Məhkəmə qərarları › İş №2(011)-6468/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(011)-6468/2021

10.09.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6468/2021 10.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə və s.” tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, mənzil 4, yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 414, m.2, m.4 ünvanındakı 88,75 kv.m. sahəli mənzilə köçürülməyi, həmin mənzilin giriş qapısı ilə üzbəüz olan otağın onun istifadəsinə, digər otağın isə cavabdehin istifadəsinə verilməklə bölünərək mənzilin digər otaq, dəhliz, sanitar qovşaq, mətbəx və yardımçı sahələrindən bərabər istifadə qaydasının müəyyən edilməsi, həmin mənzildən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması və bununla əlaqədar gələcəkdə hər hansı bir maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, onun cavabdehlə rəsmi nikahları 26.06.1992-ci ildə qeydiyyata alınmışdır, evlənəndən sonra cavabdehlə 3-4 il valideynlərinin də yaşadığı Şəki şəhərində atasına məxsus fərdi yaşayış evində yaşamış, sonra isə Bakı şəhərinə köçərək cavabdehin yaşadığı ünvanda birgə yaşamışlar, birgə nikahlarından 2 övladı dünyaya gəlmişdir, bunlar 23.07.1994-cü il təvəllüdlü X3 və 23.07.2002-ci il təvəllüdlü X1r, oğlu Oqtay evlənərək hazırda Ukrayna Respublikasında yaşayır, cavabdehlə xəsiyyətlərinin uyğunsuzluğu səbəbindən nikahları Bakı şəhəri Nizami rayon Məhkəməsinin 07.08.2019-cu il tarixli qətnaməsi ilə pozulmuşdur, o, cavabdehlə birgə nikah münasibətlərində olduğu dövrdə, yəni 2005-ci ilin oktyabr ayının 15-də Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MTK-nin inşa etdiyi Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, mənzil 4, yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 414, m.2, m.4 ünvanında yerləşən mənzili 24700 manata almış və 2009-cu ildə ailəsi ilə birgə həmin mənzilə köçmüşdür, mənzilin təmirinə isə 31000 manat xərcləmişdir, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16.10.2020-ci il tarixli 2(007)-484/2020 saylı qətnaməsinə əsasən sözügedən mənzil cavabdehlə onun hər birinin ½ payı olmaqla bölünmüşdür, həmin mənzilə mülkiyyət hüququ hər birininin ½ hissə olmaqla DƏDRX-nin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, lakin həmin mənzilin giriş qapısının açarlarını cavabdeh dəyişərək onun həmin mənzilə daxil olmasına imkan vermir, mənzilin ona aid hissəsindən istifadə etməsinə maneələr yaradır, özü İİ qrup onkoloji xəstədir və Bakı şəhərində başqa bir qalacaq yeri yoxdur, cavabdeh hər dəfə bir bəhanə uyduraraq mənzili satacağı halda onun payına düşən pulunu verəcəyi barədə boş vədlər verir, halbuki onun mənzili satmaq belə niyyəti yoxdur. Sonda İddiaçı onun Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, 4 saylı (yeni qaydalarla: AZ 1123, ünvan 4 mənzilə köçürülməsi, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, 4 saylı (yeni qaydalarla: AZ 1123, ünvan 4 mənzilin giriş qapısı ilə üzbəüz olan otağın onun istifadəsinə, digər otağın isə cavabdehin istifadəsinə verilməklə mənzilin digər otaq, dəhliz, sanitar qovşaq, mətbəx və yardımçı sahələrindən bərabər istifadə qaydasının müəyyən edilməsi, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, 4 saylı (yeni qaydalarla: AZ 1123, ünvan 4 mənzildən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 10.09.2021-ci il tarixli məhkəmə iclasında iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasını və qiyabi qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə, qeyd edilən qanunvericilik normalarının tələblərinə uyğun olaraq, mülki işə cavabdehin iştirakı olmadan və qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, mənzil 4, yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 414, M.2, 4 saylı mənzil mülkiyyət hüququ üzrə 18.06.2021-ci il tarixdən ½ hissədə Cavabdeh, 14.07.2021-ci il tarixdən ½ hissədə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 31.05.2021-ci il tarixli, ******* saylı “Yaşayış yeri üzrə qeydiyyat” haqqında Arayışından görünür ki, İddiaçı 23.08.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-1647/2019 saylı 07.08.2019-cu il tarixli Qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra 23.07.2002-ci il təvəllüdlü X2 anası Cavabdeh yanında saxlanılmış, onun yetkinlik yaşına çatanadək İddiaçı Cavabdeh xeyrinə 160 manat pul məbləğində aliment tutulması qət edilmişdir. İş materiallarında olan Bakı şəhər Nizami rayon Məhkəməsinin 2(007)-484/2020 saylı 16.10.2020-ci il tarixli Qətnaməsindən görünür ki, Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, mənzil 4, yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 414, m.2, m.4 İddiaçı və Cavabdeh hər birinin payı ½ hissədə müəyyən edilməsi qət edilmişdir, qətnamə qanuni qüvvəsini almışdır. İş materiallarında olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh 19.09.2019-cu il tarixində nikahları ləğv olunmuşdur. İş materiallarında olan ƏƏSM-nin DSMF Publik hüquqi şəxslərin 15 saylı regional ərazi filialı tərəfindən verilmiş 27.05.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 07.01.2026-cı ilə kimi İİ qrup əlilliyə görə 130 manat məbləğində sosial müavinət alır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, tərəflərin rəsmi nikah münasibətləri 19.09.2019-cu il tarixdən ləğv edilmişdir, iddiaçı ailə münaqişəsi zəminində yaşadığı mənzili məcburi olaraq tərk etmişdir, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mübahisəli mənzil ½ pay hüququ olmaqla mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur, iddiaçının mübahisəli mənzildən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən maneələr yaradılır. Bununla belə, iddiaçının Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, mənzil 4 (yeni qaydalarla: AZ 1123, ünvan 4 ünvanına köçürülməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, əmlaka pay hüququ ilə mülkiyyətçi olan iddiaçının öz əmlakından, yəni mənzildən istifadə etməsinə cavabdeh tərəfindən maneələrin yaradılması, iddiaçının mənzil hüququnun pozulmasına səbəb olmuşdur ki, bu da iddiaçının hazıkı iddia tələbi ilə məhkəməyə müraciət etməsinə hüququ əsas yaratmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır, mülkiyyətin heç bir növünə üstünlük verilmir, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (29-cu maddənin İ, İİ,İİİ hissələri). Həmin Konstitusiyanın 43-cü maddəsinin İ hissəsinə görə, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcələnin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə müvafiq olaraq mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Beləliklə məhkəmə, tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, mənzil 4, yeni qaydalarla: AZ 1123, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 414, m.2, m.4 ünvanındakı 88,75 kv.m. sahəli mənzilə köçürülməli, həmin mənzilin giriş qapısı ilə üzbəüz olan otaq onun istifadəsinə, digər otaq isə cavabdehin istifadəsinə verilməklə bölünərək mənzilin digər otaq, dəhliz, sanitar qovşaq, mətbəx və yardımçı sahələrindən bərabər istifadə qaydası müəyyən edilməli, həmin mənzildən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, 4 saylı (yeni qaydalarla: AZ 1123, ünvan 4 mənzilə köçürülsün. Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, 4 saylı (yeni qaydalarla: AZ 1123, ünvan 4 mənzilin giriş qapısı ilə üzbəüz olan otaq İddiaçı istifadəsinə, digər otaq isə Cavabdeh istifadəsinə verilməklə mənzilin digər otaq, dəhliz, sanitar qovşaq, mətbəx və yardımçı sahələrindən bərabər istifadə qaydası müəyyən edilsin. Bakı şəhəri Xətai rayonu, Məhəmməd Hadi küçəsi, ev 82, korpus 5, 4 saylı (yeni qaydalarla: AZ 1123, ünvan 4 mənzildən istifadəyə Cavabdeh tərəfindən yaradılmış maneələr aradan qaldırılsın. Qiyabi qətnamə alındığı gündən 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ərizə verilə bilər. Qiyabi qətnamədən həmin qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar