Məhkəmə qərarları › İş №2(011)-6235/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6235/2022

20.10.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6235/2022 20.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı - iddiaçı Qurbanov Rəşad Salman oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” barədə ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddia tələbi: İddiaçı Qurbanov Rəşad Salman oğlu cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı-iddiaçıya məxsus ünvan 1 ünvanda yerləşən evinə (abonent kodu: **********00330) əsassız olaraq hesablanmış 518,40 manat məbləğində borcun silinməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə Azəriqazın əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona bildirmişlər ki, guya tərəfindən qaz sayğacına müdaxilə olunduğu üçün ona 518,40 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə ona bildirdilər ki, çıxarılmış sayğac yoxlamadan keçirilmiş, yoxlama zamanı qaz sayğacının klapanının işlək vəziyyətdə olmaması və yivli birləşmələrin korroziyaya uğraması müəyyən edilmişdir və buna görə ona 518,40 manat cərimə hesablanmışdır. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, o istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. İddiaçı qeyd etmişdir ki, qaz sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən sayğacın çıxarılması haqqında tərtib edilmiş ******* saylı aktdan da göründüyü kimi qaz sayğacı çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğacın daxilinə müdaxilə etmək qeyri mümkündür. O istifadəsində olan qaz sayğacına müdaxilə etməmişdir və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Bundan başqa sayğacın korroziyaya uğramasında onun nə təqsiri ola bilər. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməsinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşları onun bu iradlarına, tələblərinə məhəl qoymamışlar. Cavabdeh İB lazımı qaydada xəbərdar edilməklə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri ona göndərilmiş və iddiaçı Qurbanov Rəşad Salman oğlunun tələbinə dair etirazının və digər sübutlarının olduğu halda 10 iş günü ərzində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Lakin cavabdeh heç bir etiraz və sübutunun olmasını məhkəməyə bildirməmiş və ya təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş: “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 mart 2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın klapanı işlək deyil, yivli birləşmələri korroziyaya uğrayıb. Abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilə 518,40 manat borcu mövcud olmuşdur. “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxarılma səbəbi- “dövlət yoxlanmasına göndərilməsi” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9- cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə tərəfindən işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı Qurbanov Rəşad Salman oğlunun yaşadığı ünvanda qaz sayğacına yoxlanış keçirilən zaman ona akt tərtib olunmuş və itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 518,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdi. Məhkəmə hesab edir ki, müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının (nümayəndəsinin) iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən törədilməsi ciddi şübhə doğurur. Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, qaz saygacı düzgün işləmədiyi halda itirilmiş qazın bərpası məqsədilə Cavabdeh tərəfindən iddiaçı Qurbanov Rəşad Salman oğlunun **********00330 saylı abonent koduna hesablanmış 518,40 manat məbləğində borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatdan az olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 284-5.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh tərəfindən iddiaçı Qurbanov Rəşad Salman oğlunun **********00330 saylı abonent koduna hesablanmış 518,40 manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar