə əlaqədar olaraq əmək fəaliyyətinin pozulması nəticəsində özünü idarə edə bilmir və yataq xəstəsidir.

Ərizəçinin tələbi:

3. ünvan 1 ünvanında yaşayan xx.xx.1967-ci il təvəllüldlü Ağstafa şəhərində doğulmuş X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Maraqlı şəxsin etirazı:

4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən Ərizəçi öz izahatında bildirmişdir ki, yoldaşı birinci dərəcəli əlildir və buna görə də yoldaşının qəyyumu olmaq istəyir. Məhkəmədən iddiasının təmin edilməsini xahiş etmişdir.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. Vİİ-ЖГ 392632 №-li nikah haqqında şəhadətnaməyə əsasən, Ərizəçi və X4 arasında xx.xx.2000-ci il tarixdə Nizami rayon VVAQ şöbəsində rəsmi nikaha daxil olmuşlar və bu barədə 293 № li akt qeydi aparılmışdır.

8. Bakı şəhər Xətai rayon İcra Başçısına ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, Ərizəçi xx.xx.1967-ci il təvəllüdlü əri X1 üzərində onun qəyyum təyin edilməsini xahiş etmişdir.

9. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 3-17-4/2-S-26151/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktuba əsasən, X3 xx.xx.2023-cü il tarixində “ümumi xəstəlik” səbəbindən orqanizmin funksiyalarının 100% pozulmasına görə müddətsiz əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir.

10. "xxxx" MTK tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən, X4 Bakı şəhəri, X.Məmmədov küçəsində yerləşən 32 saylı binanın, 64№-li mənzilində yaşayır.

11. Azərbaycan Respublikası “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 tərəfindən verilmiş qiyabi sənədlər üzrə məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 301 saylı rəyinə əsasən, 1-ci sual: xx.xx.1967-cü il təvəllüdlü X4 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Təqdim olunmuş tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, X2 damar mənşəli (baş beyinin infarktı nəticəsində) dərin demensiya qeyd olunur. 2-ci sual: xx.xx.1967-cü il təvəllüdlü Salmanov Kamal oğlu öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: Təqdim olunmuş tibbi sənədlərə əsasən belə qənaətə gəlmək olar ki, X4 öz psixi vəziyyətinə görə hərəkətlərini dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.

12. xx.xx.2023-cü il tarixli, ******* №-li əmək qabiliyyətinin olmaması vərəqəsi.

13. Digər sənədlər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.

15. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

17. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.1967-ci il təvəllüdlü X1 həyat yoldaşıdır və ərinin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.

18. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X1 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı (§5), tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§11), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X4 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.

19. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.1967-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. xx.xx.1967-ci il təvəllüdlü, Ağstafa şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.

3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X1 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.

4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar