Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-636/2023 01.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Goradil kəndində yerləşən ona məxsus fərdi evə (abonent kodu: **********11340) ünvanına hesablanmış cəmi 2009,60 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Goradil kəndində yerləşən fərdi ev ona məxsusdur, bir müddət öncə cavabdehin əməkdaşları onun evində qeyri-qanuni, yəni sayğaca müdaxil edilməsi bəhanə gətirilərək evinə cərimə yazılmışdır, halbuki sayğaca müdaxilə olmamışdır, sübut kimi ona saldo və akt surəti verilmişdir, evdə yaşadıqları müddətdə kifayət qədər qaza görə vəsait ödəmişdir, cavabdehin əməkdaşları ona sayğacda problem olduğunu, bu səbəbdən əlavə sərfiyyat haqqı 464,40 manat, 216 manat və 1329,20 manat borcun ödənilməsini tələb etmişdirlər, təbii qazdan istifadəyə görə də yaranmış borclarını da ödəmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən sayğaca müdaxilə olunduğu aşkar olunmuş bu səbəbdən akt tərtib olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna hesablanmışdır, iddiaçının ümumi borcu 2009,60 manatdır, yazılmış 1329 manat borcun yazılmasına dair akt yoxdur, lakin borc vardır, sistemdə bu barədə akt olmadığına görə borcun hansı əsasla yazılmasını deyə bilmir, sayğaclar arasında yaranmış fərq ola bilər, hazırda 2009,60 manat borc iddiaçıdan tələb edilir, həmin borcun yanlış yazılıb-yazılmaması barədə məlumat yoxdur, əgər yanlış yazılma olsa idi, bu barədə daxili yazışma olmalıdır. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən fərdi ev üzrə İTRON G4 markalı 1002AQ**********5 saylı sayğac yeni mexaniki İtron tipli G-4 markalı 1802AZ**********57 saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 fevral 2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən ünvan üzrə akt tərtib edilmiş, aktda “sayğac yararsızdır” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 28 fevral 2019-cu il tarixli “Dəymiş ziyanın bərpası”na dair tələbnamənin surətindən görünür ki, 28 fevral 2019-cu il tarixli ******* №-li akta əsasən, İddiaçı **********11340 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 4644 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktın surətindən görünür ki, istehlakçı İddiaçı məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən yerləşən ev üzrə Smart tipli G-4 markalı 1802AZ**********57 saylı sayğac yeni Zenner tipli G-4 markalı ********** saylı qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus Abşeron rayonu, Goradil kəndində yerləşən ünvan üzrə akt tərtib edilmiş, aktda “sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizmi keçən qazın dəyərini qeyd etmir” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin 30 dekabr 2020-ci il tarixli “Dəymiş ziyanın bərpası”na dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* №-li akta əsasən, **********11340 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 2160 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 10 noyabr 2022-ci il tarixli abonent saldosundan görünür ki, İddiaçı **********11340 saylı abonent koduna “Qalıq və aktlar” əsasında 02/2019-cu il üzrə 464,40 manat, 12/2020-ci il üzrə 216 manat, 10/2021-ci il tarixə 1329,20 manat borc yazılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Abşeron rayonu, Goradil kəndində yerləşən fərdi yaşayış evinə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2018-ci il tarixdə cavabdehin əməkdaşları tərəfindən yenisi ilə əvəz edilmişdir, sayğaca baxış keçirilmiş “sayğac yararsızdır, sayğacın klapanı işlək deyil, sayğacın hesablama mexanizmi keçən qazın dəyərini qeyd etmir” nöqsanları qeyd edilməklə, 28 fevral 2019-cu il tarixli ******* №li və xx.xx.2020-ci il tarixli ******* №-li aktlar tərtib olunmuşdur, həmin aktlar əsasında iddiaçının abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2019-cu il üzrə 464,40 manat, 12/2020-ci il üzrə 216 manat, həmçinin 10/2021 tarixi üzrə 1329,20 manat borc yazılmışdır, hazırda cəmi 2009,60 manat məbləğində borc iddiaçıdan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına, habelə iddiaçının abonent hesabına 10/2021 tarixi üzrə 1329,20 manat borc yazılmasına əsas verən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh sübutetmə yükü daşıdığı halda, iddiaçının adına olan abonent koduna 10/2021-ci il tarixi üzrə daxil etdiyi 1329.2 manat borc üçün əsas olmuş sübutları məhkəməyə təqdim etmədiyindən, həmçinin sayğacda yaranmış hər hansı qüsura görə iddiaçının təqsiri sübut olunmadığından, ümumilikdə yazılmış (02/2019-cu il üzrə 464,40 manat, 12/2020-ci il üzrə 216 manat, 10/2021 tarixdə 1329.2 manat) 2009,60 manat borc da iddiaçının hesabından silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********11340) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2009,60 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın təmin edilmiş həddi və onun 1000 manatdan 10000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 40,09 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********11340 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 2009 (iki min doqquz) manat 60 (altmış) qəpik borc silinsin. Cavabdehndən 40 (qırx) manat 09 (doqquz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə, Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-636/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-636/2023
01.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver