Məhkəmə qərarları › İş №2(011)-620/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-620/2023

25.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-620/2023 25.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Ərizəçi1 iştirakı ilə, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 “hüquqi əhəmiyyətli faktın müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0007 nömrəli (KOD ********) şəhadətnaməyə əsasən onlara Ağcabədi rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 05 saylı qərarı ilə 3,99 hektar torpaq sahəsi ayrılmışdır. Həmin şəhadətnamədə mülkiyyətçilərin adları qeyd olunmuş qrafanın 2-ci sətrində X1, 3-cü sətrində X3 və 4-cü sətrində X4 adı yanlış olaraq qeyd olunmuşdur. Belə ki, şəxsiyyət vəsiqələrinə əsasən qeyd olunan sətirlərdə adlar-Ərizəçi2, Ərizəçi3 və Ərizəçi1 kimi göstərilməlidir. Soyadlarda yanlışlıq olduğu üçün qeyd olunan torpaq sahəsinə dair çıxarışı əldə edə və torpaq sahəsi üzərində sərəncam verə bilmirlər. Ərizəçilər düzəliş edilməsi xahişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 6 saylı Beyləqan Ərazi İdarəsinə müraciət etsələr də, idarə tərəfindən xx.xx.2022-ci il tarixli ünvanlamış məktubla düzəlişin edilməsindən imtina edilmişdir. Ərizəçilər ərizədə qeyd olunanlara əsasən, “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 0007 nömrəli (KOD ********) şəhadətnamənin Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını araşdırıb, ərizəçinin izahatına və iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarına əlavə olunmuş AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi1 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş XVİ-ЖГ 306452 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi2 xx.xx.1991-ci il tarixdə Ağcabədi rayonu, Mehrablı kəndində anadan olmuşdur. X2, anası isə Ərizəçi1dır. İş materiallarına əlavə olunmuş XVİ-ЖГ 389478 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 xx.xx.1994-cü il tarixdə Ağcabədi rayonu, Mehrablı kəndində anadan olmuşdur. X2, anası isə Ərizəçi1dır. İş materiallarında olan Azərbaycan Respublikası “Torpağa Mülkiyyət hüququna dair” JN-0007 nömrəli (KOD ********) dövlət aktından görünür ki, X8, X5, X7 və X6 Ağcabədi rayonu Aqrar İslahat Komissiyasının 1998-ci il 30 aprel tarixli 05 nömrəli qərardadı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 3.99 hektar torpaq sahəsi ayrılmışdır. İş materiallarında olan Ağcabədi rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 08 yanvar 2019-cu il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ilə Ərizəçi1 nikah pozulması haqqında qeydi 05 iyun 2018-ci il tarixdə 59 nömrəli akt qeydi ilə tərtib olunmuşdur. İş materiallarında olan 2 saylı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 947042 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə, ürəyin xroniki işemik xəstəliyi səbəbindən Bakı şəhərində ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2022-ci il tarixli, ******* №-li arayışından görünür ki, Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi ev 9, 25 saylı mənzildə Ərizəçi1 qeydiyyatdadır. İş materiallarında olan Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 93 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi1 S.Ə.Şirvani küçəsi, 9 saylı evin, 25 saylı mənzilində yaşayır, X8 vəfat edib, ölən günə kimi həmin yerdə yaşayıb və dəfn mərasimini həmin yerdə Ərizəçi1 keçirmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən Ərizəçi1 ünvanlanmış 24 oktyabr 2022-ci il tarixli, **********61 nömrəli məktubdan müəyyən edilir ki, sözü gedən torpaq sahəsinə aid torpaq sahəsinin “Torpağa Mülkiyyət hüququna dair dövlət aktı” JN-0007 nömrəli sənədində hüquq sahiblərindən X1 dəyişdirilərək, Ərizəçi1 kimi, X3 dəyişdirilərək Ərizəçi2 kimi, X4 dəyişdirilərək Ərizəçi3 kimi qeyd edilməsi ərazi idarəsinin səlahiyyətlərinə aid olmadığından icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazimi sənədləri başqa qaydada ala bilməsin,yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə belə qənaətə gəlir ki, “Torpağa Mülkiyyət hüququna dair” JN-0007 nömrəli (KOD ********) dövlət aktının 2-ci sətrində qeyd olunan X1 Ərizəçi1 olması, 3-cü sətrində qeyd olunan X3 Ərizəçi2 olması və 4-cü sətrində qeyd olunan X4 Ərizəçi3 olması faktını təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Bu hal iş materiallarında olan şəxsiyyət vəsiqələrində, eləcə də doğum haqqında şəhadətnamələrdəki məlumatlarla təsdiq olunur. Göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçilər yol verilmiş yanlışlığın aradan qaldırılması üçün düzgün olaraq məhkəməyə müraciət etmişdirlər. Məhkəmə hesab edir ki, mülki işin baxışı zamanı bilavasitə tədqiq edilmiş sübutlarla təsdiq edildiyi üçün ərizə təmin edilməli, “Torpağa Mülkiyyət hüququna dair dövlət aktı” JN-0007 nömrəli sənədinin (KOD ********) Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. “Torpağa Mülkiyyət hüququna dair dövlət aktı” JN-0007 nömrəli sənədinin (KOD ********) Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə AbbasovA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar