Məhkəmə qərarları › İş №2(011)-6425/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6425/2024

30.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6425/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, birgə Qaraçuxur qəsəbəsində həyət evində yaşayır. Qaz təminatı ilə bağlı müqavilə iddiaçının adına rəsmiləşmiş, abunə kodu **********00000 olan uyğun olaraq elektron sayğac küçədə quraşdırılmışdır. Qaz tələbatına uyğun olaraq vaxtlı-vaxtında ondan istifadə edilmiş, işlənmiş qazın pulu qanunauyğun formada ödənilmişdir. xx.xx.2024-cü iı tarixində Cavabdeh İB-nin işçiləri tərəfindən sayğaca baxış keçirilmiş təbii qazın istifadə qaydalarının pozulması haqqında ******* saylı akt tərtib edilmişdir və sayğacın dəyişdirməsi qərara alınmışdır. Aktda göstərilmişdir ki, sayğacın klapanı işlək deyil və çıxış birləşməsi yivində sızıntı vardır. Bu akt əsas götürülərək 518 manat 40 qəpik məbləğində cərimə ödənişi qərarı verilmişdir. Bu vaxta qədərki dövr ərzində mütəmadi olaraq qaz pulu sayğaca uyğun olaraq ödənilmişdir. Əgər sızıntı çıxış yivində olubsa təbii olaraq sayğacdan keçən qaz kimi onun da pulu iddiaçı tərəfindən ödənilmişdir. Belə olan halda hansı itirilmiş qazın bərpasından və Azəriqaza dəymiş ziyanın ödənilməsindən söhbət gedə bilməz. Sayğaca sonradan laboratoriyada baxış keçirilmiş, laboratoriya rəyində göstərilmişdir ki, sayğacda heç bir nasazlıq və müdaxilə aşkar edilməmişdir. Nazirlər Kabinetinin 12 may 2011 tarixli 80 saylı “Qazdan istifadə Qaydalarf’nın təsdiq edilməsi haqqında qərarın 4.8 bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Əslində ziyan iddiaçıya dəymişdir. Belə ki, istifadə etmədiyi qazın pulunu Cavabdeh İB iddiaçıdan almışdır. Küçədə yerləşən sayğacın klapanının işlək olub olmamasına, onun çıxış yivində sızıntı olub-olmamasına abonent fiziki şəxs olaraq heç bir cavabdehlik daşımır. Həmin qərara əsasən altı aydan gec olmayaraq sayğaca mütəmadi baxış keçirilməli, nazaslıq varsa bunun qeydə alınması və uyğun tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən ona yazılmış 518 manat 40 qəpik məbləğində cərimə məbləğinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə Cavabdeh İB-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndələsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının çıxışını dinləyib, iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı 2024-cü il üçün (abonent kodu: **********00000) borcu 518,40 manat təşkil edir. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 may 2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur Şərq y/s ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın klapanı işlək deyil, çıxış yivli birləşməsi ətrafında sızma var” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 13 noyabr 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur Şərq y/s ünvanında yerləşən qaz sayğacının nominal qaz sərfi 4 m3 orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğ 4 x 12 x 90=4320 m3 müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh məhkəməyə heç bir sübut yaxud etiraz təqdim etməmiş, təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 may 2024-cü il tarixli, ******* saylı aktda “sayğacın klapanı işlək deyil, çıxış yivli birləşməsi ətrafında sızma var” kimi qüsurlar qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evə dair hesablanmış 518,40 manat borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00000 olan) məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur Şərq y/s ünvanında yerləşən fərdi yaşayış evində qaz sərfinə görə hesablanmış 518,40 manat borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur Şərq y/s ünvanında yerləşən fərdi yaşayış yaşayış evinə (abonent kodu: **********00000) hesablanmış 518,40 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 30 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar