Məhkəmə qərarları › İş №2(011)-64/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-64/2024

02.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-64/2024 02.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H/südçülük sovxozunda yerləşən fərdi yaşayış evi üzrə **********00237 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. İddiaçının yaşadığı fərdi yaşayış evinə qaz sayğacı sonuncu dəfə xx.xx.2023cü il tarixdə quraşdırılmışdır. Cavabdeh tərəfindən iddiaçının yaşadığı fərdi yaşayış evinə iki dəfə - xx.xx.2022-ci il tarixdə ******* saylı və xx.xx.2022-ci il tarixdə ******* saylı aktlar tərtib edilmiş, hər iki aktda iddiaçının sayğacdan kənar xətt vasitəsilə qazdan qeyriqanuni istifadə edilməsi barədə qeyd aparılmaqla, Bakı Regional Qazın Satışı Dpartamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və birinci akt üzrə qaz itkisinin 16200 m3, ikinci akt üzrə isə 18360 m3 olması müəyyən edilmişdir.

3. Həmçinin, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2022-ci ilin yanvar ayı üzrə 1944 manat, aprel ayı üzrə isə 2203,20 manat məbləğində borcunun olması əks olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı ona hesablanmış (kod: **********00237) 4147,20 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Hövsan südçülük sovxozunda evinin qaz xəttinə quraşdırılmış xx.xx.2022-ci il tarixdən “Zenner smart G-4” markalı **********9 nömrəli qaz sayğacı quraşdırlıb abonent kimi qeydiyyata alınmışdır. Sayğac quraşdırılmamışdan əvvəl qaz xətləri çəkilib hazırlanmış və sayğac quraşdırılması üçün hazır vəziyyətə gətirilmişdir. Qaz xətləri hazırlandıqdan sonra sayğac gətirilənə qədər təxminən 3-4 gün o, sayğacsız qazdan istifadə etmişdir. Buna görə cavabdeh onun haqqında akt tərtib etmiş və ağlasığmaz borc yaratmışdır. Evinin yarımtikili vəziyyətində olması bir otaq və bir mətbəxdən ibarət olmasına baxmayaraq 6 ədəd qaz işlədici cihaz yazmaqla ona borc yaratmışdır. Sonra həmin borcu ondan tutmağa başlamışdır. Bir otaqda bir qızdırıcı və bir mətbəxə bir su qızdırıcısı ola bilər. Dəfələrlə müarciət etsə də, heç bir nəticəsi olmamışdır. Bundan sonra 6 cihaz götürməklə 90 gün geriyə hesabat aparılmışlar. xx.xx.2022-də sayğac quraşdırıblar, xx.xx.2022-də sayğacsız istifadə haqqında akt yazıblar, borc hesablayıblar və xx.xx.2022 tarixli aktla ona yenidən təkrar eyni məsələ haqqında akt yazıb borc hesablayıblar. Nəticədə yarımçıq tikilidə bir otaqlı evdə yandırdığı qaz görə onun borcu 4147.20 manat olmuşdur.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı bildirdi ki, fərdi yaşayış evində qaz sayğacı quraşdırılana qədər 15 gün təbii qazdan sayğacsız istifadə etmişdir. Fərdi yaşayış evində yalnız dəmir soba, ikigözlü qaz piltəsi və su qızdırıcı mövcuddur.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”

11. Maddə 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

12. Maddə 6.7. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

16. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

17. Məhkəmə iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.

18. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. İş materiallarından görünür ki, aktlar iddiaçının adına tərtib edilmiş və onun aktları imzalamaqdan imtina etməsi barədə qeyd aparılmışdır.

19. Məhkəmə ilk öncə qeyd edir ki, iddiaçı həm hazırki, həm də əvvəlki məhkəmə iclası zamanı izahatında fərdi yaşayış evində 2022-ci ilin noyabr-dekabr ayında 15 gün müddətində təbii qazdan sayğacsız istifadə etdiyini etiraf etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsirini sübut etmək yükü cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bunu təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, dəymiş zərərə görə hesabat yalnız xx.xx.2022-ci il tarixli akt üzrə aparılmalıdır. Lakin məhkəmə təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun hesablanması üçün tətbiq edilmiş hesabat müddəti və borc məbləği ilə razılaşmır və hesab edir ki, iddia xx.xx.2022-ci il tarixdə tərtib edilmiş akt üzrə kənar xətdən istifadə nəticicəsində hesablanmış borcun silinməsi hissəsində qismən əsaslıdır.

21. İlk öncə məhkəmə qeyd edir ki, akt üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə Fərdi yaşayış evində PQ4, QSSQş iran sobasından və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabt aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dəmir soba və PQ2 mövcud olmuşdur. Belə ki, iddiaçı son məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız dəmir soba və ikigözlü qaz piltəsi mövcud olmuşdur. Həmçinin, bu hal iş materiallarında olan xx.xx.2024-cü il tarixli ekspert rəyi ilə də öz təsdiqini tapır. Belə ki, həmin ekspert rəyində qeyd edilmişdir ki, fərdi yaşayış evində 1 ədəd PQ-2 tipli qaz piltəsindən və dəmir sobadan istifadə olunması müəyyən olunmşdur. Cavabdeh də digər qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən yalnız dəmir sobanın və PQ-2 tipli qaz piltəsinin istifadəsi ilə əlaqədar hesabat aparılmalıdır. Ekspert rəyində PQ-2 tipli qaz piltəsinin saatlıq qaz sərfiyyatının 0,4 m3 olması müəyyən edilmişdir.

22. Məhkəmə həmçinin hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli akt üzrə hesabat 90 gün deyil, 30 gün müddəti üçün aparılması qanuni və ədalətlidir. Belə ki, cavabdeh qaz sayğaclarının saz vəziyyətdə saxlanılması vəzifəsini daşıyır. Bu vəzifəsinin yerinə yetirilməsindən ötrü cavabdeh istehlakçılar tərəfindən qaz itkisinə səbəb ola biləcək halların qarşısının alınması üçün nəzarət funksiyalarını mütəmadi həyata keçirməli və hər ay borca dair hesabt (qəbz) təqdim etməlidir.

23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.2.1-ci bəndində də qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməsi və həmin Qaydaların 3.2.2-ci bəndinə əsasən qaz qurğularını onların texniki pasportlarında göstərilmiş tələblərə uyğun təhlükəsiz istismar etməsi qazdan istifadə edən istehlakçıların vəzifələri olaraq nəzərdə tutulmuşdur.

24. Qeyd edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt üzrə hesabat müddəti 30 gün müəyyən edilməklə, yalnız dəmir sobanın və ikigözlü qaz piltəsinin isitfadəsi nəzərə alınmaqla, itirilmiş qazın bərpası üçün hesabat aparılmalıdır.

25. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2022-ci il tarixli hesabat üzrə 77,76 manat (0,4 m3 x 12 saat x 30 gün = 144 m3; 144 m3 x 0,12 manat = 17,28 manat və 1,4 m3 x 30 gün x 12 saat = 504 m3 x 0,12 = 60,40) və manat olmalıdır.

26. Məhkəmə həmin hesabatı həmçinin, xx.xx.2024-cü il tarixli ekspert rəyində qeyd edilmiş hesabta qaydasına uyğun tətbiq etmişdir. Belə ki, rəydə qeyd edilir ki, ARDNŞ-nin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarına 2 nömrəli əlavə “Qaz xəttinin işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”ın və ARDNŞ “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən təsdiq edilmiş “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən qaz sobasının (dəmir sobanın) saatlıq qaz sərfi 1,4 m3 müəyyən edilir.

27. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə iddiaçıdan ümumilikdə 77,76 manat məbləğində borcun tələb edilməsi əsaslıdır. Buna görə də, iddia tələbi həmin məbləğdə borcun silinməsi hissəsində təmin edilə bilməz.

28. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

29. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu və ekspertiza xərci cavabdehdən tutulmalıdır.

30. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 60,69 manat məbləğində dövlət rüsumucavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H/südçülük sovxozundanda yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00237) dair İddiaçı hesablanmış 4069,44 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tətqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. 60,69 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar