Məhkəmə qərarları › İş №2(011)-622/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-622/2022

10.03.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-622/2022 10.03.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız cərimənin silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 282,36 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ünvan 1 ünvanı üzrə **********30002 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Həmin ünvana quraşdırılmış sayğac sonuncu dəfə 23.02.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. 05.12.2020-ci il tarixdən 22.02.2021-ci il tarixədək iddiaçıya 187,32 manat sərfiyyat hesablanmışdır. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, evində olmadığı vaxt və iştirakı olmadan cavabdehin əməkdaşları tərəfindən sayğacı çıxarılaraq yenisi ilə əvəz edilərək, ona 282,36 manat borc hesablanmışdır. Etdiyi müraciətlərə baxmayaraq borcu silməmişlər. 07.01.2021-ci il tarixdə sayğacı dəyişsələr də, borcu üzrəində saxlamışlar. Cavabdehin hesabladığı borc əsassızdır. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianın əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evi elektrik enerjisi ilə təmin edilməsində istifadə edilən əvvəlki sayğac 23.02.2021-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. İddiaçının adına olan “Abunə haqqında” sənədə əsasən bundan bir gün əvvəl, yəni 22.02.2021-ci il tarixdə iddiaçıya 282,36 manat məbləğində sərfiyyat hesablanmışdır. Həmin sərfiyyatın 187,32 manat hissəsi limit daxili, 95,04 manat hissəsi isə limitdən artıq sərfiyyat olaraq hesablanmışdır. Cavadebeh həmin sərfiyyatən iddiaçının istifadə etdiyi elektrik enerjisi əsasında hesablandığını bildirsə də, məhkəmə qeyd edir ki, iddiaçının adına olan “Abunə haqqında” sənədə əsasən sayğac dəyişdirildiyi vaxtdan əvvəlki dövr üzrə iddiaçının sərfiyyatı il ərzində ən çox 18.69 manat (15.01.2020-ci ilin göstəricisi) olmuşdur. Halbuki, iddiaçıya hesablanmış 282,36 manat sərfiyyat yalnız 05.12.2020-22.02.2021-ci ilədək olan 2 ay 17 günlük dövrü əhatə etmişdir ki, bu da bir ay üçün təqribən 73 manata bərabərdir. Cavabdeh isə iddiaçıya onun əvvəlki sərfiyyatlarından fərqli olaraq sayğac dəyişdirildiyi vaxta təsadüf edən sərfiyyatın artmasının səbəblərini izah edə bilməmiş və bununla bağlı sübutu məhkəməyə təqdim edə bilməmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.1 və 7.3-cü bəndlərində qeyd edilir ki, dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalı və standartların tələblərinə cavab verməlidir. Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Şərh edilən hallara və adı çəkilən müddəalara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya elektrik enerjisinin istifadəsinə görə hesablanmış sərfiyyat qanunvericiliyə uyğun hesablanmamışdır. Lakin məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və iddiaçının silinməsini tələb etdiyi borc məbləği tam deyil, qismən silinməlidir. Belə ki, əvvəldə də qeyd edildiyi kimi, iddiaçıya hesablanmış 282,36 manat sərfiyyat 05.12.2020-22.02.2021-ci ilədək olan dövrü əhatə etmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı həmin dövrdə elektrik enerjisindən istifadə etmiş və silinməsini tələb etdiyi pulun bir qismi də onun elektrik enerjisindən qanuni əsaslarla istifadə etməsi nəticəsində yaranmış sərfiyyatdır. Lakin cavabdeh tərəfindən qanunsuz olaraq hesablanmış sərfiyyatı iddiaçının elektrik enerjisindən real istifadə etdiyi sərfiyyatdan ayrılması iş materialları ilə mümkün olmadığından, məhkəmə əvvəlki iki ayın orta sərfiyyatının əsas götürülməklə hesabat aparılmasını daha münasib hesab edir. Bu halda, 2020-ci ilin dekabr və noyabr ayları üzrə iddiaçının istifadə etdiyi elektrik enerjisinin orta dəyəri (7,70 manat + 5,60 manat = 13,30 manat; 13,30 manat/2 = 6,65 manat) 6,65 manat təşkil edir. Məhkəmə şərh edilənləri nəzərə alaraq belə qənaətə gəlir ki, iddiaçının 2 ay 17 gün (05.12.2020-22.02.2021) istifadə etdiyi elektrik enenrjinin dəyəri olan 17 manat çıxılmaqla, cavabdeh tərəfindən əsassız hesablanmış 265,30 manat (6,65 / 30 gün = 0,2216 manat – bir günlük sərfiyyat; 0,2216 mant x 77 gün, yəni 2 ay 17 gün = 17,06 manat; 282,36 manat – 17,06 manat = 265,3 manat) borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Mülki Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********30002) hesablanmış 265,30 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar