Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6072/2022 29.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İşin faktiki hallarına görə, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixdə, 1801/0441 saylı daxili lizinq müqaviləsi bağlanmışdör. Müqaviləyə əsasən iddiaçı mülkiyyətinə aldığı Avtomobili 24 ay müddətinə, illik faiz dərəcəsi 31%, ilkin ödəniş 5440 manat (avtomobilin qiymətinin 32%-i), qalıq 11.560 manat manat məbləğində borcun hər ay 653 manat olmaqla, hissə-hissə ödənilməsi şərtilə cavabdehin sahibliyinə və istifadəsinə verilmişdir. Avtomobilin ümumi qiyməti 17000 manat müəyyən edilmişdir.
2. Avtomobil cavabdehə xx.xx.2018-ci il tarixdə təhvil verilmişdir (1 saylı Əlavə - xx.xx.2018-ci il tarixli Təhvil-təslim aktı). Avtomobil hazırda cavabdehin sahibliyində və istifadəsindədir. Cavabdeh lizinq haqqının qismən ödəmişdir.
3. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri:
4. İddiaçı onun mülkiyyətində olan "Toyota Camry” markalı, **-PT-*** qeydiyyat nişanlı avtomobili cavabdehin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, 11090 manat əsas lizinq borcu, 1700 manat lizinqdən istifadəyə görə faiz borcu, 3000 manat hesablanmış penya, cəmi 15790 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
5. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək onun mülkiyyətində olan "Toyota Camry” markalı (bundan sonra - Avtomobil), **- PT-*** qeydiyyat nişanlı avtomobilin cavabdehin qanunsuz istifadəsindən alınaraq ona qaytarılması, 11090 manat əsas lizinq borcu, 6750 manat lizinqdən istifadəyə görə faiz borcu, 26400 manat hesablanmış penya, cəmi 44240 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının direktoru X1 ilə cavabdeh arasında bağlanmış 10 iyul 2018-ci il tarixli 1801/0441 saylı X3 əsasən iddiaçı cavabdehin ərizəsinə əsasən onun tərəfindən seçilmiş, təsviri bu müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-də göstərilən və ümumi dəyəri 17000 manat olan Avtomobili öz mülkiyyətinə keçirərək cavabdehə müvəqqəti sahiblik və istifadəyə vermişdir. Cavabdeh isə öz növbəsinə əsasən 11560 manat məbləğində borcu illik 31% faiz hesablanmaqla, 24 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh mütəmadi olaraq hər ay ödəniş etməli olduğu halda, ödənişləri aparmamış, müqavilə şərtlərinə tam əməl etməmiş, lizinq obyektini mülkiyyətçiyə qaytarmaqdan yayınmışdır ki, bununla da müqavilə şərtlərini pozmuşdur. Bununla əlaqədər cavabdehə dəfələrlə şifahi və yazdı xəbərdarlıq edilməsinə baxmayaraq o, lizinq obyektini geri qaytarmaqdan imtina etmiş və lizinq obyektinin yeri bu günə qədər müəyyən edilməmişdi. Hazırda öhdəliklərini tam icra etməyən cavabdehin iddiaçıya 11090 manat əsas lizinq borcu, 6750 manat lizinqdən istifadəyə görə faiz borcu, 26400 manat hesablanmış penya, cəmi 44240 manat məbləğində borcu qalmaqdadır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
8. Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.
10. Cavabdehin vəkili məhkəmə iclasında iddianı qismən, əsas borc hissəsində qəbul etdiklərini bildirdilər.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 385.1. Bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
14. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
15. Maddə 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
16. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
17. Maddə 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir.
18. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
19. Maddə 748-10.4. Lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir.
20. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
21. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
25. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
27. Məhkəmə iddia ərizənin dəlillərini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
28. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
29. Tərəflər arasındakı mübahisənin əsasını cavabdehin lizinq ödənişlərinin tam ödəməməsi ilə bağlı öhdəliyinin icra edilməməsi təşkil edir. Mülki Məcəllədə lizinq müqaviləsinə verilən anlayışdan da görünür ki, lizinq verənin əsas öhəliyi, lizinq üçün yararlı olan, özünə məxsus əmlakı müəyyən (müqavilədə müəyyən edilmiş) haqla və müəyyən (müqavilədə müəyyən edilmiş) müddətə lizinq alanın itifadəsinə verməkdən, lizinq alanın əsas ödəlyi isə müqavilə ilə müəyyən edilmiş muzdu (lizin haqqını) müəyyənləşdirilmiş dövriliklə lizinq verənə ödəməkdən ibarətdir (§ 16).
30. İşin mübahisəsiz halıdır ki, lizinq predmeti olan Avtomobil cavabdehə təhvil verilmiş, cavabdeh isə heç bir pretneziya olmadan Avtomobili qəbul etmişdir. Bununla da iddiaçı öhdəliyini yerinə yetirmişdir. Lakin cavabdeh Avtomobilə görə lizinq ödənişlərini qrafikə uyğun olaraq tam ödəməməklə öhdəliyini pozmuşdur (§ 13).
31. Şərh edilənlərdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış lizinq müqaviləsi əsasında cavabdeh lizinq predmeti olan Avtomobildən istifadə edərək müqavilədə nəzərdə tutulmuş dövriliklə və müddətə lizinq ödənişini (muzdu) ödəməklə bağlı öhdəlik götürmüş, lakin Avtomobili istifadə etməklə bağlı hüququndan istifadə etmiş, muzdu ödəməklə bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin 5.2-ci bəndində də nəzərdə tutulmuşdur ki, lizinq alan lizinq obyektindən istifadə edib-etməməsindən asılı olmayaraq, lizinq ödənişləri qrafikində göstərilmiş müvafiq tarixdə lizinq ödənişlərini həyata keçirməlidir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
32. Lakin məhkəmə hesab edir ki, iddia həm əsas lizinq ödənişinin, həm də ona hesablanmış faizin (lizinq mükafatının) tələbi hissəsində qismən əsaslıdır. Belə ki, iddiaçı cavabdehdən əsas lizinq ödənişi qismində 11090 manat və ona hesablanmış faiz (lizinq mükafatı) qimində 6750 manat tələb etsə də, iş üzrə təyin edilmiş sonuncu məhkəməmühasibatlıq ekspertizasının 9/5216 saylı, xx.xx.2020-ci il tarixli rəyində cavabdehin əsas borcu 9984,37 manat, faiz borcu 1401,42 manat, habelə "xxxx" MMC-nin 80 saylı, xx.xx.2021-ci il tarixli mütəxəsis rəyinə əsasən (iddiaçının iddia tələbinin artırılması barədə ərizəsindən sonra göndərilmişdir) lizinq müqaviləsinə əsasən, müqavilə müddətinin sonuna cavabdehin əsas borcu 9984,37 manat, faiz borcu isə 4333,22 manat müəyyən edilmişdir.
33. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, tərəflər ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər hesab edir.
34. Məhkəmə həmçinin, iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən təmin edilməlidir.
35. Məhkəmə qeyd edir ki, dəbbə pulu (cərimə, penya) qanunla borclunun öhdəliyinin təmini üsullarından biri kimi nəzərdə tutulmuşdur və tətbiq edilməsi üçün əsas şərtlər onun müqavilədə müəyyən edlməsi və borclu tərəfindən öhdəliyin pozulması (öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi) ilə bağlıdır. Cavabdeh tərəfindən öhdəliyin pozulması isə işin mübahisəsiz halıdır. Həmçinin, tərəflər arasında bağlanmış müqavilədə cərimənin tutulması əsasları göstərilmişdir (lizinq müqaviləsininnin 10.1-ci bəndinə görə lizinq alan müqavilə ilə müəyyən edilmiş ödənişləri həyata keçirmədikdə lizinq verən ödənişin gecikdirildiyi hər gün üçün borc məbləğinin 0,5% məbləğində cərimə ödənilməsini tələb edir). Eyni zamanda, qanunvericilik də tələb edir ki, dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (MM-nin 462.1-ci maddəsi).
36. Lakin məhkəmə hesab edir ki, tələb edilən cərimə iddiaçı tərəfindən əsassız olaraq şişirdilmişdir. Odur ki, məhkəmə həm cərimənin yüksək məbləğdə hesablanmasını, həm də onun qanunla borclunun öhdəliyin vaxtında icrasının təmini vasitəsi olaraq nəzərdə tutulduğunu və tərəflər arasında bağlanmış müqavilə ilə müəyyən edildiyini nəzərə alaraq cərimənin 998,5 manat məbləğində tutulmasını daha ağlabatan hesab edir.
37. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı lizinq obyektinin ona qaytarılmasını tələb etməkdə haqlıdır.
38. Qanunvericilikdə lizinq obyektinin geri qaytarılması şərtləri konkret göstərilmişdir. Onlardan biri də lizinq alanın lizinq haqqının müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəməməsidir (§ 20).
39. İş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, cavabdeh lizinq haqqını sonuncu dəfə xx.xx.2019-cu il tarixdə ödəmiş və bundan sonra heç bir ödəniş etməmişdir. Odur ki, iddiaçı lizinq obyekti olan Avtomobilin qaytarılmasını da tələb etməkdə haqlıdır.
40. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalı, həmçinin ekspert xərci cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
41. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. "Toyota Camry” markalı, **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh alınaraq İddiaçı MMC-yə qaytarılsın. xx.xx.2018-ci il tarixli, 1801/0441 saylı “Daxili lizinq müqaviləsi” üzrə 9984,37 manat əsas, 4333,22 manat faiz və 998,50 manat dəbbə pulu, cəmi 15316,09 manat məbləğində pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. 150 manat ekspertiza xərci Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Pərviz Zamanlı