Məhkəmə qərarları › İş №2(011)-63/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-63/2023

06.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-63/2023 06.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borc məbləğinin silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azərqaz” İB-yi tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə hesablanmış 4923,42 manat borcun silnməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, hazırda ünvan 1 ünvanında yerləşən 18A nömrəli evdə yaşayır, həmin ünvana dair Cavabdeh İB ilə aralarında qazın alğı-satqısına dair müqavilə bağlamış, həmin müqavilə nəticəsində mənzilinə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşırılmışdır, evində quraşdırılan qaz sayğacın kartı vasitəsilə müəyyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuş, Bakı regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildirmişlər ki, sayğacı işlək vəziyyətdə deyil, nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 4923,42 manat borc yazılıb və bu pul ondan tələb olunur, evində qurşdırılan qaz sayğacına onun tərəfindən heç bir müdaxilə edilməyib, belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti o yox, cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğca nəzarət edilməli olduğunu bildirir, Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir, kart vasitəsilə həmişə ödəniş etmiş və heç bir çətinlik olmamışdır. Həmçinin iddiaçı bildirdi ki, yaşadığı ünvanda əlavə xətdən qaz çəkməmişdir, ünvan üzrə 2 ay əvvəl 147 manat, sonra 70 manat, sonra 50 manat borc hesablanıb, əvvəlki ikisini ödəmişdir, pensiyasını aldıqdan sonra bu ayı da ödəyəcəkdir, sayğac kartla işləmir, mexanikidir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman sayğacdan kənar təbii qazdan istifadə olunması və sayğacın elementinin biydiyi və yivli birləşmələrin korroziyaya uğradığı aşkar olunmuş, bu barədə müvafiq olaraq akt tərtib olunaraq, dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmış, iddiaçının hesabına borc yazılmışdır, həmin borc da iddiaçıdan tələb olunur, qaz sayğacı quraşdırılarkən rezin boru qoyulmuşdur, halbuki polietilen boru olmalı idi, rezin borcu sərfiyyatı yanlış hesablayır, boru iddiaçı tərəfindən çəkilmişdir, onun çəkilməsindən cavabdehin məlumatı olmamışdır, ünvan üzrə əvvəlcə smart sayğac, daha sonra mexaniki sayğac olmuşdur. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin tam rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan üzrə İtron G-4 tipli sayğac yeni İtron G-4 tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 4266 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “Sayğacın çıxış plasmas borusu kənar təsir nəticəsində deşilib. Yivli birləşmələr korroziyaya uğrayıb” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, xx.xx.2017-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1251 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “Abonent sayğacdan kənar xətlə təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5307 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “Sayğacdan kənar xətt aşkarlandı” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “itirilmiş qazın bərpası üzrə tələblər” barədə hesabatın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2269 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “abonent təbii qazdan qeyri-qanuni istifadə edir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən İddiaçı **********00000 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə 666 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2018-ci il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanı üzrə “mənzildə sayğacdan kənar təbii qazdan istifadə olunur” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2018-ci il tarixli “Qanunsuz istifadə olunmuş qazın dəyərinin hesablanması” haqqında hesabatının surətindən görünür ki, İddiaçı **********00000 saylı abonent koduna xx.xx.2018-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 1998 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus ünvan üzrə İtron G-4 tipli sayğac yeni qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Xəzər, Binə, Xəqani küçəsi ünvanı üzrə “1702AZ**********41 sayğacın elementi bitib. Yivli birləşmələri korroziyaya uğrayıb” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 24 may 2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent koduna 05/2022-ci il tarixinə ay sonuna borc 5439,89 manatdır. İş materiallarında olan 22 avqust 2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı məxsus **********00000 saylı abonent koduna “Qalıq və aktlar” əsasında 2010-cu il üzrə 129 manat, 2011-ci il üzrə 270 manat, 2012-ci il üzrə 649,20 manat, 2013-cü il üzrə 600,40 manat, 2014-cü il üzrə 226 manat, 2015-ci il üzrə 284,40 manat, 2017-ci il üzrə 1103,40 manat, 2018-ci il üzrə 2048 manat, 2022-ci il üzrə 216 manat, həmçinin abonentin 02/2020-ci il tarixi üzrə ayın əvvəlinə və sonuna borc “0”, 04/2020 tarixi üzrə ay sonuna borcu 39,90 olmuş, 05/2020-ci il üzrə “Qalıq və aktlar” əsasında 216 manat, habelə əlavə 4431,99 manat borc yazılmış, abonentin 05/2020-ci il tarix üzrə ay sonuna borcu 4669,09 manat olmuşdur. İş materiallarında olan “Məhkəmə Ekspertizası Mərkəzi”nin xx.xx.2023-cü il tarixli 9/6383 saylı Ekspert Rəyindən görünür ki, 2017-ci və 2018-ci illər üzrə qeyd olunan aktlara əsasən 3.151,40 manat borc hesablanmışdır, İddiaçı sayğac göstəricilərinə əsasən xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 820,00 manat ödəniş etmişdir. Həmin məbləğ Cavabdeh təbii qazdan istifafə qaydalarının pozulmasına görə hesablanmış, qeyd edilən borcun düzgün olub-olmaması məhkəmə tərəfindən qiymətləndirilə bilər. Həmin Rəyə əlavə edilmiş Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaclar xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixlərdə yenisi ilə əvəz edilmişdir, sayğaca baxış keçirilmiş “sayğacın elementi bitib, yivli birləşmələri korroziyaya uğrayıb” barədə nöqsan qeyd olunmaqla, həmin əsasla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı akt tərtib edilmiş, həmin akt əsasında itirilmiş qazın bərpası üzrə 05/2022-ci il tarixə iddiaçının **********00000 saylı abonent koduna 216 (akt əsasında) manat borc yazılmışdır, həmçinin eyni tarixdə ünvan üzrə əlavə 4411,99 manat borc iddiaçının abonent koduna daxil edilmişdir, hazırda həmin məbləğ ondan tələb edilir, ünvan üzrə 02/2020-ci il üzrə ay sonuna borc 0 olmuşdur, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəmi 820,00 manat ödəniş etmişdir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, habelə 05/2020-ci il tarixinə hesablanmış 4411,99 manat və daha çox borcun yaranmasına əsas olan hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh sübutetmə yükü daşıdığı halda, iddiaçının adına olan abonent koduna 05/2020-ci il tarixi üzrə daxil etdiyi 4411,99 manat borc üçün əsas olmuş sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin sayğacda yaranmış hər hansı qüsura görə iddiaçının təqsiri sübut olunmadığından, ümumilikdə yazılmış (02/2020-ci il üzrə 216 manat və 4411,99 manat) 4627,99 manat borc da iddiaçının hesabından silinməlidir. Məhkəmə, iddia tələbinə digər hissədə qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi digər məbləğ istifadə edilmiş qaz sərfiyyatı nəticəsində yaranmışdır ki, bu məbləğ ödənişlər nəzərə alınmaqla 295,43 manat (4923,42-4627,99) təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 4627,99 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərcləri məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduğundan, cavabdeh tərəfindən 66,27 manat məbləğində dövlət rüsumu ödənilməli, habelə ekspertiza tədqiqatını təşkil edən 50 manat cavabdehdən alınaraq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 115-ci maddəsinə görə ekspertizanın keçirilməsi ilə bağlı çəkilən xərc məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 4627 (dörd min altı yüz iyirmi yeddi) manat 99 (doxsan doqquz) qəpik borc silinsin. Cavabdehndən 66 (altmış altı) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul Cavabdehndən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar