Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6121/2022 18.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh ”Azəriqaz” İstehsalat Birliyinə qarşı “əsassız hesablanmış borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ondan əsassız olaraq tutulmuş 1318,79 manat pul vəsaitinin ona geri qaytarılması və cavabdehdən onun xeyrinə 1000 manat dəymiş mənəvi zərərin əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə ünvan 1 ünvanında yaşayır. xx.xx.2017-ci il tarixində cavabdeh təşkilat tərəfindən xəbərdarlıq olunmadan və hər-hansı akt tərtib edilmədən, ziddiyyətli və düzgün olmayan formada adına 1318,79 manat borc hesablanmışdır. Lakin cavabdeh orqanla həmin borcun hansı qaydada hesablanması barədə məlumat almaq mümkün olmamışdır. Cavabdeh tərəfindən əsassız borc yazıldığından heç bir məhkəmə qərarı olmadan cinayətkarcasına cibinə giriblər. Belə ki, hər dəfə təbii qazın istifadəsinə görə ödəmiş olduğu puldan vəsait tuturmuşlar. Belə ki, ondan ümumilikdə 1318,79 manat pul vəsaiti tutulmuşdur. Bu qədər təbii qaza görə istifadə etməsi qeyri-mümkündür. Belə ki, evində qazanxana, pekarnı işlətmir ki, bu qədər də, borcu olmuş olsun. Bu səbəbdən hesab edir ki, məhkəmə qərarı olmadan qanunsuz olaraq karta yüklədiyi vəsaitdən hər dəfə tutulan məbləğlər ona geri qaytarılmalıdır. Hüququnun pozulması nəticəsində iqtisadi vəziyyəti çətinləşmiş və ona maddi, həmçinin mənəvi ziyan vurulmuşdur. Mənəvi zərəri 1000 manat həcmində qiymətləndirir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixdə Bakı Regional qazın satışı Departamentində Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə online təlim təyin edildiyini göstərmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İddiaçı hər dəfə işi ilə əlaqədar Xətai rayon məhkəməsinə gələ bilmədiyini göstərərək işə cavabdehin nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirrakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2i ünvanında qeydiyyatdadır. İddiaçı məxsus **********00022 saylı abonent saldosundan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanına 2017-ci ilin sentyabr ayında 1318,80 manat borc hesablanmışdır. 2 saylı Bakı Asan Kommunal Xidməti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli GPG16044954 Smart sayğaclı abonent çıxarışından görünür ki, iddiaçı tərəfindən smart kartına yüklənmiş vəsaitlər hesabına 1318,80 manat borc bağlanmışdır. Qeyd etmək lazımdır ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin məskunlaşdırılması, sosial müdafiəsi tədbirlərini və bununla əlaqədar dövlət orqanlarının vəzifələrini müəyyən edir. Həmin Qanunun 13-cü maddəsinə görə məcburi köçkünlərə mənzil-kommunal xidmətlərindən və telefondan (şəhərlərarası və beynəlxalq danışıqlar istisna olmaqla) istifadə haqqını ödəmək üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada və məbləğdə müavinət verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına görə, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işguzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir... Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Həmçinin, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər. (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Beləliklə, məhkəmə araşdırılmış sübutlara əsasən İddiaçı yaşadığı ünvan 1 ünvanına 2017-ci ilin sentyabr ayında 1318,80 manat məbləğində borc hesablanmasını, həmin borcun hesablanmasına dair cavabdeh tərəfindən heç bir sübut təqdim edilməməsini, həmin borc məbləğinin cavabdeh tərəfindən iddiaçının karta mədaxil etdiyi vəsait hesabına tutulmasını, nəticə etibarı ilə istehlakçı olaraq iddiaçının hüquqlarının pozulmasını nəzərə alıb qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi borca görə silinmiş məbləğin geri qaytarılması hissəsində təmin edilməli, bununla yanaşı, kifayət qədər əsaslandırılmamasını, həmçinin, digər hissədə iddia tələbinin təmin olunmasını nəzərə alaraq mənəvi zərərin əvəzinin tutulması hissəsində iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi əsas tələb üzrə təmin edildiyinə görə ödənilməli olan 33,20 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı ünvan 1 ünvanına (abonent kodu: **********00022) təbii qazın dəyərinin ödənilməsinə görə 2017-ci ilin sentyabr ayında hesablanmış borcla bağlı smart kartın balansından silinmiş 1318,79 (min üç yüz on səkkiz manat 79 qəpik) manat məbləğində pul vəsaiti Cavabdehndən alınıb İddiaçı geri qaytarılsın. İddia tələbi mənəvi zərərin əvəzinin tutulması hissəsində təmin edilməsin. Cavabdehndən 33,20 (otuz üç manat 20 qəpik) manat dövlət rüsumu tutulub dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6121/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6121/2022
18.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver