Məhkəmə qərarları › İş №2(011)-6392/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6392/2025

21.10.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6392/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə istifadə hüququna kompensasiya ilə xitam verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh kompensasiya verməklə onun Bakı şəhəri, Xətai rayonu,S.Mehmandarov küçəsi 66 saylı evin 45-ci mənzilindən istifadə hüququna xitam verilməsi və kompensasiyanın məbləği Cavabdeh üçün cəmi 10.800 manat müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, S.Mehmandarov küçəsi ev 66 mənzil 45 iddiaçının mülkiyyətindədir. xx.xx.2004-cü ildə Cavabdeh iddiaçı ilə rəsmi nikaha daxil olmuş, Bakı şəhəri, Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3971/2024 saylı qətnaməsi ilə cavabdehlə aralarındakı nikaha xitam verilmişdir. Birgə nikahdan 2 övladları olmasına baxmayaraq, aralarında olan faktiki münasibətlər tamamilə kəsilmişdir. Əmlakdan birgə istifadə mümkün deyildir. Əmlakdan Cavabdeh də istifadə edərək mənzil daxilində qəsdən psixoloji gərginlik yaradaraq birgə yaşayışı dözülməz həddə çatdıraraq, övladları ilə də münasibətləri pozmuşdur. Cavabdehin istifadə hüququ iddiaçının mülkiyyət hüququnun həyata keçirilməsinə faktiki olaraq (istifadə, sərəncam və sair) mane olur. İddiaçı cavabdehə kompensasiya verilməklə onun istifadə hüququna xitam verilməsi üçün qərara gəlsə də, mediasiya vasitəsi ilə mübahisənin həlli mümkün olmamışdır. Cavabdeh adekvat məbləğdə kompensasiya istəmişdir. Mənzil köhnə tikilinin 9-cu mərtəbəsidir, 3 otaq, təmir vəziyyəti pisdir. Müvafiq bazar məlumatlarına internet resurslarından (bina.az saytı) baxıldıqda və mütəxəsis rəylərinə nəzər saldıqda, cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə həmin mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı yaradılması üçün iddiaçı ona 10.800 (on min səkkiz yüz) manat kompensasiya verilməsini mütənasib hesab edir. Ümumiyyətlə bildirmək istəyir ki, cavabdeh mülkiyyətində olan mənzildə faktiki yaşamağa davam etsədə, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi,2745 saylı bağ sahəsinin 0,6 ha torpaq sahəsində inşa edilmiş bağ evi var. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iddia tələblərini müdafiə edərək, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsalar da, lakin onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin yazılı etirazı: Cavabdeh məhkəməyə etiraz ilə müraciət edərək, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10800 manat kompensasiya ödənilərək mənzilə istifadə hüququmun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia etirazla qarşılanır. Beləki cavabdeh həmin evdə 20 ildən çoxdur ki, yaşayır, o evdə təsərrüfat işləri aparmışdır, hal-hazırdada yaşayır, əşyalarəm, hətta cehiz verilmiş əşyaları da həmin evdədir, ondan iddiaçıda istifadə edir, pasport qeydiyyatındadır. İddiaçı əvvəllər bu kimi iddialarla məhkəmələrə müraciətlər etmişdir, iddiası rədd edilmişdir, (qətnamələr əlavə edilir) Bundan başqa bildirir ki, mənzil təmirli və normal şəraitlidir, 3 otaqlıdır, hazırda mübahisəli mənzilə oxşar evlərin kirayəsi 700-800-900 manat aralığında dəyişir və hətta yuxarıda olanlarda vardır. İddiaçı aylıq 300 manatdan hesablayır, bu ölçüdə yəni 3 otaqlı təmirli yaşamaq üçün hər şəraiti olan mənzil 300 manatdırsa, cavabdeh iddiaçıya həmin vəsaitini versin ev qalsın cavabdehə, iddia tamamilə əsassızdır, beləki iddiaçı qeyd edir bağ evi vardır. Cavabdeh bildirir ki, bağ evi barədə iddiaları var qeyd edir ki, birgə nikahda alınıbdır, ona görədə bölünməsini tələb edir. Ona görədə iddiada bağ evi məsələsinə toxunulması absurddur. İddiaçı kirayə haqqı 800 manatdan 36 ay müddətə vurulmaqla ödəyirsə, iddianı qəbul edə bilər, ancaq hazırki vəziyyətdə iddianı qəbul etmir, iddia əsassızdır. Bundan başqa ekspertdə 2 otaqlı mənzillərə münasibətdə rəy vermişdir, qiyməti 400 manat müəyyən etmişdir, bu da tamamilə əsasısızdır. Mənzil 3 otaqlı olmaqla təmirlidir, hər bir şəraiti var, əşyalıdır, belə mənzillər 700-900 manat və daha yüksəkdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən xahiş edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi kirayə pulu ödənilməklə, yəni 300 manatdan cəmi 10800 manat olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 205444 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzil İddiaçı adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qeyd edilən ünvanının 2025-ci il üzrə kirayə dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmışdır. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 02-284/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilin 2025-ci il üzrə orta aylıq kirayə dəyəri 400 manat təşkil edir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2704/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, 66 saylı evin 45 saylı mənzilindən Cavabdeh istifadə hüququna xitam verilməsi barədə iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3449/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(011)-2704/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Plenum Qərarına əsasən müraciət edənin mənzildən qeydiyyatdan çıxarılma üçün bütün hallarda mənzildən istifadə hüququna xitam verilməsinə dair qətnamənin olması mövqeyi ilə əlaqədar qeyd edilməlidir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıb-yaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, sözügedən Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinə əsasən, məhkəmənin yaşayış sahəsindən çıxarılma və ya istifadə hüququna xitam verilməsi haqqında qətnaməsi şəxsin yaşayış sahəsi üzrə qeydiyyatdan çıxarılması üçün kifayət edir. Bu isə məhkəmə qətnaməsi ilə yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş və ya yaşayış sahəsindən çıxarılmış şəxslərin qeydiyyatdan çıxarılması üçün mülkiyyətçinin yenidən iddia qaldırmasının qarşısını almaqla, prosessual qənaət prinsipinin təmin edilməsinə də xidmət etmiş olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə xx.xx.2004-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3971/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah pozulmuşdur. Qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Mehmandarov küçəsi, ev 66, 45 saylı mənzil xx.xx.2004-cu il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. xx.xx.2009-cu il tarixinədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 54-cü maddəsinə əsasən icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir. Həddi-bulluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir. İcarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. Göründüyü kimi cavabdehin və onun uşaqlarının mənzildən istifadə hüquqları vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Mülki Məcəllənin 228.2-ci maddəsində təsbit olunmuş “bazar qiyməti ilə müvafiq kompensasiya” ifadəsi mənzilin dəyərinə münasibətdə deyil, davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı vermək üçün zəruri olan vəsait kimi başa düşülməlidir. Mülkiyyətçi tərəfindən təklif olunan kompensasiyanın məbləğinin ağlabatan və ədalətli olub-olmaması da məhz bu mövqedən çıxış etməklə, eləcə də bir sıra digər meyarlar nəzərə alınmaqla müəyyənləşdirilməlidir. Ümumiyyətlə isə istifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə hər bir konkret işə xas xarakterik halların müəyyənləşdirilməsini və buna uyğun olaraq kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Buna görə də məhkəmə iddiaçının iddia tələbinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qeyd edilən ünvanının 2025-ci il üzrə kirayə dəyərinin müəyyən edilməsi üçün mütəxəssis rəyi alınmışdır. Məhkəmə Ekspertizası Xidmətləri MMC-nin xx.xx.2025-ci il tarixli, 02-284/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında yerləşən 45 saylı mənzilin 2025-ci il üzrə orta aylıq kirayə dəyəri 400 manat təşkil edir. Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir və mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini ümumiyyətlə göstərməyə borclu deyildir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında da ifadə olunub Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Odur ki, Cavabdeh ünvan 3andarov küçəsi,ev 66 45 nömrəli mənzil ünvanından istifadə hüquqlarına 10800 (on min səkkiz yüz) manat kompensasiya verilməklə xitam verilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri təmin edilməsinə baxmayaraq iddiaçının dövlət rüsumunun cavabdehdən tutulması barədə tələbi olmadığından ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh ünvan 3andarov küçəsi,ev 66 45 nömrəli mənzil ünvanından istifadə hüquqlarına 10800 (on min səkkiz yüz) manat kompensasiya verilməklə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar