Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6322/2021 03.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 388,8 manat ödənilməmiş hissə, 108,2 manat dəbbə pulu olmaqla 497 manat, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 496,4 manat ödənilməmiş hissə, 147,6 manat dəbbə pulu olmaqla 644 manat, 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 954 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu olmaqla 1128 manat, ümumilikdə 2269 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 730,8 manat olan (12 ay x 60 manat 90 qəpik + 0 manat ilkin ödəniş) **********16715 İMEİ nömrəli “Huavei P30 Lite” markalı telefon, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən alqı-satqı qiyməti 778,4 manat olan (12 ay x 49 manat 70 qəpik + 182 manat ilkin ödəniş) **********01284 İMEİ nömrəli "Samsung Galaxy A51" markalı telefon, 06.07.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən cavabdeh alqı-satqı qiyməti 1153 manat olan (18 ay x 53 manat + 199 manat ilkin ödəniş) **********91505 İMEİ nömrəli "Samsung Galaxy A51" markalı telefon almışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 823 manat təşkil etmişdir. Lakin Cavabdeh müqavilələrin şərtlərinə əməl etməyərək öhdəliklərini icra etməmiş, nəticədə onun 12.02.2020-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 388,8 manat ödənilməmiş hissə, 108,2 manat dəbbə pulu olmaqla 497 manat, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 496,4 manat ödənilməmiş hissə, 147,6 manat dəbbə pulu olmaqla 644 manat, 06.07.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 954 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu olmaqla 1128 manat, ümumilikdə 2269 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verib iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqı-satqı qiyməti 730,8 manat olan (12 ay x 60,90 manat + 0 manat ilkin ödəniş) **********16715 İMEİ nömrəli “Huavei P30 Lite” markalı telefon cavabdehə satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqı-satqı qiyməti 778,4 manat olan (12 ay x 49,70 manat + 182 manat ilkin ödəniş) **********01284 İMEİ nömrəli "Samsung Galaxy A51" markalı telefon cavabdehə satmışdır. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 06.07.2021-ci il tarixli nisyə alqı-satqı müqaviləsinin surətindən görünür ki, iddiaçı alqı-satqı qiyməti 1153 manat olan (18 ay x 53 manat + 199 manat ilkin ödəniş) **********91505 İMEİ nömrəli "Samsung Galaxy A51" markalı telefon cavabdehə satmışdır. 05.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdehnın İddiaçı MMC-yə borcu 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 388,8 manat ödənilməmiş hissə, 108,2 manat dəbbə pulu olmaqla 497 manat, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 496,4 manat ödənilməmiş hissə, 147,6 manat dəbbə pulu olmaqla 644 manat, 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 954 manat ödənilməmiş hissə, 174 manat dəbbə pulu olmaqla 1128 manat, ümumilikdə 2269 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti olan mallar haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malların qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, satıcı-İddiaçı MMC 12.02.2020-ci il tarixli, 16.03.2020-ci il tarixli və 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqavilələrində nəzərdə tutulmuş müddətlərdə ödəmək vəzifəsini icra etməyən Cavabdeh verilmiş əşyaların ödənilməsini tələb etdiyindən, iddia təmin olunaraq həmin malların ödənilməmiş dəyəri cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 108,2 manat, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 147,6 manat və 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 174 manat dəbbə pulunun alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında ödənilməməsinə görə tələb olunan dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, 12.02.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 38,2 manat, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 47,6 manat və 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 74 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 88 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümunun 88 faizi, yəni 26,40 manat cavabdehə aid edilməklə ondan iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 12.02.2020-cu il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 388,8 manat ödənilməmiş hissə, 38,2 manat dəbbə pulu olmaqla 427 manat, 16.03.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 496,4 manat ödənilməmiş hissə, 47,6 manat dəbbə pulu olmaqla 544 manat, 06.07.2020-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 954 manat ödənilməmiş hissə, 74 manat dəbbə pulu olmaqla 1028 manat, ümumilikdə 1999 (bir min doqquz yüz doxsan doqquz) manat borc və ödənilmiş dövlət rüsumunun 26,40 (iyirmi altı manat 40 qəpik) manat hissəsi alınıb İddiaçı MMC-yə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-6322/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6322/2021
03.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver