Məhkəmə qərarları › İş №2(011)-6415/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6415/2023

07.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6415/2023 07.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi (Bundan sonra – Fərdi yaşayış evi) üzrə **********32825 nömrəli abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Fərdi yaşayış evi əvvəllər iddiaçının mülkiyyətində olsa da, xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi əsasında iddiaçı thəmin evi X1 fərdi yaşayış evindən çıxmışdır.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı Fərdi yaşayış evinə əsassız olaraq borc kimi yazılmış 496,21 manat borcun cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd edir ki, Fərdi yaşayış evində yaşayır. Halhazırda həmin mənzili və komunal xidmətləri başqasının adına keçirən zaman ona bildirilmişdir ki, həmin mənzilin işıq sərfıyyatı üzrə 496,21 manat borc vardır. Həmin borc 2001-2022-ci ilissə hesablanmışdır. Bu günə qədər həmin borc barədə ona heç bir məlumat verilməmişdir. Evin elektrik təchizatı üzrə cavbadehə hec bir borcu yoxdur. Əvvəllər də həmin evdə istifadəyə görə yaranmış borclar vaxtı vaxtında ödənilmişdir. İndiyə qədər elektrik təchizatına görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. Çünki o, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi işığa gösə dövlətə olan borcunu ödəmiş.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdehin nümayəndəsi iddia ərizəsini etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

7. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək bildirdi ki, iddiaçının silinməsini tələb etdiyi borc "xxxx" Şirkətin fəaliyyət göstərdiyi dövrdə yaranmış borcdur, həmin borclar dondurulmuşdur və heç bir abonentdən tələb edilmir. Yalnız abonent kodunun dəyişdirilməsi zamanı ona bu tipli borc ödənməsi təklif olunur.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Konstitusiyası:

8. Maddə 26.İİ Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır.

9. Maddə 60 İ Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

6. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

7. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

8. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

9. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

10. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır.

11. Mənzilin əvvəllər iddiaçının mülkiyyətində olması, xx.xx.2023-cü il tarixdə isə alqı-satıq müqaviləsi əsasında Sevil Babayevaya satması işin mübahisəsiz hallarıdır. Belə olan halda iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasının müəyyən edilməsi iş üçün əhəmiyyətlidir.

12. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyası hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun olduğunu (36-cı maddənin İ hissəsi), habelə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilməsini (60 maddənin İ hissəsi) müəyyən etmişdir. Həmçinin də, Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

13. Qeyd edilən müddəalar hüquq və azadlıqlarının, eləcə də maraqlarının pozulmasını ehtimal edən bütün fiziki və hüquqi şəxslərin hüquq və azadlıqlarının, eləcə də maraqlarının qorunması və təmin edilməsi üçün məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malik olmasını təsbit etmişdir. Qanunvericilik müəyyən edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

14. Buna görə də, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulubpozulmadığını (cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri) araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Çünki, iddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı.

15. İşin əvvəldə göstərilən mübahisəsiz hallarından da, müəyyən edilir ki, Fərdi yaşayış evi artıq iddiaçının mülkiyyətində deyil. Buna görə də, iddiaçı əvvəl mülkiyyətçisi olduğu mənzilin elektrik enerjisindən isifadəyə yaranmış borcun silinməsini tələb etmək hüququna, yəni bu mübahisəni irəli ürmək üçün subyektiv hüquqa malik deyil. Məhkəmə qeyd edir ki, hazırki iddia ərizəsi ilə yalnız Fərdi yaşayış evinin hazırki mülkiyyətçisi məhkəməyə müraciət edə bilər.

16. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar