Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6322/2023 11.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “istehlakçı hüququnun müdafiəsi və borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı – ünvan 1 ünvanına "xxxx" ASC tərəfindən qanunsuz tərtib edilmiş akt əsasında 1049.26 manat pul borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvan iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşayır. "xxxx" ASC iddiaçının xəbəri olmadan ailə üzvlərini və iddiaçını xəbərdar etmədən ünvan 2 ünvana akt tərtib ediblər. Səbəb isə iddiaçının evində işıq enerjisi ayda 1 manat 40 qəpik göstərməsi olmuşdur. İddiaçı bildirir ki, Azərişıq ASC-nin işçilərinə ünvan 3 ünvanda yaşayış olmadığından 1 manat 40 qəpik yazmasına səbəb həyətdəki işıqlandırcı fanarın sərfiyatıdır, "xxxx" ASC -nin əməkdaşları isə hal şahidi iddiaçının iştirakı olmadan eyni zamanda Ampermas quraşdırılmadan qanunsuz olaraq iddiaçının mülkiyyətində olan evə 1049.26 manat məbləğində borc yazmışdır. Həmin borcu "xxxx" ASC-nin əməkdaşları hardan necə hesabladıqlarını izah edə bilməmişdirlər. İddiaçı və ailə üzvləri həmin akt tərtib edilərkən orada olmamış çünki həmin ünvanda yaşayış olmamışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək, iddia tələbinin təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan abonent saldosundan görünür ki, **********2C001 saylı abunə kodu üzrə sərf olunan elektrik enerjisinə görə abonentin 2023-cü il tarixə 72 manat, 128 manat, 841.10 manat borcu yaranmışdır. İş materiallarında olan, "xxxx" ASC tərəfindən tərtib olunmuş 033890 saylı aktdan görünür ki, fərdi yaşayış evinə sayğac sistemindən kənar xətt daxil olur, həmin kənar xətt 0.4 kvt-luq şəbəkəsindən ümumi kabelin izoliyasiyasını pozaraq xüsusi sıxac vasitəsi ilə mənzilə çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin araşdırılmış hallarından müəyyən olunur ki, "xxxx" ASC-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı evə baxış keçirilərkən elektrik enerjisinə sayğac sistemindən kənar xətt daxil olunması göstərilərək, əsassız akt tərtib olunmuş və 1041.10 (72+128+841) manat məbləğində borc tələb edilmişdir. İddiaçının abonent hesabına borcun hesanlanmasına dair əsas həmçinin cavabdeh qurum tərəfindən tərtib edilmiş akt olduğundan, həmin aktın tərtib edilməsi və zərərin hesablanmasına əsas olmuş halların mövcudluğu və doğruluğunu sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın, yəni cavabdehin üzərinə düşür. Odur ki, iddiaçının təqsiri (hərəkət və hərəkətsizliyi) nəticəsində zərərlərin dəyməsi cavabdeh tərəfindən sübuta yetirilmədiyindən əsaslılığı sübut olunmayan aktlar üzrə hesablanmış zərərlər də istehlakçı tərəfindən ödənilə bilməz. Qanunvericiliyin qeyd edilən müddəalarının tələblərinə əsasən, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. İlkin olaraq zərər hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə vurulmalıdır. Digər şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Məhkəmə baxışı zamanı isə, cavabdeh təşkilat tərtib olunmuş aktda göstərilən pozuntulara görə iddiaçının təqsirli, hüquqa zidd əməllərinin (hərəkətlərinin) olmasını ehtiva edən halları sübut edə bilməmişdir. Məhkəmə həmçinin cavabdeh tərəfindən sübut qismində təqdim edilmiş videoyazıya münasibətdə qeyd edir ki, həmin görüntülərdə belə, iddiaçının təqsirini müəyyən edən hal aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki iş materiallarından da müəyyən olunduğu kimi iddiaçının elektrik enerjisinə görə olan borcu sayğac əsasında, iddiaçının müdaxiləsi və ya digər qanunsuz hərəkəti nəticəsində yaranmış borc olmamışdır. Bu səbəbdən iddia tələbi qismən təmin edilərək, iddiaçının abonent hesabına yazılmş 1041.10 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin olunmuş hissəsi 1041.10 manat olduğundan və iddia tələbi qismən təmin olunduğundan cavabdehdən 30,41 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən ünvan 4 ünvanına hesablanmış 1041.10 (min qırx bir manat, on qəpik) manat borc abonentin hesabından (abonent kodu **********2C001) silinsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30,41 (otuz manat qırx bir qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6322/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6322/2023
11.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver