Məhkəmə qərarları › İş №2(011)-6178/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6178/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6178/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək, Cavabdeh tərəfindən ona əsassız olaraq borc kimi yazılmış 3110,40 manat borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ona məxsus ünvan 1 ünvanındakı evdə quraşdırılmış qaz sayğacı vasitəsilə təbii qazdan istifadə etmişdir, həmin sayğac köhnə sayğac olmaqla 1995-ci ildə quraşdırılmışdır. Hər ay cavabdeh orqanın əməkdaşları tərəfindən sayğaca baxaraq bildiriş verilmiş və həmin bildiriş əsasında da o, qazdan istifadəyə görə ödənişləri həyata keçirmişdir. 2023-cü ilin aprel ayında sərfiyyatı qeydə almadığı üçün Nəsimi rayon Qaz idarəsinə zəng edərək məlumat vermiş, xx.xx.2023-cü il tarixində qaz sayğacı smart sayğacla əvəzlənərək, köhnə sayac akt tərtib edilərək nəzarətçi və mühəndis tərəfindən götürülmüş, həmin Aktda sayğacın çıxarılma səbəbi kimi “sayğac sərfiyyatı qeydə almır” yazılmışdır. Bundan sonra sayğac nəzarətçi və mühəndis tərəfindən yoxlanılması üçün labaratoriyaya aparılmışdır. Qaz sayğacının yoxlanılması barədə xx.xx.2023-cü il tarixli aktda isə göstərilmişdir ki, “Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkundür. Sayğacdan qaz keçir. Hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır”. Bu akta uyğun olaraq tərtib edilmiş ******* saylı aktda 25920,0 m3 sərfiyyat olduğu göstərilərək ona borc yazılmışdır. Həmin qaz sayğacının istismar müddəti 10 ildir ki, bitib, bununla bağlı Cavabdeha müraciət də etmişdir, lakin onlar hər hansı bir tədbir görməyib. Belə olan halda həmin sayğacda baş vermiş nasazlıqda onun heç bir təqsiri olmadığı halda onun hesabına cərimə yazılması əsassızdır. Sonda İddiaçı iddia tələbinin təmin olunaraq qanunsuz yazılmış cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə G-4 markalı ******* nömrəli qaz sayğacı 2023-cü il aprel ayında G-4 markalı **********621 nömrəli yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvan üzrə “MSK-14-2-2/3-5-4704/Q001-1 nömrəli Akta əsasən ******* seriya nömrəli qaz sayğacı ilə bağlı yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********20000) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 25920 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 10 oktyabr 2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********20000 saylı abonent hesabına “Qalıq və aktlar” hissəsində 04/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmışdır. İş materiallarında olan MSK-14-2-2/3-5-4704/Q001-1 nömrəli Aktdan görünür ki, ******* seriya nömrəli qaz sayğacı ilə bağlı yoxlamanın nəticəsi kimi “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır” qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023cü il tarixli 14-2-2-4/2-H-9xx-xx/2023-195 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanında qaz xəttinin üzərində quraşdırılmış istehlakçı kodu adınıza olan sonradan ödənişli G-4 markalı ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlanılmasına göndərilməsi məqsədi ilə xx.xx.2023-cü il tarixində sonradan ödənişli yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 12.3-cü maddəsinə əsasən dövlət yoxlayıcısının (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Metrologiya İnstitutunun nümayəndəsi) nəzarəti altında Cavabdeh İB-nin Metrologiya Departamentində Dövlət yoxlamasından keçirilmiş və Sayğacların müayinəsi laboratoriyasının 29 04.2023-cü il tarixli MSK-14-2-2/3-5- 4704/Q001-1 aktına əsasən, sayğacın hesablama mexanızminin qoruyucu şüşəsi sınıqdır, hesablama mexanizminin is pirinsipinə maneə törədilməsi mümkündür, qaz keçir hesablama mexanizmi keçən qazı qeydə almır rəyi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifada Qaydaları"nın (Qaydalar) 4.9-cu bəndinə əsasən zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydalara 2 nömrəli əlavə ilə təsdiqlənmiş “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqı müqaviləsi”nın (Müqavilə) 2.2.4-cu yarımbəndinə uyğun olaraq aşkar olunmuş nöqsanlar müvafiq qaydada rəsmiləşdirilərək baxılması üçün aidiyyəti dövlət orqanlarına göndərilir və yalnız təqsiri səbəbindən qaz sayğacı yararsız vəziyətə düşərsə onun təmiri, dəyişdirilməsi istehlakçıdan tələb edilir. Müqavilənin 2.1.5-ci yarımbəndinə əsasən istehlakçıya verilən qazın həcminin dəqiq uçotununun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2023-cü il tarixli ******* nömrəli tərtib edilmiş akta əsasən 25920,0 m3 (3110,40 AZN) itirilmiş təbii qazın həcmi müəyyənləşdirilmişdir. Lakin məsələyə dair tərəflər arasında qarşılıqlı anlaşmanın əldə edilməsi mümkün olmadığı halda Müqavilənin 5.2-ci bəndinə əsasən tərəflər məhkəməyə müraciət edə bilərlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən Bakı Şəhəri Xətai Rayon Məhkəməsi üzrə 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir, sayğaca cavabdeh orqanın əməkdaşları tərəfindən baxış keçirilmiş və “sayğaca baxış keçirildi, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi sınıqdır. Sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsi mümkündür. Sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır” barədə nöqsan qeyd olunmuşdur, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il ******* saylı akt tərtib edilmiş, həmin akt nəticəsində abonentin - iddiaçının **********20000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 04/2023-cü il tarixi üzrə 3110,40 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, məhkəmə hesab edir ki, Akt əsasında 04/2023-cü il tarixə yazılmış 3110,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir, buna görə də, iddiaçı əsassız olaraq hesablanmış 3110,40 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Tarif Şurasının 1 noyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Qərarına əsasən, əhali qrupu üzrə 1200 kub.m-dək (1200 kub.m daxil olmaqla) (manat/1000 kub.m, ƏDV ilə) 120 manat həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********20000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 3110,40 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox, 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 51,11 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********20000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 3110 (üç min yüz on) manat 40 (qırx) qəpik borc silinsin. Cavabdehndən 51 (əlli bir) manat 11 (on bir) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar