Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6465/2025 19.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Ağazadə Fəridə Elxan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 885,60 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: ünvan 1 (abonent kodu: **********30000) mənzildə ailə üzvlərilə birlikdə yaşayır. Həmin mənzildə yerləşən sayğac vəfat etmiş atasının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğac yoxlanılması uçun laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, onlar sayğaca müdaxilə edib və ona görə ona haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puladan tutulmaların olduğunu görmüşdür. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək bildirmişdir ki, 2020-ci ildə Balaxanıda abadlıq işləri gedirdi. Həmin abadlıqda işləyələr hasarlarıda sökürdülər, düzəldirdilər. O zaman onlar iddiaçının sayğacını zədələmişdirlər. Ünvana qaz idarəsinin işçiləri dəvət olunmuşdur. Onlar bildirmişlər ki, 1-2 günlük kənar xətt qoşun. İddiaçı qaz idarəsinin işçisinin göstərişinə uyğun olaraq ünvana müvəqqəti olaraq “şlanq” vasitəsilə kənar xətt qoşmuşdur. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları X7 barəsində “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı akt və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə” tərtib edilmişdir. Aktda mənzildə sayğacdan kənar qeyri-qanuni qazdan istifadə aşkar olunduğu qeyd edilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı və onun əsasında tərtib edilmiş eyni tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”yə əsasən 885,60 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, X6 xx.xx.1990-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Doğum haqqında şəhadətnamənin sürətindən görünür ki, X4 xx.xx.1968-ci ildən anadan olmuşdur. Onun atası X6, anası X1r. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 3-21-3-30/2-48665/2025 saylı, 17 oktyabr 2025-ci il tarixli məktubuna əsasən, ünvan 1 ünvanının qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X2 Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akt üzrə heç bir normativ-hüquqi akta istinad edilmədən hesablanmış 885,60 manat dəymiş ziyan məbləğinin düzgünlüyünə rəy vermək mümkün deyil. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi
Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatlarını və mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və rədd edilməlidir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 14 oktyabr 2022-ci il tarixli qərarına istinadən qeyd edir ki, qanunverici tərəfindən mirasın qəbulunun formal və qeyri-formal üsulları müəyyən edilmişdir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etməsi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu isə vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək və miras əmlakı faktiki idarə etmək. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli, A.Nadirova və qeyrilərinin şikayəti üzrə 2022-ci il 16 mart tarixli Qərarları). Göründüyü kimi, İddiaçı mərhum abonent X3 qızıdır, sonuncunun qanun üzrə vərəsəsi hesab edilir və faktiki olaraq sözügedən fərdi yaşayış evində yaşayır, təbii qazdan istifadə edir və istifadə edilmiş qazın dəyərini ödəyir. Odur ki, iddiaçının iddiada qeyd olunmuş borcun silinməsini də tələb etməyə subyektiv hüququ vardır. Məhkəmə cavabdeh tərəfindən hesablanmış 885,60 manat məbləğində borcun silinməsi tələbinə dair iddiaya qiymət verərək bildirir ki, iddiaçı məhkəmə iclasında etirafedici izahat verərək ünvan 1 ünvanında kənar xətt vasitəsilə qazdan istifadə olunduğunu qeyd etmişdir. Eyni zamanda kənar xəttdən istifadənin səbəbi kimi abadlıq işləri aparan şəxslərin hərəkətləri nəticəsində sayğacının zədələndiyini və qaz idarəsinin işçilərinin təqid etməsini qeyd etmişdir. Lakin iddiaçı izahatında göstərdiyi halları təstiq edəcək hər hansı sübüt məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının etirafedici izahatı nəzərə alınmaqla ünvan 1 ünvanda qazın talanması halı öz təstiqini tapmışdır. Odur ki, iddiaçının sözügedən ünvanda qazdan qeyri-qanuni kənar xətt vasitəsilə ilə istifadə olunduğuna görə xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt və akta əsasən 885,60 manat məbləğində borcun hesablanması qanuni və əsaslı olmuşdur. Odur ki, xx.xx.2020-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən hesablanmış 885,60 manat məbləğində borcun silinməsi tələbinə dair iddia əsassız hesab edilərək rədd edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB tərəfindən ünvan 1 ünvan üzrə (abonent kodu: **********30000) hesablanmış 885,60 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat məbləğində borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova