Məhkəmə qərarları › İş №2(011)-5981/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-5981/2023

23.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-5981/2023 23.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, Maraqlı şəxs2 iştirakı ilə, İddiaçı cavabdeh Maraqlı şəxs1 və 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna qarşı “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müddətin bərpa edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı cavabdeh Maraqlı şəxs1 və 6 saylı Bakı “ASAN Xidmət” mərkəzində notariat kontoruna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atasına məxsus olan Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, 33 saylı mənzilə vərəsəlik haqqında şəhadətnamənin verilməsi üçün müddətin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının atası X4 18 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, 33 saylı mənzil mərhum atası X2 məxsusdur. İddiaçı mərhum atasına məxsus olan Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, 33 saylı mənzilə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. 20 iyul 2023-cü il tarixdə müraciətinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən 6 ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Tərəflərin izahatları: Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İşin faktiki halları: İşin mübahisə olunmayan halları ondan ibarətdir ki, X4 iddiaçının atası olmuş və o, 18 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı atasının mülkiyyətində olmuş Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, 33 saylı mənzilə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 20 iyul 2023-cü il tarixdə 6 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, iddiaçının mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin buraxıldığı və mirasın qəbulu faktını təsdiq edən sənədin təqdim edilmədiyi bildirilmişdir. İddiaçı miras əmlakın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti 2 gün ötürmüşdür. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçı 20 mart 2023-cü il tarixdən etibarən ölkəni tərk etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 1133.1-ci maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1134.1-ci maddəsinə görə, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə görə, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar). 1145-сi maddəsinə əsasən, miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146-cı maddəsinə əsasən, miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1243-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248.1-ci maddəsinə görə, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə baxan məhkəmənin mövqeyi: İşin qeyd edilən faktiki hallarından da göründüyü kimi, iddiaçı mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Lakin məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində göstərdikləri dəlillər və iş materiallarında olan sübutlar əsasında həmin müddət üzrlü sayılaraq uzadılmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçının atası 18 yanvar 2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı isə notariat ofisinə mirasın qəbulu ilə bağlı ərizəylə 20 iyul 2023-cü il tarixdə müraciət etmişdir. Bununla da o, mirasın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş müddəti 2 gün ötürmüşdür. Məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi təmsil etdiyi şəxsin ölkə xaricində olmasını bildirmiş, məhkəmə tərəfindən “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə verilmiş sorğuya əsasən müəyyən edilmişdir ki, iddiaçı 20 mart 2023-cü il tarixdən etibarən ölkəni tərk etmişdir. Qeyd edilən müddəlara və işin şərh edilən hallarına əsasən məhkəmə hesab edir ki, iddiaçının mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab edilməli və həmin müddət uzadılmalıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən 100 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı X1 miras qalmış Bakı şəhəri, General Mehmandarov küçəsi ev 8, 33 saylı mənzilə dair mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddət üzrlü sayılmaqla uzadılsın. İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar