Məhkəmə qərarları › İş №2(011)-629/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-629/2025

24.10.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-629/2025 24.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə2, İddiaçı1 nümayəndəsi Nümayəndə1, İddiaçılar İddiaçı2, İddiaçı17, İddiaçı8, İddiaçı6 nümayəndəsi X1 iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı8, İddiaçı12, İddiaçı17 cavabdehlər Cavabdeh1 MMC-nə, İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “qanunsuz tikilinin sökülməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı8, İddiaçı12, İddiaçı17 cavabdehlər Cavabdeh1 MMC-nə; İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında olan Cavabdeh1 MMC-nin inşa eldiyi N.Rəliyev 25A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində inşa edilmiş 1-ci mərtəbəsində qarajlar və ofis binası olmaqla, ikimərtəbəli tikilinin və bu tikilinin altında olan yeraltı qarajların qanunsuz hesab edilməklə Cavabdeh1 MMC-nin hesabına sökülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK-nın hüquqi varisi Cavabdeh1 MMC 2012-ci ildə binanı tikib istismara verdikdən sonra AR Mənzil Məcəlləsinin 109.5. maddəsinin və öz nizamnaməsinin tələblərinə görə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətini yaradıb (MMMC). MTK-ni ləğv etmək əvəzinə, ümumi yığıncağın qərarı olmadan, binanın idarəçiliyini qanunsuz olaraq ələ alıb, zəbt edib, sonradan isə 2015-ci ildə, eyni VÖEN ilə Cavabdeh1 MMC-yə ötürüb. MTK binanın istismar aktını aldıqdan sonra idarəçiliyi ələ almasından istifadə edərək, qüvvədə olan şəhərsalma və FHN-nin tikintiyə dair normativ sənədlərinin tələblərini pozaraq həyətin düz ortasında, binanın 5 metr yaxınlığında, 1-ci mərtəbəsində və zirzəmidə qarajlar olmaqla, iki mərtəbəli qanunsuz tikili inşa edib, bununla da sakinlərin gediş-gəlişinə ciddi maneələr törədib. Bu tikili binanın bütün həyətini zəbt etmişdir. Qalan ensiz yol hissəsində isə həyətə daxil olan avtomobillər, həm də sakinlər, o cümlədən uşaqlar, yaşlı insanlar, əlil və uşaq arabaları ilə hərəkət edən sakinlər çətinlik çəkirlər, təbii ki bina sakinlərinin narahatlığına səbəb olur və onların həyat və sağlamlıqlarını təhlükəyə məruz qoyur. Sakinlər bloklardan çıxarkən, həmən avtomobil yoluna daxil olurlar ki, bu da çox təhlükəlidir. Qeyd olunub ki, bu tikilinin olması, fövqaladə hadisə baş verdiyi halda FHN-nin yanğın avtomobillərinin və xüsusi texnikalarının, binanın həyətinə daxil olmasını mümkünsüz edib. (AR-nın Yanğın FHN Dövlət Yanğın xidməti 3-cü Ərazi X6 İdarəsindən məktub №3-18-65/2-3761/2024 saylı, xx.xx.2024-cü il tarixli məktub, AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, məktub №3-18-2/2-1128/2023). İki mərtəbəli tikilinin ikinci mərtəbəsi binaların əsas konstuksiyaslarına qanunsuz müdaxilə yolu ilə mərtəbələrinin sayı 16+mansard olan həm Cavabdeh1 MTK-nın, həm də mərtəbələrinin sayı 21 olan "xxxx" MTK-nın tikdiyi binalara metal konstruksiya ilə birləşdirilib. Bununla hər iki MTK binanın əsas konstruksiyasına müdaxilə edib binaların yüklülüyünü artırıblar, nəticədə həm N.Rəfiyev küçəsi 25 ünvanında yerləşən "xxxx" MTK-nın, həm də N.Rəfiyev küçəsi 25A ünvanında yerləşən "xxxx" MTК-nın tikdiyi binalarda yaşayan sakinlərin həyatı risk altına atılıb. "xxxx" MTK-nın binasında 183 mənzil, üç mərtəbəsində insanların kütləvi yığışa biləcəyi iaşə obyektləri (restoran, kafe, mağazalar, diş klinikası və s.). "xxxx" MTK-nın binasında 155 mənzil + mansard, iki mərtəbəsində də həmçinin uşaq bağçası, supermarket, uşaqlar üçün şahmat mərkəzi, restoran və s. yerləşdiyi nəzərə alınsa görün nə qədər insanın həyatı təhlükə altına atılıb. Qeyd edilməlidir ki, hər iki MTK-nın əsas təsisçiləri eyni adamlardır, qalanları isə yaxın qohumlarıdır. MTK-nın özbaşına hərəkətləri barədə dövlət strukturlarına kollektiv müraciətlər də olub, onlara bu əməllərinə görə dəfələrlə xəbərdarlıq edilib, cəzalandırılıblar da. Məktublarda qeyd olunmuşdur ki, yanğın təhlükəsizliyi qaydalarının pozulması, aşkar olunmuş nöqsanlarla bağlı Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, yoxlamanın nəticəsi üzrə qərar təqdim edilərək nöqsanların aradan qaldırılması tələb edilmişdir. “102”, “112” xidmətlərinə, (-994 12) 597 00 47, ***-**-** qaynar xətlərinə dəfələrlə müraciətlər olub. Onların nümayəndələri gələndə işləri müvəqqəti dayandırıblar, bir müddətdən sonra yenə də davam ediblər. Qanunsuz tikintilərin aparılması, MTK-nın özbaşınalığı bu günə kimi də davam edir, vəziyyət dözülməzdir, sakinlərin əsəbləri də gərgin vəziyyətdədir. Bunları onların məhkəməyə təqdim etdikləri fotoşəkillər əyani olaraq təsdiq edir. Bu vəziyyət MTK-nın davamlı olaraq AR qanunlarını pozması, idarəçiliyi zəbt etməsi, Mənzil Məcəlləsinin tələblərinə əməl etməməsi - bu Məcəllənin 109.5. maddəsinin və öz Nizamnaməsinin tələblərini pozaraq mülkiyyətçiləri, ümumi idarəçilikdən uzaqlaşdırması, qanunsuz hərəkətlərinə görə ciddi cəzalandırılmamasının nəticələridir. Əsas səbəb isə MTK-nın uzun illər, qanunsuz olaraq, idarəçiliyi zəbt etməsi və nəticədə binada və ərazisində sərbəst fəaliyyət göstərməsidir. Göstərilən faktları dövlət strukturlarından rəsmi qaydada alınmış aşağıdakı məktublar da təsdiqləyir: AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin məktubunda qeyd olunub: Əməkdaşlar tərəfindən yerində baxış zamanı ünvan 2 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının həyətində uzun illər öncə özbaşına olaraq hər mərtəbəsi 700 m2 olan 2 mərtəbəli (+zirzəmi) qeyri-yaşayış obyektinin inşa edildiyi müşahidə olunmuşdur. (AR Dövlət Şəhərsalma və Arxitekturası yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, 3-35-1/2-0-36-275/2023 saylı 11 may 2023-cü il tarixli məktub). AR Fövqəladə Hallar Nazirliyi X6 Xidməti, 3-cü Ərazi X6 İdarəsindən alınmış son məktubda qeyd olunub: Araşdırma zamanı müraciətdə (onların) qeyd olunan ünvan 3 ünvanda yerləşən Cavabdeh1 MMC-nə məxsus yaşayış kompleksinin həyətində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma sənədləri təqdim olunmadan aparılmış tikinti işləri nəticəsində yanğın avtomobillərinin və xüsusi texnikalarının kompleksin həyətinə sərbəst daxil olmasının mümkünsüz olduğu müəyyən edilmişdir. Bu o deməkdir ki, fövqəladə hadisə baş verdiyi halda insanların təxliyyə olunması mümkün olmayacaq, insan tələfatı riski dəfələrlə artacaq. (AR Yanğın FHN Dövlət Yanğın xidməti 3-cü Ərazi X6 İdarəsindən məktub №3-18-65/2-3761/2024 saylı. xx.xx.2024-ci il tarixli). Xətai Rayonu İcra Hakimiyyəti Başçısının kollektiv müraciətlərinə cavabı bu olub ki, AR Mülki Məcəlləsinin 180.4-cü maddəsinin tələblərinə uyğun olaraq icazə sənədi olmadan şəhərsalma tikinti və normalarının ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmə qərarı əsasında sökülə bilər. (№5-11/2-1-49-010/2024, xx.xx.2024-cü il tarixli). Xətai Rayonu İcra Hakimiyyətinin baş memarı Əhməd Məmmədov sorğularına cavab olaraq bildirmişdir ki. sakinlərin narazılığına səbəb olan amillərin aradan qaldırılması üçün "xxxx" MTK-nin rəhbərliyinə AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən məktub göndərilmişdir. O əvvəlki cavab məktubunda bildirmişdir ki, mövcud qanunvericiliyə əsasən MTK ilə payçılar arasında imzalanmış müqavilə şərtlərinə əsasən tərəflərin öhdəliklərinə əməl olunmadığı təqdirdə və hüquqazidd hərəkətlər baş verdikdə, hüquq-mühafizə və məhkəmə orqanlarına müraciət olunmalıdır. (№5-11/2-Ə- 78/2-071/2023 saylı. xx.xx.2023cü il tarixli). AR FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyindən alınmış cavabda MTK-nın rəhbərliyinə Xətai Rayon İcra Hakimiyyətinə bildirilir ki, əlavə tikililər yerləşdirməklə binanın həyətinə giriş-çıxışın məhdudlaşdırılması barədə həmin ünvanda yaşayan sakinlərin AR Nazirlər Kabinetinə ünvanlanmış 20 iyul 2023-cü il tarixli müraciətinə baxılmışdır. Göstərilənləri nəzərə alaraq, müvafiq qaydada razılaşdırılmış layihədən kənarlaşmaqla binanın həyətində quraşdırılmış qurğunun ləğv edilməsi, sakinlərin haqlı narazılığına səbəb olan amillərin aradan qaldırılması MTK rəhbərliyinə və Xətai rayon İcra Hakimiyyətinə tapşırılmışdır. (№3-18-2/2-1128/2023). Bütün dövlət strukturlarının səlahiyyətli şəxslərinin onların binanın sakinlərinin kollektiv müraciətlərinə cavablarından məlum olur ki, "xxxx" MTK və onun hüquqi varisi "xxxx" MMC tərəfindən idarəçiliyin zəbt edilməsi nəticəsində binaların həyətində 1-ci mərtəbəsindəki qarajlar, 2-ci mərtəbəsində tikilən qeyri-yaşayış sahəsi və bu iki mərtəbəli binanın zirzəmisində tikilən qarajlar, müvafiq dövlət strukturları ilə razılaşdırılmayan, qeyri-qanuni, layihədən kənar tikililər inşa edilib, satılıb. Məqsəd isə qanunsuz yolla varlanmaqdır. İddiaçı X2 vəkili və nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, ünvan 1 ünvanında olan Cavabdeh1 Firmasının inşa eldiyi N.Rəliyev 25A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində inşa edilmiş 1-ci mərtəbəsində qarajlar və ofis binası olmaqla, ikimərtəbəli tikilinin və bu tikilinin altında olan yeraltı qarajlar - qanunsuz tikililərdir. Bu hal vətəndaşların hüquqlarını, onların təhlükəsiz şəraitdə yaşamaq pozur. O, iddia tələbinin əsaslı olduğunu bildirərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı1 nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iştirak edərək, iddia ərizəsinin məzmununa uyğun izahatlar vermişdir və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı2, İddiaçı8, İddiaçı17 və İddiaçı6 nümayəndəsi X3 məhkəmə iclasında iştirak edərək, iddia tələblərini müdafiə etmişlər və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı12 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdeh1 MMC-nin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdır, nümayəndə məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar, lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməməklərinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Cavabdehlərin məhkəmə iclasına gəlməməklərinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət qəbul komissiyasının 171797 saylı, xx.xx.2012-ci il tarixli aktından görünür ki, Xətai rayonu, N.Rəfiyev küçəsi, 1171 saylı məhəllədə 16 mərtəbəli (+mansarda) 3 girişli yaşayış binası (1 və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi və avtodayanacaq) istismara qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanan xx.xx.2021-ci il tarixli, XO-02-04-Ə-56/6-2021-02443 saylı məktubun surətindən görünür ki, Xətai rayonu, 1171-ci məhəllə, N.Rəfiyev küçəsi, 25A ünvanında "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilmiş və istismara verilmiş hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində sakinlər üçün nəzərdə tutulmuş avtodayanacaq hissəsində arakəsmə divarların tikilməsi və sahənin iki hissəyə bölünməsi işlərinin aparılması müşahidə edilmişdir. Məlumat üçün bildirilir ki, göstərilən ünvanda müraciət müəllifinin öncə daxil olmuş şikayətinə əsasən Nəcəfqulu Rəfiyev küçəsi 25A ünvanında yol verilmiş qanunsuzluqların aradan qaldırılması üçün Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə xx.xx.2020-ci il tarixli xx.xx-1660 nömrəli məktub göndərilməsinə baxmayaraq, bu günədək heç bir konkret tədbir görülməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən İddiaçı12 ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-35-1/2-H-48-36-216/2023 saylı məktubun surətindən görünür ki, ünvan 6 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının həyətində uzun illər öncə özbaşına olaraq hər mərtəbəsi təqribən 700 m2 olan 2 mərtəbəli (+zirzəmi) qeyri-yaşayış obyektinin inşa edildiyi müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən Nümayəndə1 ünvanlanan xx.xx.2023-cü il tarixli, 3-35-1/2-Ə-36-275/2023 saylı məktubun əslindən görünür ki, ünvan 7 ünvanlarında "xxxx" MTK tərəfindən inşa edilmiş yüksəkmərtəbəli yaşayış binasının həyətində uzun illər öncə özbaşına olaraq hər mərtəbəsi təqribən 700 m2 olan 2 mərtəbəli (+zirzəmi) qeyri-yaşayış obyektinin inşa edildiyi müşahidə olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Nümayəndə1 ünvanlanmış cavab məktubun surətindən görünür ki, ünvan 8anında yerləşən "xxxx" MMC-yə məxsus yüksək mərtəbəli yaşayış binasında yanğın-texniki müayinə keçirilmişdir. Müayinə zamanı müraciətdə qeyd olunan ünvan 8anında yerləşən "xxxx" MMC-yə məxsus yüksək mərtəbəli yaşayış binasında insanların gediş-gəlişi üçün nəzərdə tutulmuş ehtiyat çıxış yolunun bağlı olduğu məlum olmuşdur. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar aşkar olunmuş nöqsanlarla bağlı Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, yoxlamanın nəticəsi üzrə Qərar təqdim edilərək nöqsanların aradan qaldırılması tələb edilmişdir. Müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-18-65/2-682/24 nömrəli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-18-65/2-684/24 nömrəli məktublar ünvanlanaraq icrası nəzarətdə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi X6 İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə Nümayəndə1 ünvanlanmış cavab məktubun surətindən görünür ki, ünvan 8anında yerləşən Cavabdeh1 MMC-nin VÖEN-i Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestri sisteminə daxil edilərək xx.xx.2022-ci il tarixli KY221877264 saylı çıxarış əsasında yanğın-texniki müayinə keçirilmişdir. Yanğıntəhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar aşkar olunmuş nöqsanla bağlı Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş, yoxlamanın nəticəsi üzrə Qərar təqdim edilərək nöqsanların aradan qaldırılması tələb edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Nümayəndə1 ünvanlanmış cavab məktubun surətindən görünür ki, ünvan 8anında yerləşən Cavabdeh1 MMC-nin VÖEN-i Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestri sisteminə daxil edilərək çıxarış əsasında Cavabdeh1 MMC-yə məxsus yüksək mərtəbəli yaşayış binasında yanğın-texniki müayinə keçirilmişdir. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar aşkar olunmuş nöqsanlarla bağlı Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, yoxlamanın nəticəsi üzrə Qərar təqdim edilərək nöqsanların aradan qaldırılması tələb edilmişdir. Müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-18- 65/2-2855/24 nömrəli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-18-65/2- 2854/24 nömrəli məktublar ünvanlanaraq icrası nəzarətdə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X6 Xidməti 3-cü Ərazi X6 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Nümayəndə1 ünvanlanmış cavab məktubun surətindən görünür ki, ünvan 8anında yerləşən "xxxx" MMC-yə məxsus yaşayış kompleksinin həyətində müvafiq icra hakimiyyəti orqanları ilə razılaşdırma sənədləri təqdim olunmadan aparılmış tikinti işləri nəticəsində yanğın avtomobillərinin və xüsusi texnikaların kompleksin həyətinə sərbəst daxil olmasının mümkünsüz olduğu müəyyən edilmişdir. Yanğın-təhlükəsizliyi qaydalarının pozulması ilə əlaqədar aşkar olunmuş nöqsanlarla bağlı Cavabdeh1 MMC-nin rəhbərliyi barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş, yoxlamanın nəticəsi üzrə Qərar təqdim edilərək nöqsanların aradan qaldırılması tələb edilmişdir. Müvafiq tədbirlərin görülməsi üçün tərəflərindən Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-18- 65/2-3760/24 nömrəli, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəhbərliyinə xx.xx.2024-cü il tarixli 3-18-65/2- 3754/24 nömrəli məktublar ünvanlanaraq icrası nəzarətdə saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Nümayəndə1 ünvanlanmış xx.xx.2023-cü il tarixli cavab məktubun surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı və Bakı Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılaşdırılmış memarlıq-planlaşdırma həlli layihəsinə əsasən "xxxx" MTK tərəfindən inşa olunaraq, Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət X4 müayinə rəyi əsasında Dövlət Komissiyası tərəfindən istismara qəbul edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən Nümayəndə1 və digərlərinə ünvanlanmış xx.xx.2024-cü il tarixli cavab məktubun surətindən görünür ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.4 maddəsinin tələblərinə uyğun olaraq icazə sənədi olmadan şəhərsalma tikinti və normaların ciddi surətdə pozmaqla tikilmiş tikililər və qurğular məhkəmə qərarı əsasında sökülə biləcəyi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Emin Eminliyə və digərlərinə ünvanlanmış xx.xx.2021-ci il tarixli cavab məktubun surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin arxiv məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən qeyri-yaşayış sahələri üzərində hüquqlar maliyyə arayışı, istismara icazə razılaşdırılmış layihə və Mənzil Tikinti Kooperativi üzvlərinin ümumi iclasının protokolundan çıxarışına əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinin mütəxəssisləri tərəfindən yenidən texniki inventarlaşdırma və ölçü işlərinin aparılması üçün əmlaka müayinə baxışı keçirilməsinə hüquq sahibi tərəfindən şərait yaradılmamışdır. Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən təsdiq edilmiş binanın layihəsində göstərilən sahədə kənaraçıxma qeyd olunmamış və sakinlərə binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Bundan əlavə binanın həyətində qeydiyyatdan keçmiş əlavə tikililər və qarajlar barədə Xidmətin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində məlumat aşkar olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə ünvanlanmış 3 mart 2025-ci il tarixli, 5-11/2-443/2025 saylı sorğuya cavab məktubun surətindən görünür ki, Xətai rayonu, N.Rəfiyev küçəsi 25 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının həyətindəki ikimərtəbəli binanın tikintisinə dair Rayon İcra Hakimiyyətində məlumat aşkarlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3203 saylı ekspert rəyinin surətindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan 1 ünvanında Cavabdeh1 Firmasının inşa etdiyi çoxmərtəbəli yaşayış binasının həyətində bir ədəd birinci mərtəbəsi ofis və qarajlardan, ikinci mərtəbəsi boş sahədən, üçüncü mərtəbəsi isə müxtəlif təyinatlı otaq və oyun meydançasından ibarət zirzəmi (avtodayanacaq) mərtəbəsi nəzərə alındıqda 4 (dörd) mərtəbəli, zirzəmi (avtodayanacaq) mərtəbəsi nəzərə alınmadıqda isə 3 (üç) mərtəbəli tikilinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan daşınmaz əmlakın dövlət reyestrindən verilmiş seriya RX, ******* saylı çıxarışın surətində (reyestr nömrəsi: **********29-05301-083009) göstərilmiş ünvan 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 1.589,4 kv.metr, ünvan 1 ünvanında Cavabdeh1 Firmasının inşa etdiyi çoxmərtəbəli yaşayış binasının həyətində inşa edilmiş mübahisəli qeyri-yaşayış sahəsinin ümumi sahəsinin 2.607,6 kv.metr təşkil etdiyini nəzərə alaraq, sözügedən qeyri-yaşayış sahələrinin ümumi sahə baxımından eynilik təşkil etmədiyi müəyyən edilmişdir. Həmin rəydən görünür ki, mübahisəli tikilinin faktiki olaraq zirzəmi (avtodayanacaq), birinci mərtəbəsi ofis və qarajlardan, ikinci mərtəbəsi boş sahədən, üçüncü mərtəbəsi isə müxtəlif təyinatlı otaq və oyun meydançasından ibarət olduğu müəyyən edilmişdir. Həmin tikilinin zirzəmi (avtodayanacaq) mərtəbəsi nəzərə alındıqda 4 (dörd) mərtəbəli, zirzəmi (avtodayanacaq) mərtəbəsi nəzərə alınmadıqda isə 3 (üç) mərtəbəli tikilinin olduğu müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2012-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 14 ünvanında yerləşən mənzil İddiaçı2 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 15 ünvanında yerləşən mənzil İddiaçı12 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 16 ünvanında yerləşən mənzil İddiaçı5 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 17 ünvanında yerləşən mənzil İddiaçı6 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 18 ünvanında yerləşən mənzil İddiaçı17 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2014-cü il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 19 ünvanında yerləşən mənzil İddiaçı8 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsi, ev 25A, mənzil 103 (yeni qaydalarla: ünvan 20 ünvanında yerləşən mənzil İddiaçı1 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrinin xx.xx.2021-ci il qeydiyyat tarixli çıxarışın surətindən görünür ki, ünvan 21 ünvanında yerləşən mənzil İddiaçı4 mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan ******* saylı çıxarışın surətindən görünür ki, ünvan 22 ünvanında yerləşən, ümumi sahəsi 1.589,4 kv.m olan qeyri-yaşayış sahəsinin 675,4 kv.m hissəsi Cavabdeh2 (qeydiyyat tarixi: xx.xx.2014-cü il), 914 kv.m hissəsi isə Cavabdeh3 məxsusdur. (qeydiyyat tarixi: xx.xx.2015-ci il). İş materiallarında olan ünvan 22 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş texniki pasportun surətindən görünür ki, hüquq subyektləri Cavabdeh2 və Cavabdeh3 olan həmin sahə 16 mərtəbəli binanın 1,2,3-cü mərtəbələrində yerləşir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə görə bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə bu Məcəllənin 74.1-ci maddəsində nəzərdə tutulmuş qayda tikinti obyektlərinin sökülməsinə də şamil edilir. Həmin Məcəllənin 79.1-ci maddəsinə görə mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur: 1) hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin; 2) xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların; 3) hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla); 4) hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin; 5) bu Məcəllənin 81.1-ci maddəsində nəzərdə tutulmuş ölçülərdən az olan reklam qurğularının, habelə kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının; 6) tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin; 7) fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin; 8) təmir edilən yol və ya mühəndiskommunikasiya təminatı xətlərinin; 9) bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin; 10) hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların; 11) mövcud tikinti obyektinin torpaq sahəsində (tikinti sahəsi istisna olmaqla), yaxud fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində elektrik mühərrikli nəqliyyat vasitələri üçün yerləşdirilən elektrik enerjisi doldurucularının. Həmin Məcəllənin 80.1-ci maddəsinə görə mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 95.1.-ci maddəsinə görə tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 6 ay ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 1 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.1-ci və 95.1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda yan divarlarının və dam örtüklərinin inşası başa çatmamış tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.3-cü maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci, 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin Məcəllənin 95.3-1-ci maddəsinə əsasən bu Məcəllənin 95.1.3-1-ci maddəsində nəzərdə tutulmuş halda tikinti obyektinin sökülməsi barədə qərar müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən qəbul edilir. Bu qərar maraqlı şəxslər tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 95.5-ci maddəsinə əsasən sökülməsi barədə qərar qəbul edilmiş tikinti obyekti 1 ay müddətində onun sahibi tərəfindən sökülmədikdə həmin tikinti obyekti müvafiq icra hakimiyyəti orqanı (reklam qurğuları isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum) tərəfindən sökülür. Həmin Məcəllənin 95.6-cı maddəsinə əsasən tikinti obyektinin sökülməsi müvafiq layihə əsasında həyata keçirilir. Həmin Məcəllənin 95.7-ci maddəsinə əsasən tikinti obyektlərinin sökülməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin 4 saylı, xx.xx.2015-ci il tarixli Plenum qərarının 10.4-cü bəndində qeyd edilmişdir ki, ŞTM-nin müddəalarına uyğun olaraq tikinti obyektlərinin sökülməsi barədə iddianı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi qaldıra bilər. Həmin mübahisələr ümumi (publik) hüquq münasibətlərindən irəli gəldiyindən, onlara inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Həmin qərarın 10.2.-ci bəndinə görə ŞTM-nin 95.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 95.1.4-cü və 95.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda müvafiq icra hakimiyyəti orqanı tikinti obyektinin sökülməsi barədə məhkəməyə müraciət edir. Həmin qərarın 10.3-cü bəndinə görə “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 04 sentyabr tarixli 695 saylı Fərmanının 4.10-cu bəndinə əsasən, ŞTM-nin 95.3-cü maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata keçirir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, işin hallarını araşdıraraq məhkəmə iddia tələbləri ilə bağlı aşağıdakı halları qeyd etməyi zəruri hesab edir. Belə ki, iş materiallarından görünür ki, iddiaçılar ünvan 1 ünvanında Cavabdeh1 MMC-nin inşa eldiyi 16 mərtəbəli yaşayış binasının həyətində inşa olunmuş: 1-ci mərtəbəsində qarajlar və ofis binası yerləşməklə, ikimərtəbəli tikilinin və bu tikilinin altında olan yeraltı qarajların inşasının qanunsuzluğunu iddia edərək, həmin tikilinin sökülməsini tələb edirlər. İddiaçı1 Cavabdeh1 MMC ilə yanaşı cavabdehlər Cavabdeh2 və Cavabdeh3 cavabdehlər qismində cəlb edərək, mübahisəli tikilinin bu cavabdehlərə məxsus qeyriyaşayış sahəsi olduğunu iddia etmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məxsus qeyri-yaşayış sahəsi həmin ünvanda Cavabdeh1 MMC tərəfindən inşa edilmiş (istismara qəbul edilmiş) 16 mərtəbəli binanın 1,2,3-cü mərtəbələrini əhatə etməklə, mübahisəli tikili ilə üst-üstə düşmür və mübahisə predmetini təşkil etmir. Belə ki, iddiaçıların mübahisələndirdikləri tikili 16 mərtəbəli binanın bir hissəsi deyil, mübahisəli ünvanda “П” şəklində inşa edilmiş əsas binanın həyətində inşa olunmuş tikilidir. Buna görə də İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı iddia tələbləri təmin edilməməlidir. Bundan əlavə məhkəmə qeyd edir ki, iddia tələbində mübahisəli tikilinin 1-ci mərtəbəsində qarajlar və ofis binası, altında yeraltı qarajlar olan ikimərtəbəli tikili olması qeyd edilsə də, ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin tikili ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş 16 mərtəbəli binanın həyətində (sxemi rəyə əlavə edilir) inşa edilmiş sahəsi 2.607,6 kv.m olan qeyri-yaşayış binasıdır. Bu tikili faktiki olaraq zirzəmidən (avtodayanacaq), birinci mərtəbəsi ofis və qarajlardan, ikinci mərtəbəsi boş sahədən, üçüncü mərtəbəsi isə müxtəlif təyinatlı otaq və oyun meydançasından ibarətdir. Həmin tikilinin zirzəmi (avtodayanacaq) mərtəbəsi nəzərə alındıqda, 4 (dörd) mərtəbəli, zirzəmi (avtodayanacaq) mərtəbəsi nəzərə alınmadıqda isə 3 (üç) mərtəbəli olduğu müəyyən edilmişdir. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçıların sökülməsini tələb etdikləri mübahisəli tikili - göstəricilərinə görə tikintisinə icazə tələb olunan tikililər kateqoriyasına aid edilir. Yuxarıda sadalanmış normalardan da görünür ki, qanunvericilikdə bu kimi tikililərin inşasına icazənin alınmasının zəruriliyini şərtləndirməklə, sözügedən tikintinin layihəsinə inzibati nəzarət Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edilmişdir. Həmçinin, bu kimi tikililərin qanunvericiliklə nəzərdə tutulmuş qaydaların pozulması ilə inşası halları aşkar edildikdə, həmin tikililərin sökülməsinə dair məhkəməyə iddia vermək hüququ Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə aid edilmişdir. İddiaçılar bu quruma müxtəlif müraciətlərin edildiyini qeyd etsələr də, onların sözügedən tikintinin sökülməsi barədə iddia verməyə subyektiv hüquqları yoxdur. Buna dair subyektiv hüquq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə məxsus olmaqla, həmin tələblərə mülki mühakimə icraatı deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir, ikinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı8, İddiaçı12, İddiaçı17 Cavabdeh1 MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı ünvan 23 ünvanında olan "xxxx" Firmasının inşa etdiyi N. Rəlıyev 25A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının həyətində inşa edilmiş 1-ci mərtəbəsində qarajlar və ofis binası olmaqla, ikimərtəbəli tikilinin və bu tikilinin altında olan yeraltı qarajların qanunsuz hesab edilməklə, "xxxx" Firmasının hesabına sökülməsi barədə iddia ərizəsi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza xərci - 100 manat pul vəsaiti müştərək qaydada iddiaçılardan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət rüsumu iddiaçılara aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı6, İddiaçı8, İddiaçı12, İddiaçı17 cavabdehlər Cavabdeh1 MMC-nə; İddiaçı1 cavabdehlər Cavabdeh1 MMC-nə, Cavabdeh2 və Cavabdeh3 qarşı (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ünvan 23 ünvanında "xxxx" MMC-nin inşa etdiyi çoxmərtəbəli yaşayış binasının həyətində inşa olunmuş 1-ci mərtəbəsində qarajlar və ofis binası olmaqla, ikimərtəbəli tikilinin və bu tikilinin altında olan yeraltı qarajların qanunsuz hesab edilməklə, "xxxx" MMC-nin hesabına sökülməsi barədə iddia ərizəsi təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti müştərək qaydada iddiaçılardan tutularaq dövlət büdcəsinə ödənilsin. Dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar