Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6067/2023 06.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız olaraq borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Maştağa qəsəbəsi, Subtr. Sovxozda ona məxsus fərdi evi Zenner tipli G-4 markalı **********9 nömrəli qaz sayğacı kipləşib, qaz buraxmadığına görə Cavabdeh İB-nin nümayəndələri tərəfindən Zenner tipli G-4 markalı **********294 nömrəli smart kart qaz sayğacı ilə əvəz olunmuşdur. Sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən çıxarılarkən onun daxilində və xaricində heç bir kənar müdaxilə aşkar olunmadığı üçün sayğacın əvəzlənmə sənədi olan ******* nömrəli aktda rəsmi şəkildə onun əvəzlənmə səbəbi kimi kipləşərək, qaz buraxmaması göstərmişdir. Çıxarılan sayğac qutuya qoyaraq möhürlənməli və dövlət yoxlaması üçün Cavabdeh İB-nin Metrologiya departamentində yalnız onun iştirakı ilə açılıb yoxlanılmalı idi. Lakin Cavabdeh İB-nin əməkdaları qanunun tələblərini pozaraq sayğacı qutuya qoymamış və onun iştirakı olmadan qaz sayğacını Cavabdeh İB-nin Metrologiya Departamentində birtərəfli qaydada yoxlayaraq özlərindən rəy vermişdilər ki, guya ki, sayğacın çıxış plasmas borusu deşilmişdir. Əgər həqiqətən də belə olsaydı o zaman Cavabdeh İB-nin əməkdaşları sayğacı çıxararkən bunu mütləq ******* nömrəli AKT-da qeyd edərdilər. 30 aprel 2023-cü ildə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentin nümayəndələri Kənan Əhmədov, Emin Şahkərimov, Dünyamalı Əliyev ona məxsus **********00052 nömrəli abonent hesabına heç bir ciddi araşdırma aparılmadan, laboratoriya onun iştirakı olmadan aparılmış saxta yoxlamanın rəyi əsasında 12960 m3 yəni 1555.20 manat cərimə yazmışlar. Onlar bu cərimə məbləğini evdə qazdan istifadə etdiyi qaz cihazlarını inventar etmədən, heç bir məhkəmə qərarı olmadan, qeyri-qanuni şəkildə, birtərəfli qaydada yazmışlar. Bir saata 6 m3, yəni sutka ərzində 144 m3 və beləliklə ay ərzində 4320 m3 qaz sərf etmək olar? Bu ki, fərdi yaşayış evidir və qazdan daha çox istifadə edən sənaye müəssisəsi deyildir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən onun **********00052 nömrəli qaz hesabına qeyri-qanuni yazılmış 1555.20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh hazırki məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli ******* saylı aktın surətindən məlum olur ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanına aid sayğac laboratoriyaya göndərilmiş, qaz sayğacının yoxlanılması barədə MSK-14-2-2/3-5-760-1 saylı akta əsasən “sayğacın çıxış plasmas borusu deşilib” kimi qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2023-cü il üçün borcu 1555.20 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 aprel 2023-cü il tarixli ******* saylı aktın surətində “sayğacın çıxış plasmas borusu deşilib” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 1555.20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçıya məxsus evə hesablanmış 1555.20 manat məbləğində borc silinməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik Sovxoz ünvanına (abonent kodu: **********00052) hesablanmış 1555.20 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-6067/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6067/2023
06.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver