Məhkəmə qərarları › İş №2(011)-6019/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6019/2025

25.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6019/2025 25.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (abonent kodu:**********12030) ünvanı üzrə cərimə kimi yazılmış olan 1047,60 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 (abonent kodu: **********12030) mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama aparılarkən akt tərtib edilmiş və sayğac yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, guya iddiaçı sayğaca müdaxilə etmiş və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, mənzili 2016-cı ildə almış, mənzildə ara sıra yaşayış olmuş, 2023-cü ildən isə həmin mənzildə daimi olaraq bacısı öz ailəsi ilə birlikdə yaşayır. 2023-cü ilin dekabr ayında sayğac xarab olmuş və həmin tarixdən etibarən smart kart tipli sayğaca pul yüklənilmədən qazdan istifadə olunmuşdur. 2025-ci ilin mart ayında sayğac dəyişdiriləndən sonra zəng edilərək onlara borcun olduğu bildirilmişdir. Bir müddət qazdan sayğacsız istifadə edilsə də, həmin mənzildə qaz sərfiyyatı təxmini olaraq ayda 5 manat olmuşdur. Həmin mənzildə bir il ərzində 1000 manatdan çox qaz sərfiyyatı ola bilməz. Çünki mənzil iki otaqlıdır və mənzildə bir ədəd dörd göz qaz sobası və qənaətli su qızdırıcısı vardır. Bu cihazlarla bir il ərzində 1047 manatlıq təbii qazdan istifadə olunması qeyri-mümkündür. Abonent koduna hesablanmış borc məbləği əsassız və şişirdilmişdir. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, iddiaçının silinməsini tələb etdiyi məbləğ, onun təbii qazdan istifadə etməsi nəticəsində yaranmış sərfiyyat borcudur. Xüsusi proqram əsasında müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən sonuncu dəfə 2023-cü ilin dekabr ayında sərfiyyata görə 10 manat ödəniş olunmüş, sonradan heç bir ödənişlər aparılmamışdır. Həmin ünvan üzrə sayğaca baxış keçirilməsi üçün yoxlama göndərilmiş və müəyyən edilmişdir ki, sayğacdakı klapan işləmir. Sayğac laborator müayinəyə göndəriləndə təbii qaz itkisi müəyyən olunmamışdır. 2025-ci ildə sayğac yenisi ilə əvəz olunmuşdur. Borc sayğacın mexaniki göstəricisi əsasında sərfiyyata görə hesablanmışdır. Belə ki, smart kart tipli sayğacda göstərici olmasa da, mekniki göstərici istifadə olunan qaz sərfiyyatını qeydə almışdır. Sayğac dəyişdirilərkən köhnə sayğacın üzərində 14114 m3 həcmində qaz sərfiyyatı göstəricisi olmuş, lakin iddiaçı tərəfindən isə ümumilikdə 4219 m3 qaz sərfiyyatına görə ödəniş edilmişdir. Qeyd olunanlara əsasən borc sayğacın mexaniki göstəricilərinə əsasən hesablanmışdır. Sübutların tədqiqi: İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzil üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2016-cı il tarixdə (Qeydiyyat nömrəsi: **********) dövlət qeydiyyatına alınmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzildə smart tipli G4 markalı qaz sayğacı qaz sızmanın aradan qaldırılması məqsədi ilə sökülmüş, plombu təzələnərək yenidən quraşdırılmışdır. Həmin tarixdə sayğacın üzərindəki mexaniki göstərici 3520 m3 olmuşdur. “GASREP” abonent hesabından çıxarışdan görünür ki, 2013-cü ildən 2025-ci ilin mart ayında qədər mənzildə GPG12398962 (1202AQ**********2) nömrəli smart tipli G4 markalı qaz sayğacından istifadə edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən mənzildə G4 markalı 1202AQ**********2 nömrəli qaz sayğacı yenisi olan G4 markalı ******* nömrəli qaz sayğacı ilə əvəz edilmişdir. Tərtib olunan aktda sayğac əvəz edilən zaman üzərindəki mexaniki göstəricinin 14114 m3 olduğu qeyd edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” X2 tabeliyindəki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Qaz sayğacının yoxlamadan keçirilmsi barədə M 0465/2025 saylı, xx.xx.2025-ci il tarixli yoxlama aktından görünür ki, iddiaçıya məxsus İtron G4 tipli 1202AQ**********2 nömrəli sayğac istismara yararsızdır. Həmin yoxlama zamanı müəyyən edilmişdir ki, sayğacın mexaniki göstəricisi 14114 m3 , elektron göstərici isə xx.xx.2024-cü il tarixə 4002 m3 olmuşdur. İddiaçı adına olan abonent saldosunun “ayın sonuna borc” bölməsində də onun 2025-ci ilin iyun ayı üzrə 1049,23 manat məbləğində borcunun olması əks olunmuşdur. İşin müəyyən edilən halları: İddiaçı ünvan 2 ünvanında yerləşən mənzil üzrə **********12030 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə mənzildə mövcud olan sayğac yenisi ilə əvəz edilmişdir. Sayğac yenisi ilə əvəz edilən zaman sayğacın üzərindəki mexaniki göstəricinin 14114 m3 , elektron göstəricinin isə 4002 m3 həcmində olması müəyyən olunmuşdur. Həmin göstəricilər əsasında iddiaçıya 1047,60 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış 1047,60 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası Maddə 26, İİ hissə. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə” Qaydaları: Maddə 2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Maddə 2.3.1. Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı 1047 manat borcun akt əsasında cərimə olaraq hesablandığını iddia etsə də, məhkəmə araşdırması vaxtı belə bir aktın mövcud olması aşkar edilməmiş, əksinə borcun qaz sərfiyyatına görə hesablandığı müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısının əməkdaşları xx.xx.2025-ci il tarixdə mübahisəli ünvanda sayğaca baxış keçirmiş və qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Sayğac dəyişdirilən zaman onun sonuncu mexaniki göstəricisi 14114 m3 olmuşdur. Abonent saldosundan isə iddiaçının həmin sayğacın istismar müddətində 4219 m3 həcmində qaz sərfiyyatına görə ödəniş etdiyi müəyyən olumuşdur. Qeyd olunan GPG12398962 (1202AQ**********2) nömrəli smart tipli G4 markalı qaz sayğacı mübahisəli mənzildə 2013-cü ildən istismarda olmuş, 2022-ci ilin dekabr ayında plombun yenilənməsi üçün sayğac sökülmüş və yenidən quraşdırılmış, 2025-ci ilin mart ayında isə yeni sayğacla dəyişdirilmişdir. 2022-ci ilin dekabr ayında sayğac sökülərkən mexaniki göstərici 3520 m3 olmuşdur. “GASREP” abonent hesabından çıxarışdan göründüyü kimi həmin tarixdə sayğacın elektron göstəricisi (3525 m3) mexaniki göstərici ilə üst-üstə düşür. Mexaniki göstərici ilə elektron göstərici arasındakı fərq sayğacın işləmədiyi dövrdə istehlak olunan təbii qaza görə yaranmışdır. Belə ki, işin mübahisəsiz halıdır ki, 2023-cü ilin dekabr ayından 2025-ci ilin mart ayına qədər iddiaçıya məxsus olan mənzildə sayğac işlək olmadığı üçün ödənişlər aparılmadan təbii qazdan istifadə olunmuşdur. Bu hal həm iddiaçının izahatı ilə, həm abonent saldosu ilə, həm də qaz sayğacının yoxlama aktı ilə sübut olunur. İddiaçı mənzildə olan cihazlara görə bir il ərzində 1047 manatlıq təbii qazdan istifadə olunmasının qeyri-mümkün olduğunu bildirsə də, bununla bağlı məhkəmə qeyd edir ki, mənzildə 2023-cü ilə qədər daimi yaşayış olmamış, 2023-cü ildən isə iddiaçının bacısı ailəsi ilə birlikdə daimi yaşamağa başlamışdır. 2023-cü ilin dekabr ayından sayğac işləməmiş və təxmini olaraq 1 il 4 ay müddətində smart kart tipli sayğaca pul yüklənilmədən qazdan istifadə edilmişdir. Həmin tarix aralığında iki qış fəslinin olması və mənzildə yaşayanların qazdan ödənişsiz istifadə etdiklərini hesab etmələri, qaz sərfiyyatının çox olmasını labüd edir. Borc hesablanan qazın həcmi ilə bağlı məhkəmə qeyd edir ki, sayğacın mexaniki göstəricisi olan 14114 m3-dən, abonent tərəfindən ödəniş edilmiş 4219 m3 qaz həcmi çıxıldıqdan sonra qalan sərfiyyata görə borc hesablamaqda cavabdeh təşkilat haqlı olmuşdur. Beləliklə, məhkəmə işin məhkəmə iclasında araşdırılan hallarına əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən borc məbləği mənzildə istehlak edilmiş və sayğacın mexaniki göstəricisinə əsasən hesablanmış təbii qazın dəyəridir. Ona görə də, İddiaçı Cavabdeh İByə qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar