Məhkəmə qərarları › İş №2(011)-598/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-598/2025

24.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-598/2025 24.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “aktların ləğv edilməsi və borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 2-ci döngə, 6B saylı fərdi yaşayış evi üzrə **********20000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı cavabdeh tərəfindən sonuncu dəfə xx.xx.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. xx.xx.2018-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda sayğacın çıxış plastmas borusunun deşilməsi barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 9720 m3 olması müəyyən edilmişdir.

3. Həmçinin, xx.xx.2021-ci il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması barədə ******* saylı akt tərtib edilmiş, aktda təbii qazdan sayğacdan kənar xətt vasitəsilə istiafdə olunması barədə qeyd edilərək, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 8856 m3 olması müəyyən edilmişdir.

4. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2018-ci ilin oktyabr ayı üzrə 972 manat, 2021-ci ilin aprel ayı üzrə 885,60 məbləğində borcunun olması qeyd olunmuşdur.

5. Bundan baqşa, cavabdehin iddiaçıya qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddiası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qismən təmin edilmiş, iddiaçıdan 295,20 manat maddi zərərin və 637,19 manat debitor borcun cavabdehin xeyrinə tutulması qət edilmişdir. Həmin məhkəmə mübahisəsi cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 885,6 manat və iddiaçının 2021-ci ilin aprel ayından 2022-ci ilin yanvar ayına qədər istifadə etdiyi, lakin tam ödənilməmiş təbii qazdan istifadə ilə bağlı qalıq borcunun ödənilməsi ilə bağlı olmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

6. İddiaçı cavabdeh tərəfindən tərtib edilmiş aktların ləğv edilməsi və ona təbii qaza görə hesablanmış 2559,65 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, xx.xx.2018-ci il tarixdə cavabdehlə «Qaz Paylayıcısı ilə X1 İstifadəçisi arasında qazın alqı satqısı» müqaviləsi imzalanaraq yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmışdır. 2020-ci ildən 2023-cü ilədək cavabdehin əməkdaşları yaşadığı ünvana gələrək sayğacın istismar müddətinin başa çatmasını bildirərək sayğacı çıxırmış və onu yeni tipli sayğacla əvəz etmiş və bu barədə akt tərtib etmiş və həmin akta ona imza etdirmişlər. Sonradan məlum olmuşdur ki, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda qaz sayğacına müdaxilə nəticəsində qaz itkisi olduğu göstərilmiş və ona borc hesablanmışdır. Həmin akta «Sayğacdan kənar qeyri qanuni istifadə» qeydi sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bunlar barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. O, heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. 2022-ci ilin əvvəllərində o, Sabunçu Rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəməyə lazım olan sənədləri toplayarkən ona cavabdeh tərəfdən yalnız bir akt verilmişdi. O da həmin aktı məhkəmədə ləğv etdirərək borcunu sildirmişdir. Məhkəmə tərəfindən 2022-cü ilin əvvəlində yaşadığı ünvana baxış keçirilərkən xəttə heç bir müdaxilə etmədiyi də məlum olmuşdur.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

8. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

9. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

11. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

12. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

13. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

14. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

15. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

16. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

17. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

18. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə iddiaçının izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

20. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.

21. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, 2021-ci ilin aprel ayından, 2021-ci ilin dekabr ayınadək iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə sərfiyyatın məbləği 997,55 (991,65 manat sərfin məbləği + 5,90 manat yeni tarifə keçidlə əlaqədar olaraq yaranmış borc) manat olmuş, həmin borcdan iddiaçı tərəfindən 375,80 manat məbləğində ödəniş edilmiş və 2021-ci il üzrə qalıq borc 621,75 manat etmişdir. Həmçinin, 2022-ci ilin yanvar ayından, 2022-ci ilin dekabr ayınadək iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə sərfiyyatın məbləği 1356,05 (1277,34 manat sərfin məbləği + 68,91 manat yeni tarifə keçidlə əlaqədar olaraq yaranmış borc + 9,80 manat akt üzrə borc) manat olmuş, həmin borcdan iddiaçı tərəfindən 670 manat məbləğində ödəniş edilmiş və 2022-ci il üzrə qalıq borc 686,05 manat təşkil etmişdir. 2023-cü ilin yanvar ayından, 2023ci ilin dekabr ayınadək iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə sərfiyyatın məbləği 1323,50 (1234,54 manat sərfin məbləği + 88,96 manat yeni tarifə keçidlə əlaqədar olaraq yaranmış borc) manat olmuş, həmin borcdan iddiaçı tərəfindən 800 manat məbləğində ödəniş edilmiş və 2023-cü il üzrə qalıq borc 523,50 manat təşkil etmişdir. 2024-cü ilin yanvar ayından, 2024-ci ilin sentyabr ayınadək iddiaçı tərəfindən təbii qazdan istifadəyə görə sərfiyyatın məbləği 472,75 (443,62 manat sərfin məbləği + 29,13 manat yeni tarifə keçidlə əlaqədar olaraq yaranmış borc) manat olmuş, həmin borcdan iddiaçı tərəfindən 630 manat məbləğində ödəniş edilmiş və 2024-cü il üzrə qalıq borc 157,75 manat təşkil etmişdir.

22. Qeyd edilənləri ümumiləşdirdikdə müəyyən olunur ki, 2021-ci ilin aprel ayından 2024-cü ilin sentyabr (iddia ərizəsi xx.xx.2024-cü il tarixdə verilmişdir) ayınadək iddiaçının təbii qazdan istifdəyə görə hesablanmış sərfiyyat borcu cəmi 4149,85 manat təşkil etmiş, həmin borcdan iddiaçı tərəfindən 2475,80 manat məbləğində ödəniş edildikdən sonra isə qalıq borcun məbləği 1674,85 (4149,85 – 2475,80 = 1674,85) təşkil etmişdir.

23. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi əsasında müəyyən olunmuşdur ki, iddiaçının cavabdehə olan borcun cəmi məbləği 1522,79 manat təşkil edir. Məhkəmə qətnaməsinə əsasən həmin borcdan 295,20 manat zərər və 637,19 manat debitor borc olmaqla, cəmi 932,39 manat məbləğində pulun iddiaçıdan alınaraq cavabdehə ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd edir ki, həmin pul vəsaiti iddiaçının hazırda silinməsini tələb etdiyi borcun məbləğinə daxil olduğundan, başqa məhkəmə tərəfindən artıq həmin hissəyə hüquqi qiymət verilərək, hazırki iş üzrə iddiaçıdan tutulması qət edildiyindən, iddia tələbinə həmin hissədə xitam verilmişdir.

24. Qalıq 590,40 manat məbləğində borcun silinməsi hissəsində məhkəmə hesab edir ki iddia tələbi təmin edilməlidir.

25. Belə ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3-cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün Cavabdeh İB tərəfindən müvafiq örtüklə örtülməlidir.

26. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.

27. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntuların törədilməsində iddiaçının təqsiri sübut olunmadığından cavabdehin hesabladığı 590,40 manat borcun iddiaçıdan tələb etməsi əsassızdır.

28. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

29. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Nizami küçəsi, 2-ci döngə, 6B saylı fərdi yaşayış evinə (abonent kodu: **********20000) dair İddiaçı hesablanmış 590,40 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar