Məhkəmə qərarları › İş №2(011)-6076/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6076/2022

09.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6076/2022 09.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı – cavabdeh tərəfindən iddiaçıya məxsus ünvan 1 ünvanına (abonent kodu:**********00000) əsassız olaraq yazılmış 4500 manat cərimə borcunun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında fərdi yaşayış evi iddiaçıya məxsusdur. İddiaçının özünə məxsus fərdi yaşayış evi üçün cavabdehlə müqavilə bağlanmış sayğac quraşdırılmışdır. Lakin sonradan məlum olmuşdur ki, iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə qaz istifadə etməsini əsas gətirərək cərimə borcu hesablanmışdır. İddiaçı hesab edir ki, ona yazılan cərimə borcu əsassızdır və silinməlidir. İddiaçı qeyd edir ki, məişət qaz qurğusu ilə yazılan məbləğdə qaz istifadə edilməsi münkün deyildir. Həmçinin o kənar xətt vasitəsi ilə qazdan istifadə etməmişdir və bununla bağlı sübut yoxdur. Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili X3 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh nümayəndəsi X4 iddia ərizəsinə etiraz edərək, izahatında göstərdi ki, akt tərtib ediləndə iddiaçının xəbəri olmuşdur, təbii ki, o akta imza etməkdən imtina etmişdir və qeyd olunan borcun bir qismi istehlakçının debitor borcudur. Hesab edir ki, iddia əsassızdır və məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar xətt vasitəsindən istifadə edilir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusu kənar təsir nəticəsində deşilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonent saldosundan görünür ki, İddiaçı 2022-ci ildə 4525,35 manat məbləğində borc hesablanmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.4-cü bəndinə əsasən, qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Yuxarıda göstərilən Qaydaların 6.6-cı bəndinə əsasən, qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qeyd edilən Qaydaların 6.7-ci bəndinə əsasən, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş üzrə məhkəmə yerli baxışı təyin edilmiş və ünvan 2 ünvanında İddiaçı məxsus fərdi yaşayış evinin yerləşdiyi ünvanda təbii qazdan istifadə ilə əlaqədar sayğacdan kənar qoşulma halı, eləcə də qoşulmaya xarakterik əlamətlər aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının yaşadığı ünvanda qaz sayğacından kənar xətt aşkar olduğuna görə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 4500 manat məbləğində borc iddiaçıdan tələb edilmiş, lakin göstərilən hal məhkəmə araşdırılması zamanı və ünvana keçirilmiş yerli baxış nəticəsində öz təsdiqini tapmamışdır. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Cavabdeh iddiaçının sayğac vasitəsilə hansısa həcmdə qaz istehlak etdiyinə dair də məhkəməyə sübut təqdim etməmişdir. Buna görə də, iddiaçının qeyd olunan məbləğdə qaz istehlak etməsi də inandırıcı və ağlabatan görünmür. Cavabdehin nümayəndələri tərəfindən itirilmiş qazın dəyəri hesablanarkən hər hansı bir normativ hüquqi akta, hansısa qaydalara da istinad edilməmişdir. Bu cür hesablama üsulu ilə nəinki iddiaçının, ümumiyyətlə hansısa şəxsin cavabdehə hansı miqdarda maddi ziyan vurmasını müəyyən etmək mümkünsüzdür. Tələb olunan borcun real, həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğu sübuta yetirilməlidir və bu halda sübutetmə yükü təchizatçının üzərinə düşür. Məhz cavabdeh, hesablanmış borcun həqiqətən sərf olunmuş qaza görə hesablanmış borc olduğunu sübuta yetirməlidir. Məhkəmə hesab edir ki, akta görə hesablayıb tələb etdiyi məbləğ baxımından cavabdeh bunu sübut edə bilməmişdir və istinad etdiyi aktlar iddiaçının və hal şahidlərinin iştirakı olmadan tərtib olunduğundan mötəbər sayıla və ona əsasən hesablanmış cərimə məbləği qanuni hesab edilə bilməz. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddiaçının təqsiri sübut olunmadığından, evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 4500 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 4500 manat olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 65 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 3 ünvanı üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu: **********00000 olan) hesablanmış 4500 (dörd min beş yüz) manat məbləğində borc silinsin. Cavabdehndən 65 (altmış beş) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar