Məhkəmə qərarları › İş №2(011)-6455/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6455/2021

07.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6455/2021 07.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alqı-satqı müqaviləsindən irəli gələn müddəalar əsasında 494 manat məbləğində əsas borcun, 273 manat məbləğində dəbbə pulunun və 30 manat dövlət rüsumu ilə birlikdə, ümumilikdə 797 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 21.09.2019-cu il tarixli, STN03- 3790 nömrəli alqı-satqı müqaviləsi əsasında TEXNOPLUS mağazasından 735 manat dəyərində “Kombi x x” almışdır, Cavabdeh eyni zamanda alqı-satqı müqaviləsi bağlanarkən müqaviləyə uyğun olaraq 87 manat həcmində ilkin ödəniş etmişdir, müqaviləyə əsasən 735 manat ümumi məbləğdən 87 manat ilkin ödəniş etdikdən sonra qalıq məbləğ 648 manat təşkil etmişdir, bu isə 12 aylıq ödəmə şərti ilə, hər aya 54 manat kimi müəyyən olunmuşdur, ödəniş cədvəlinə əsasən cavabdeh yalnız 24.10.2019-cu il tarixinə 54 manat, 14.02.2019-cu il tarixinə 100 manat ödəniş etmiş, cavabdeh cəmi 154 manat ödəniş etmişdir, hazırda cavabdehin iddiaçıya 494 manat qalıq borc, 21.09.2020-ci il tarixinə qədər olan gecikdirmə üzrə dəbbə pulu kimi 273 manat borcu var, üumilikdə cavabdeh tərəfindən qalıq borc və dəbbə pulu və məhkəmə üçün 30 manat dövlət rüsumu ilə birlikdə 797 manat ödənilməlidir, borcluya bir neçə dəfə şifahi xəbərdarlıq edilməsinə, onunla söhbət aparılmasına baxmayaraq cavabdeh heç bir ödəniş etməmişdir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında 21.09.2019-cu il tarixdə STN03-3790 saylı müqavilə bağlanmışdır. Göstərilən müqaviləyə əsasən dəyəri 735 manat olan Kombi cavabdehə kreditlə satılmışdır. İş materiallarında olan 22.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 21.09.2019-cu il tarixdə STN03-3790 saylı müqavilə üzrə əsas borc məbləği 494 manat, cərimə üzrə borc məbləği 273 manat təşkil edir. İş materiallarında olan 02.08.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan 21.09.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh müqaviləyə əsasən kombini tam qüsursuz halda təhvil almışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasən cavabdeh İddiaçı MMC -dən Kombi almış, müqavilə üzrə iddiaçı öhdəliklərini icra etmiş, lakin cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir, hazırda müqavilə üzrə cavabdehin İddiaçı MMC–yə ödənilməmiş əsas borcu 494 manat təşkil edir. Bununla belə, cavabdehin müqavilə üzrə nəzərdə tutulan öhdəliklərinin icrasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 494 manat əsas borc, 273 manat dəbbə pulu borcu olmaqla ümumilikdə 767 manat məbləğində kredit borcu alınaraq İddiaçı MMC-yə ödənilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, məhkəmə xərcləri cavabdehə aid edilməli, dövlət rüsumu qismində ödənilmiş 30 manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh əsas borc kimi 494 manat, dəbbə pulu borcu kimi 273 manat, ümumilikdə 767 (yeddi yüz altmış yeddi) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat alınaraq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar