Məhkəmə qərarları › İş №2(011)-6012/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6012/2021

22.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6012/2021 22.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinə qarşı “borcun silinməsi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Azəriqaz» İstehsalat Birliyi tərəfindən Bakı şəhəri, Xətai rayonu, Y.Əliyev küçəsində yerləşən 22N saylı evdə qazdan istifadə qaydalarının pozulması ilə əlaqədar tərtib olunmuş 17.01.2017-ci il tarixli, 01409801 saylı və 29.01.2018-ci il tarixli ******* saylı Aktların ləğv edilməsi və həmin Aktlara əsasən hesablanmış 1000 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 22.11.2021-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddianın dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək cavabdeh tərəfindən 17.01.2017-ci il tarixli 014098-01 saylı və 29.01.2018-ci il tarixli OB-92-69 saylı aktlara əsasən hesablanmış 1000 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi S.N.Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 22N saylı həyət evi İddiaçı məxsusdur, lakin daimi olaraq orada yaşamır, o, ailəsi ilə ünvan 1 ünvanda yaşayır, həmin evin kommunal xidmətləri, o cümlədən təbii qazdan istifadə barədə müqavilə onun adınadır, cavabdeh tərəfindən təbii qazdan istifadə olunması üçün onunla müqavilə bağlanmış, istifadə olunan qaz sərfiyyatını hesablamaq üçün küçədə qaz sayğacı quraşdırılmış və sayğacın üzərinə plomb da qoyulmuşdur, başqa yerdə yaşadığı üçün hərdənbir qohumlarından bəziləri orada yaşamışlar və bu zaman sərf olunan qazın pullarını da özü ödəmişdir, ona görə də qaz sərfiyyatı bəzi aylarda çox, bəzi aylarda az olmuş, bəzən də aylarla qazdan istifadə etməmişdir, istifadə etdikləri təbii qazın pulunu isə həmişə vaxtında ödəmişdir, cavabdeh tərəfindən Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində yerləşən 22N saylı fərdi yaşayış evinə dair “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2017-ci il tarixdə ******* saylı və 29.01.2018-ci il tarixdə ******* saylı Aktlar tərtib edilmişdir, həmin aktlarda qeyd olunub ki, onun yaşayış sahəsində təbii qazdan sayğacdan kənar istifadə olunmuşdur, nəticədə cavabdehə 1620 kub metr və 3726 kub metr həcmində maddi ziyan vurmuşdur, hal-hazırda onun 1000 manat borcu yaranmışdır, bu barədə ona 2021-ci ilin mart ayında məlumat verilmişdir, eləcə də cavabdeh tərəfindən tərtib olunmuş həmin aktlarda əsassız olaraq qeyd olunmuşdur ki, guya o aktları imza etməkdən imtina etmişdir halbuki o həmin vaxtlarda orada yaşamamışdır, o, cavabdeh tərəfindən tərtib edilmiş həmin Aktlara, habelə həmin aktlara əsasən hesablanmış borca qəti etiraz edir, belə ki, ona məxsus olan evdə quraşdırılmış qaz sayğacına tərəfindən müdaxilə olunmamışdır və təbii qazdan qeyri-qanuni istifadə edilməmişdir, borcun silinməsi barədə cavbdehə etdiyi müraciət nəticəsiz qalmış və ona şifahi qaydada bildirilmişdir ki, borcun silinməsi barədə məhkəməyə müraciət etməlidir, ona görə də məcbur olub hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Sonda iddiaçının nümayəndəsi N.Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca “Azəriqaz” İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş, bu barədə aktlar tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, mülki iş materiallarına əlavə olunmuş şəkillərdən də görünür ki, kənar qoşulma olmuşdur, iddiaçının abonent hesabına 1000 manat borc hesablanmış və həmin məbləğ hazırda iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23.01.2017-ci il tarixli ******* saylı akta əsasən, abonentin sayğacın giriş hissəsindən əlavə xətt çəkərək qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “itirilmiş qazın dəyərinin hesablanmasına dair” 30.01.2017-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********00030 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 1620 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29.01.2018-ci il tarixli ******* saylı akta əsasən, abonentin sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə etməsi barədə qeyd əks olunmuşdur İş materiallarında olan “itirilmiş qazın dəyərinin hesablanmasına dair” 31.01.2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********00030 saylı abonent kodu üzrə sayğacdan kənar qaz xətti vasitəsilə təbii qazdan istifadə olunduğu aşkar olunmuş və itirilmiş qazın bərpası üzrə 3726 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.06.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********00030 saylı abonent hesabına 2020-ci il tarixinə 1030.98 manat, 2021ci il tarixinə 997.18 manat borc hesablanmışdır. İş materiallarında olan 30.06.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00030 saylı abonent hesabına 11/2020-ci il tarixə 1019.68 manat borc hesablanmışdır. İş materiallarında olan 10/4517 nömrəli 25.10.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqatın nəticəsi olaraq, Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsi 22N saylı İddiaçı məxsus ünvanda sayğacdan kənar qaz xəttinə qeyri-qanuni olaraq qoşulma halı, eləcə də paylayıcı qaz xəttinin üzərində əvvəllər qoşulmaya xas olan izlər ( borucuq, qaynaq və s) aşkar edilməmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçıya yaşadığı evə baxış keçirilərkən sayğacdan kənar xətt aşkarlanması səbəbi ilə 23.01.2017ci il və 29.01.2018-ci il tarixlərdə aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına itirilmiş qazın bərpası üzrə borc hesablanmışdır, hazırda 1000 manat iddiaçının abonent hesabına borc kimi daxil edilməklə ondan tələb edilir. Bununla belə, iddiaçının sayğacdan kənar qeyri-qanuni qaz xəttindən istifadə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 1000 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********00030 saylı abonent koduna «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1000 manat silinməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin məhkəməyə verilməsi məqsədilə nəzərdə tutulan 30 manat dövlət rüsumu və işə baxılması ilə əlaqədar məsrəf kimi ekspertiza dəyərini təşkil edən 100 manat müvafiq olaraq dövlət büdcəsinə və məhkəmə ekspertizasının hesabına cavabdehdən alınaraq ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24.11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00030 saylı abonent koduna «Azəriqaz» İstehsalat Birliyi tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1000 (min) manat məbləğində borc silinsin. «Azəriqaz» İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində pul «Azəriqaz» İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar