Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6115/2025 06.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı o Laçın rayonundan məcburi köçkün kimi məskunlaşdığı ünvan 1 ünvanı üzrə hesablanmış 3842.37 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri ondan ibarət olmuşdur ki, onun məcburi köçkün kimi məskunlaşdığı, ünvan 1-cü ünvana X1 tərəfindən xx.xx.2024-cü il tarixdə təbii qaz sayğacı dəyişdilərək yeni sayğac quraşdılmışdır. Sayğac çıxarılarkən o orada olmuşdur və sayğacda heç bir qüsur aşkar edilməmişdir, sayğaca müdaxilə olmamışdır və o akta qol çəkmişdir. Onun və ailə üzvlərinin yaşadığı ünvanda mütamadi olaraq istifadə edilən təbii qaz sərfıyyatı vaxtında ödəmişdir. Təbii qaz sayğacında və plombunda heç bir müdaxilə yaxud cizgi olmamışdır. Təbii qaz sayğacını çıxarılmış köhnə sayğac Azəriqaz istehsalat birliyinin daxili ekspertizasına göndərilmişdir 7 aydan sonra ona məlum olmuşdur ki, onun məskunlaşdığı dövlət idarəsi ünvanına 3.842 manat məbləğində cərimə pulu tələb edimişdir. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbinə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının cavabdehin nümayəndəsiin iştirakı olmadan keçirilməsini mümkün hesab etdi. İşin halları İş materiallarında olan abonentin saldosuna və gasrepə əsasən İddiaçı 2025-ci ilin dekabr ayına 3842,37 manat məbləğində borcu müəyyən edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 14-2-2/1-17972/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən, iddiaçı - “Azəriqaz" İB-nin Sumqayıt RQİİ-də əhali abonenti kimi qeydiyyatda olan İddiaçı barəsində (abonent kodu: **********29250) itirilmiş qazın sərfi və dəymiş ziyan məbləği ilə bağlı hər hansı bir akt tərtib edilməmişdir. İddiaçının mübahisələndırdiyi borc məbləği sayğacın faktiki göstəriciləri əsasında istehlak olunmuş təbii qaza görə müəyyən edilmişdir və hazırda iddiaçının təbii qaza görə borcu 3798,03 manat təşkil edir. İş materiallarında olan xx.xx.2026-cı il tarixli mütəxəssis rəyinə əsasən abonentin 2013-2024-cü illər üzrə qaz sərfiyyatının hesabatı aşağıda göstərilən kimi olmuşdur: 2013-cü il üçün 1036,80 manat, 2014-cü il üçün 1036,80 manat, 2015-ci il üçün 1036,80 manat, 2016-cı il üçün 1036,80 manat, 2017-ci il üçün 1903,60 manat, 2018-ci il üçün 1903,60 manat, 2019-cu il üçün 1853,60 manat, 2020-ci il üçün 1853,60 manat, 2021-ci il üçün 1646,80 manat, 2022-ci il üçün 2371 manat, 2023-cü il üçün 2371 manat, 2024-cü il üçün 2371 manat, ümumilikdə 20421,40 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixinədək qüvvədə olan redaksiyası
6. Qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər:https://eqanun.az/framework/3422 istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda istehlakçı bu Qanunun 3-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq, müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələrini qaz qurğularına, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə texniki baxış keçirmək üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə həmin оrqаnların göstərişi əsasında; müvаfiq icrа hаkimiyyəti оrqаnının səlahiyyətli nümayəndələri tərəfindən tərtib edilmiş texniki baxış aktında qeyd olunmuş qəza və (və ya) bədbəxt hadisələrə səbəb ola biləcək nöqsanlar istehlakçı tərəfindən nəzərdə tutulmuş müddətdə aradan qaldırılmadıqda həmin оrqаnların göstərişi əsasında; dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında.
7. İstehlakçıya qazın verilməsinin dayandırılması (dini ekstremizm əleyhinə xüsusi əməliyyatın aparılması ilə əlaqədar dayandırma halı istisna olmaqla) yalnız fərdi qaydada həyata keçirilir. Qazın dəyərini vaxtında ödəməyən istehlakçıya qazın verilməsinin dayandırılması, qazın dəyərini vaxtında ödəyən digər istehlakçıların hüquqlarının pozulması ilə nəticələnməməlidir. Qaz xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya yazılı bildirişin göndərilməsi tələb olunan hallarda yazılı bildiriş göndərilmədən qazın verilməsinin dayandırılması qadağandır.
8. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” (xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyada)
2. Qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması, istismara qəbulu və istismarı 2.7. Qaz paylayıcısı tərəfindən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-2-ci maddəsinə uyğun olaraq ildə 1 (bir) dəfə (hər il noyabrın 1-dək) müayinə həyata keçirilir. Müayinə zamanı aşkar edilmiş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması məqsədilə “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət həyata keçirilir.
5. Qazın dəyərinin ödəmə şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı məcburi köçkündü və ünvan 1 ünvanında məskunlaşmışdır. Məhkəmə təqdim edilmiş abonentin saldosundan müəyyən edilir ki, iddiaçı tərəfindən silinməsi tələb olunan 3842,37 manat borc məbləği istifadə olunmuş qaza görə sərfiyyat borcudur. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh İB istifadə olunmuş qazın dəyərinin ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən, mülki iş üzrə təqdim edilmiş sübutlara və tərəflərin izahatlarına məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia əsassız hesab edilərək təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddiaçı Cavabdehnə qarşı 3842.37 (üç min səkkiz yüz qırx iki manat otuz yeddi qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova