Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6122/2022 11.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi ilə, Əliyeva Nailə Namiq qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barəsində iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı –hər birinə 7500 manat məbləğində, ümumilikdə 15000 manat kompensasiya verilməklə mülkiyyətçisi olduğu Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 2 saylı evin 122 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hər birinə 10000 manat olmaqla ümumilikdə 20000 manat kompensasiya verilməklə Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 2 saylı evin 122 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsinda yerləşən 2 saylı evin 122 saylı mənzilinin mülkiyyətçisidir. Həmin mənzilə dair ona Bakı şəhəri Texniki İnventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarasi tərəfindən ÖM seriyall, 223590 M-li Qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdehlar Cavabdeh1 və Cavabdeh2 onun övladlarıdır. Cavabdehlar 5 ildan çoxdur ki, həmin mənzildə yaşamırlar. Bununla baglı cavabdehlər Cavabdeh1, Cavabdeh2 va İsrafilzadə (Hidayatli) Səmayə Xəyyam qızına qarşı mənzildan istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edib, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3551/2022 saylı, 29 avqust 2022-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş, qətnamədə qeyd edilmişdir ki, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra cavabdeh İsrafilzadə (Hidayətli) Səmayə Xəyyam qızının Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsinda yerləşən 2 saylı evin 122 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi üçün əsasdır. Bununla yanaşı digər cavabdehlərə münasibətdə iddia tələbi təmin edilməmiş, hazırki iş üzrə cavabdehlərin kompensasiya verilmədan ona məxsus mənzildən istifadə hüquqlarına xitam verilmasi üçün əsasların mövcud olmaması qətnamədə qeyd edilmişdir. Bu səbəbdən də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciat edir. Ona məxsus mənzildən cavabdehlərin istifada hüquqlarına xitam verilməsi ila bağlı kompensasiya məbləğinin müəyyənləşdirilməsi məqsədilə sifarişi əsasında müstəqil qiymətləndiricilərə müraciət olunmuş, "xxxx" X1 Şirkəti tərəfindən ''daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi" barədə mütəxəssis rəyi almışdır. Həmin rəydə qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsinda yerləşən 2 saylı evin 122 saylı mənzilinin 1 ay üçün icarə dəyəri 311 manat təşkil edir. Cavabdehlərin ona aid mənzildə formal olaraq pasport qeydiyyatında qalması onun mülkiyyət hüquqlarının sərbəst surətdə hayata keçirməyinə mane olur, habela onlara görə mənzilə dair sərəncam vermək hüququnu sərbəst şəkildə həyata keçirə bilmir. Bu səbəbdən də, hesab edir ki, kompensasiya verilməkla cavabdehlərin istifadə hüquqlarına xitam verilməlidir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasında izahat verərək kompensasiya məbləği ilə razılaşmayaraq, 3 ildir ki, həmin evdə yaşamadıqlarını və birlikdə kirayə qaldıqlarını qeyd edərək, iddia tələbini qəbul etmədiklərini bildirdilər. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma va Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən Seriya ÖM, 223590-N-li Qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhər, Xətai rayonu, Telnov küçəsindəki, 2 saylı evin, 63.32 kv.m. yaşayış sahəsindən ibarət 4 otaqlı 122 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə xx/xx/2005ci il tarixində qeydiyyat aparılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3551/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1, İsrafilzadə (Hidayətli) Səmayə Xəyyam qızına və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiası təmin edilməmişdir. Qətnamənin əsaslandırma hissəsində qeyd edilmişdir ki, iddianın Cavabdeh1 və Cavabdeh2 aid hissəsinə dair məhkəmə hesab edir ki, onların istifadə hüququna Mülki Məcəllənin 228.2-ci maddəsinə müvafiq olaraq bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. İşin materiallarına əlavə edilmiş “LEX FORl” X1 şirkətinin LFN 24 saylı, xx.xx.2022-ci il tarixli “daşınmaz əmlakın icarə dəyərinin müəyyən edilməsi barədə” mütaxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2 saylı evin 122 saylı mənzilinin 31 avqust 2022-ci il tarixə 1 ay üçün icarə dəyəri 311 manat təşkil edir. İş materiallarında olan mübahisəli mənzilin yerləşdiyi əraziyə xidmət edən 89 saylı MKİS tərəfindən cavabdehlərin həmin mənzildə “yaşamadıqları üçün təqdim edə bilmədik” qeydi yazılmış məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə hesab edir ki, yaşayış binasının tərkib hissəsində istifadə hüququ ilə bağlı mülkiyyətçi və belə hüquqa malik şəxs arasında yaranmış mübahisələrə də məhz bu prizmadan yanaşılmalıdır. Mülki Məcəllənin 228.2-ci maddəsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünü əks etdirir. Qanunun bu müddəası yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda həmin hüquqa mülkiyyətçinin könüllü iradəsi əsasında məhkəmə qaydasında tələbinə əsasən kompensasiya verilməklə xitam verilməsinin mümkünlüyünü birmənalı təsbit edir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia irəli sürmək hüququna malikdir və iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 228.2ci maddəsi təşkil edir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 26 sentyabr 2007-ci il tarixli Plenumunun qərarına əsasən, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Avropa İnsan hüquqları Məhkəməsi “Marks Belçikaya qarşı” xx.xx.1979-cu il tarixli qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə həmin Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Azərbaycan Respublikasının qanunvericiliyinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna əsaslanmaqla məhkəmə belə nəticəyə gəlir ki, mülkiyyətçinin iradəsinin ziddinə olaraq cavabdehlərin mübahisəli mənzildən istifadə hüququnun saxlanılmasının davam etməsi iddiaçının evə olan mülkiyyət hüququnu “şərti və qeyri-sabit” xarakterli edir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının, cavabdehlərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, mənzildə hazırda yalnız iddiaçı yaşayır. Cavabdehlər qardaşdırlar və onlar 3 ildir birlikdə kirayə qalırlar, mübahisəli mənzildə yaşamırlar. Cavabdehlərin mübahisəli yaşayış sahəsindən istifadə hüququnun saxlanılması mülkiyyətçi kimi iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsi ilə nəzərdə tutulan əmlaka sərbəst surətdə sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə hüquqlarının pozulmasına da gətirib çıxarır. İddianın təmin olunması üçün hüquqi əsas mövcuddur və bu zaman mülkiyyətçinin öz mülkiyyətində olan daşınmaz əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək hüquqları əsas götürülür. İddia irəli sürmüş şəxs (iddiaçı) yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi olmalı, iddia irəli sürülmüş şəxsin (cavabdehin) yaşayış sahəsindən istifadə hüququ olmalı və həmin hüququn xitamı üçün mülkiyyətçi tərəfindən bazar qiyməti ilə müvafiq kompensasiya verilməlidir. Məhkəmə ödəniləcək kompensasiya məbləğinin miqdarını araşdıraraq hesab edir ki, iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Nəzərə alınmalıdır ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. İş materiallarına əlavə edilmiş LEX FORl” X1 şirkətinin rəyinə əsasən müəyyən edilmişdir ki, mübahisəli mənzilin yerləşdiyi ərazidə mənzilin aylıq kirayə haqqı 311 manat təşkil edir ki, bu halda mənzilin aylıq kirayə haqqı bir il üçün 3732 manat, iki il üçün 7464 manat, üç il üçün 11196 manat, dörd il üçün 14928 manat, beş il üçün 18660 manat təşkil edir. Məhkəmə mənzilin yerləşdiyi ərazini, şəraitini, cavabdehlərin hazırda birlikdə başqa yerdə kirayə qaldıqlarını nəzərə alaraq hesab edir ki, istifadə hüququna xitam verilməsinin müqabilində cavabdehlərin hər birinə 10000 manat olmaqla ümumilikdə 20000 manat məbləğində kompensasiya hazırki mübahisə üzrə adekvat bazar qiyməti kimi qəbul edilə bilər və istifadəçilərə davamlı surətdə və təqribən 5 ildən artıq müddətdə başqa yerdə həmin mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir və yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi nəticəsində onlar heç gözləmədiyi bir halda yaşayış sahəsindən təminatsız qalmır. Məhkəmə mülkiyyətçi hesabına istifadəçilərə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki evdə onlara xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün, mülkiyyətçi İddiaçı tərəfindən cavabdehlərin hərəsinə 10000 manat olmaqla ümumilikdə 20000 manat məbləğində pul kompensasiyası ödənilməsini adekvat bazar qiyməti kimi qəbul edir və ədalətli hesab edir. Beləliklə, məhkəmə tərəflərin təqdim etdiyi sübutlara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı – kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlərin hər birinə 10000 manat, ümumilikdə 20000 manat məbləğində pul kompensasiyası verilməsi yolu onların Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 2 saylı evin 122 saylı mənzilinə dair istifadə hüquqlarına xitam verilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216- 220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, 2 saylı evin 122 saylı mənzilinə olan istifadə hüquqlarına, mülkiyyətçi İddiaçı tərəfindən hər birinə 10000 manat, ümumilikdə 20000 manat kompensasiyası verilməsi yolu ilə xitam verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6122/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6122/2022
11.11.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver