Məhkəmə qərarları › İş №2(011)-6165/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6165/2025

04.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6165/2025 04.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ünvan 1 ünvanında quraşdırılmış **********60001 abonent kodlu, “Zenner G4T Smart” markalı, **********296 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış 1369 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında ailə üzvləriylə, yəni İ qrup əlil olan oğlu, onun həyat yoldaşı və iki övladları ilə birlikdə yaşayır. Yaşadığım ünvana "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 06 fevral 2023-cü il tarixdə **********60000 abonent kodlu, Zenner G4T Smart markalı, **********296 saylı qaz sayğacı quraşdırılmış və bu barədə ******* saylı akt tərtib edilərək iddiaçıya təqdim edilmişdir. Həmin vaxtdan etibarən iddiaçı qanunauyğun olaraq qaz sərfiyyatından istifadə edir, itirilmiş qaz sərfiyyatına görə vaxtlı-vaxtında ödənişləri həyata keçirir. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları tərəfindən 06 fevral 2023-cü il tarixdə quraşdırılmış **********60000 abonent kodlu, Zenner G4T Smart markalı, **********296 saylı qaz sayğacına baxış keçirilmiş və təbii qazdan istifadə qaydalarının pozulması haqqında həmin tarixdə 14 iyul 2023-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktın tərtib edilməsinə səbəb olaraq bildirilmişdir ki, yaşadığı ünvanda quraşdırılmış **********7 zavod nömrəli sayğaca müdaxilə olunmuşdur. "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları həmin sayğacın giriş plastmas borusunun kənar təsir nəticəsində sındırılması, sayğaca müdaxilə olunması və üzərində olan plombun qoparılmasını, artıq sayğacın istismara yararsız vəziyyətdə olmasını bildirərək, sayğac sökülərək aparılmış, əvəzinə isə yeni sayğac quraşdırılmışdır. Bundan sonra qaz sayğacına əsassız olaraq itirilmiş qaz sərfiyyatına görə iddiaçıya borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsi tələb edilmişdir. Lakin iddiaçı tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Həmin akt əsasında tərtib olunmuş 31 iyul 2023-cü il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”dən də aşkar olduğu kimi, mövcud qaz sayğacının qaz təsərrüfatının layihə-smeta və texniki icra sənədlərinin tələbinə uyğun yeni sayğacla əvəz edilməsi, itirilmiş qazın bərpası məqsədi ilə dəymiş ziyanın hesablanması, ödənilməsi üçün qanunvericiliyə uyğun müvafiq tədbirlərin icrası qərara alınmışdır. İddiaçı tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Kommunal xidmətlərin ödənişlərini icra edən zaman iddiaçıya məlum olmuşdur ki, təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərərə görə itirilmiş qaz sərfiyyatına görə iddiaçıya əhəmiyyətli dərəcədə böyük məbləğdə əsassız borc hesablanmış, borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsini tələb edilmişdir. Bu məsələnin araşdırılması məqsədilə aidiyyəti orqana müraciət olunmuş, nəticədə bununla bağlı iddiaçıya abonentin saldosu təqdim edilmiş və əsassız borc hesablanmışdır. Cavabdeh tərəfindən hesablanmış borc, qazdan istifadəyə görə "Azəriqaz" qaz kartına ödədiyi hər ödənişin yarısından tutularaq çıxılırdı. Lakin bir müddət sonra borcunun ə 1339 manat məbləğində qeyd olunduğunu görmüşdür. Tərəflərin mövqeləri: İddiaçı nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzildə “Caltuspay” tipli, G4 markalı köhnə qaz sayğacı yenisi olan “Zenner” tipli G4 markalı qaz sayğacı ilə əvəz edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda sayğacın giriş plastmas borusunun kənar təsir nəticəsində sınması barədə qeyd aparılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 6480 m3 olması müəyyən edilmişdir. İddiaçı adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2023-cü ilin iyul ayı üzrə 6480 m3 qaz sərfiyyatına görə 777,60 manat, 2024-cü ilin mart ayı üzrə 3048 m3 qaz sərfiyyatına görə 762 manat məbləğində borcunun olması əks olunmuşdur. İşin müəyyən edilən halları: İddiaçı ünvan 1 ünvanı üzrə **********60000 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə mənzildə mövcud olan sayğac yenisi ilə əvəz edilmişdir. Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda qeyd edilmiş pozuntuya əsasən 6480 m3 miqdarında ziyan dəyməsi müəyyən olunmuş və 777,60 manat məbləğində dəymiş zərərin iddiaçı tərəfindən ödənilməsi tələb olunmuşdur. İddiaçı adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində də onun 2024-cü ilin mart ayı üzrə 3048 m3 qaz sərfiyyatına görə 762 manat məbləğində borcunun olması əks olunmuşdur. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış borcdan 1369 manat məbləğində hissəsinin silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 13-cü maddənin 8-ci bəndi. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13-cü maddənin 8-1-ci bəndi. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: Bənd 4.1. Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Bənd 4.2. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Bənd 4.3. Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Bənd 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Maddə 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Maddə 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. Beləliklə, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması iş materialları ilə müəyyən edilmir. Bundan başqa, məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün həm də sayğacın işlək vəziyyətdə saxlanılmasına və sayğacın üzərində olan plombların qorunmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2023-cü il tarixli akt sayğacın giriş plastmas borusunun kənar təsir nəticəsində sınması əsası ilə tərtib edilmişdir. Belə ki, həmin vaxt çıxarılmış sayğacın laboratoriya şəraitində müayinə edildiyi və nəticədə onun üzərində belə bir qüsurun aşkar edildiyi iddia edilir. Nəzərə alınmalıdır ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına, habelə qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə cavabdehliyi də məhz cavabdeh daşıyır. Zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması cavabdehin vəsaiti hesabına həyata keçirilir. Lakin sayğacın istehlakçının təqsiri üzündən zədələnməsi halları istisna təşkil edir. Belə ki, bu halda qeyd edilən işlər yenə də cavabdeh tərəfindən, lakin artıq istehlakçının vəsaiti hesabına yerinə yetirilir. İddiaçının belə bir əmələ yol vermədiyini, aşkar edilmiş qüsurlarda onun təqsirinin olmadığını iddia etdiyi bir halda, qaz sayğacının iddiaçının təqsiri üzündən zədələnməsini sübut etmək məhz bu halı müəyyən edən və hadisəni rəsmiləşdirən cavabdehin üzərinə düşür. Lakin cavabdeh sayğacın iddiaçının, habelə ümumiyyətlə insan fərdinin müdaxiləsi nəticəsində texniki baxımından bu vəziyyətə düşməsini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmin sayğacın laboratoriya şəraitində müayinə edilərək, onda qüsurların aşkar edilməsi və bunun nəticəsi olaraq akt tərtib edilməsi də bu vəziyyətin yaranmasında iddiaçının təqsirli olmasını təsdiq etmir. Həmçinin, İddiaçı adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində 2024cü ilin mart ayı üzrə hesablanmış 762 manat məbləğində borcun hansı əsasla hesablanmasını sübutetmə vəzifəsi Cavabdeh İB-nin üzərinə düşsə də, cavabdeh 762 manat məbləğində borcun iddiaçının adına olan abonent koduna hesablanmasına əsas olmuş sübutlarını məhkəməyə təqdim etməmişdir. İddiaçı adına olan abonent saldosu əsasında ona cəmi 1539,60 manat məbləğində borc hesablandığı müəyyən edilsə də, iddiaçı həmin borcdan ödənişlər etdikdən sonra qalıq 1369 manat məbləğində borcun silinməsini məhkəmədən xahiş edir. Məhkəmə iddia tələbi həcmində mübahisəyə qiymət verməli olduğundan, 2023-cü ilin iyul ayında və 2024-cü ilin mart ayında iddiaçının abonent saldosunun “qalıq və aktlar” bölməsində əks olunmuş cəmi 9528 m3 qaz sərfiyyatına görə əsassız hesablanmış borcdan, ödənilməmiş 1369 manat məbləğində hissəsi silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların sayğacları üzərində olan plombların kənar müdaxilələrdən qorunmaq üçün qaz paylayıcısı tərəfindən müvafiq örtüklə örtülməli olduğundan və fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı kimi qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Ona görə iddianın qiymətinə uyğun olaraq 33,69 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən 2023-cü ilin iyul ayında və 2024-cü ilin mart ayında iddiaçının abonent saldosunun “qalıq və aktlar” bölməsində əks olunmuş qaz sərfiyyatına görə hesablanmış borcdan 1369 manat hissəsi ünvan 2 ünvanında yerləşən mənzil üzrə İddiaçı məxsus **********60000 nömrəli abonent kodundan silinsin. 33,69 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar