Məhkəmə qərarları › İş №2(011)-6164/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6164/2021

15.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6164/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı2, İddiaçı1 cavabdehlər Ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “ipoteka üzə hərracın nəticələrinin ləğv edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı2 və İddiaçı1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qiymətləndirici təşkilat Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, əmlakın hərracdan satılması ilə bağlı tərtib edilmiş 17 dekabr 2019-cu il tarixli 82/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda ləğv prosesində olan "xxxx" ASC ona və qardaşına qarşı "borcun ödənilməsi, tələbin ipoteka predimetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi rayon məhkəməsinə müraciət etmişdir, Bakı şəhər Nəsimi rayon məhkəməsi, 2 (006)-2131/2019 saylı,04 iyun 2019-cu tarixli qətnamə çıxararaq iddianı təmin etmiş və onlardan 28 iyun 2018-ci il tarixli TİK-16- 114310/280618 saylı kredit müqaviləsi üzrə cəmi 35.531 AZN manat kredit borcu, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ödənilmiş 31 manat dövlət rüsumu və xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC -nin xeyrinə tutulmasını qət etmişdir, Bakı şəhər Nəsimi rayon məhkəməsi, 2(006)-2131/2019-013 nömrəli, 04 iyun 2019-cu tarixli icra sənədi Nəsimi rayon icra və probasiya şöbəsinin icraçısı tərəfindən nəzərdən keçirilərək 07.08.2019-cu il tarixli qərarla tutma ipoteka qoyulmuş ona məxsus Bakı şəhəri, Nəsimi rayonu Moskva Prospekti 46 saylı evin 32 saylı mənzilinə yönəldilmişdir, Bakı şəhər Nəsimi rayon məhkəməsinin 19.03.2019-cu il tarixli qərardadı ilə ipoteka predmetinin real bazar qiymətinin müəyyənləşdirilməsi üçün "xxxx" MMC tərəfindən ekspert rəyində sözü gedən mənzilin qiyməti 75.000 manat müəyyən edilmişdir, hazırda həmin ünvanda mənzillərin real bazar qiyməti daha yüksək olduğu üçün qiymətləndirmə tərəfindən verilmiş rəy onu qane etmir, qiymətləndirmə əmlakı qiymətləndirərkən qanunun tələblərini pozduğundan əmlakın qiymətləndirilməsi barədə ekspert rəyi ləğv edilməlidir, hazırkı vəziyyətdə yenidən ekspertiza təyin edilərək real bazar qiymətinin müəyyənləşdirilməsini zəruri sayır, qanunvericiliyə əsasən, əmlakın satışı üzrə iki növbəli hərrac keçirilir, əmlak bu hərraclardan birində satıla bilərdi, hər iki hərracda heç bir alıcı olmamışdır, birinci hərracda ilkin satış qiyməti 75.000 manat, ikinci hərracda isə satış qiyməti isə ilkin satış qiymətindən aşağı, yəni 63.750 manat olmuşdur, lakin hərrac təşkilatı əmlak satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana satmışdır, bu əməl ona qarşı qərəzli edilmişdir, əmlakı ucuz qiymətə özgəninkiləşdirilmişdir, bu səbəbdən hərrac ləğv edilməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Əzizli izahatında bildirdi ki, iddiaçının banka qarşı kredit müqaviləsi üzrə borcu olmuşdur, Nəsimi rayon Məhkəməsinin qətnaməsi ilə 35.531 AZN borc ondan tutulmuşdur, hazırki tələb hərracın ləğv olunması barədədir, əmlakın satılması üçün ilkin və təkrar olmaqla 2 dəfə hərrac keçirilmişdir, hərraclar baş tutmadığı üçün əmlak ipoteka saxlayana, yəni Banka təklif olunmuş və bank tərəfindən 25% aşağı qiymətə alınmışdır, bu barədə iddiaçıya bildiriş də getmişdir və iş materiallarında əlavə edilmiş xəbərnaməyə əsasən də bildiriş onun tərəfindən alınmışdır, əgər bildiriş səhv gedibsə, bu bankın səhvi deyildir, hərrac hərrac mərkəzi tərəfindən keçirilir və bildirişlər hərrac mərkəzi tərəfindən göndərilir, hərracın keçirilməsi barədə məlumatı olmuşdur, iddiaçı qətnamə üzrə cavabdehə olan borcunu ödəmişdir, onun banka borcu yoxdur. Sonda cavabdehin nümayəndəsi N.V.Əzizli qeyd etdiklərini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, X3 04.11.2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 saylı evin, 32 saylı mənzilinin açıq auksion formasında hərracda satılması barədə məlumatlandırılmışdır, mənzilin ilkin satış qiyməti 75000 manat olmuşdur. İş materiallarında olan açıq hərracın keçirilməsinə dair bildirişin surətindən görünür ki, X3 18.11.2019-cu il tarixində saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 saylı evin, 32 saylı mənzilinin açıq auksion formasında hərracda satılması barədə məlumatlandırılmışdır, mənzilin satış qiyməti 63750 (75000-15%=63750) manat olmuşdur. İş materiallarında olan Poçt xəbərnaməsinin surətindən görünür ki, “Daşınar və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi“ MMC tərəfindən açıq hərracın keçirilməsinə dair bildirişlər X2 göndərilmiş və onun tərəfindən 05.11.2019-cu il tarixdə qəbul edilmişdir. İş materiallarında olan 04-10 oktyabr 2019-cu il, 25-31 oktyabr 2019-cu il və22-28 noyabr 2018-ci il tarixli “Birja yenilikləri” qəzetlərinin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 46 saylı evin 32 saylı mənzilinin açıq hərracdan satılması ilə bağlı hərracın keçirilməsi yeri və vaxtı barədə elanlar verilmişdir. İş materiallarında olan 22.11.2019-cu il tarixli Təklifin surətindən görünür ki, ipoteka yüklü Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 saylı evin, 32 saylı mənzil təkrar hərracın baş tutmaması səbəbindən 47813 manata ipoteka saxlayana təklif olunmuşdur. İş materiallarında olan 17.12.2019-cu il tarixli 82/01 saylı Hərracın yekunları barədə protokolun surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-2131/13 saylı, 04.09.2019-cu il tarixli icra vərəqəsi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin və Cavabdeh1 ASC-nin məktubuna əsasən, hərrac keçirilmiş, Cavabdeh1 ASC Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospektində yerləşən 46 saylı evin 32 saylı mənzilini 47812,50 manata almışdır. İş materiallarında olan 22.06.2021-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı2lı oğlu qətnamə üzrə 28.06.2018-ci il tarixli TİK-16-114310/280618 saylı krediti tam olaraq LPO Cavabdeh1a 35.600 manat ödəmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilin satılması üçün 04.11.2019-cu il və 18.11.2019-cu il tarixlərdə açıq hərraclar keçirilmişdir, mənzilin ilkin hərracda qiyməti 75.000 manat, təkrar hərracda qiyməti 63.750 manat olmuşdur, təkrar hərracın baş tutmaması səbəbindən əmlak ipoteka saxlayan Cavabdeh1 ASC-yə 25% aşağı qiymətə (47812,50 manata) təklif olunmuş, 17.12.2019-cu il tarixdə keçirilmiş hərracın nəticəsində 47812,50 manata Cavabdeh1 ASC-yə satılmışdır, İddiaçı1 hərracların keçirilməsi, habelə mənzilin hərracdan satılmasından vaxtında məlumatlı olmuşdur. Bununla belə, mübahisəli əmlaka dair keçirilmiş hərracın nəticələrinin etibarsızlığına əsas verən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, iddia tələbinə münasibətdə qeyd edir ki, mənzilin hərracdan satılması Nəsimi rayon Məhkəməsinin 2(006)-2131/13 saylı, 04.09.2019-cu il tarixli icra vərəqəsi, Nəsimi rayon İcra və Probasiya şöbəsinin və Cavabdeh1 ASC-nin məktubuna əsasən, hərrac təşkilatı tərəfindən həyata keçirilmişdir, hərracın keçirilməsi qanunvericiliyə uyğun olaraq yerinə yetirilmişdir, hərracın keçirilməsi zamanı hər hansı bir hüquq pozuntusu halı aşkar olunmamışdır, qeyd edilənlər isə iddia tələbinin əsassız olması barədə nəticəyə gəlmək üçün kifayətdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda. ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verir. Həmin Qanunun 41.1.-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir Həmin Qanunun 42.3-cü maddəsinə əsasən, istənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir. Həmin Qanunun 42.6-cı maddəsinə əsasən, hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53-cü maddəsinə əsasən, üzərinə həbs qoyulmuş əmlak, qanunla dövriyyədən çıxarılmış və ya dövriyyəsi məhdudlaşdırılmış əmlak istisna olmaqla, həbsin səbəblərindən, əmlakın növündən və mənsubiyyətindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə başqa hal nəzərdə tutulmamışdırsa, tələbkara təklif olunur. Tələbkar imtina etdikdə həmin əmlak tələbkarın imtina etdiyi gündən üç ay müddətində satılmalıdır. Həmin Qanunun 53.2-ci maddəsinə əsasən, borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlak icra xidmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 90-cı maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının ticarət şəbəkələrində (o cümlədən, satışını elektron şəkildə həyata keçirən ticarət şəbəkələrində) satışının təşkili qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 53.3-cü maddəsinə əsasən, əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı1 “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, əmlakın hərracdan satılması ilə bağlı tərtib edilmiş 17 dekabr 2019-cu il tarixli 82/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilənin ləğv edilməsi barədə” iddia tələbi rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 “əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinin ləğv edilməsi, əmlakın hərracdan satılması ilə bağlı tərtib edilmiş 17 dekabr 2019-cu il tarixli 82/01 saylı hərracın nəticələri haqqında protokol və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin ləğv edilməsi barədə” iddia tələbi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar