Məhkəmə qərarları › İş №2(011)-6480/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6480/2021

15.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6480/2021 15.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı X1rşı “borc məbləğinin silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında olan 30 iyul 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş 2088 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış debitor borcun silinməsi, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30 dekabr 2020-ci il tarixli, ******* saylı aktın ləğv edilməsi və onun abonent hesabına əlavə edilmiş 3456 kubmetr qaz sərfiyyatı üzrə hesablanmış debitor borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.09.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək 30.07.2019-cu il tarixli akta əsasən onun abonent koduna hesablanmış 208.80 manat, 30.12.2020-ci il tarixli akta əsasən hesablanmış 345.60 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, ailəsi birlikdə ünvan 1 ünvanında yaşayır, xeyli vaxtdır ki, təbii qazdan istifadə edir, Cavabdeh İB-nin əməkdaşları 21 iyun 2019-cu il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında ******* saylı akt tərtib edərək “Elester” tipli qaz sayğacını növbəti dövlət yoxlaması adı altında götürüb aparmışlar, qeyd edilən aktda mexaniki sayğacın elektron sayğacla əvəz ediləcəyi yazılmışdır və 30 iyun 2019-cu il tarixində Cavabdeh İB əməkdaşları həmin ünvana gələrək ona cərimə yazılacağını bildirmişlər, özü və ailə üzvləri tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə edilmədiyini, tərtib edilən aktda qaz sayğacına istehlakçı tərəfindən müdaxilə edilmə halının göstərilmədiyini, qaz sayğacının labaratoriyaya göndərilərkən qablaşdırılıb möhürlənmə prosesində və labaratoriyada qaz sayğacına baxış keçirilərkən onun iştirakının təmin edilmədiyini bildirmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında 30 iyul 2019-cu il tarixli, ******* saylı aktla 2088 kubmetr qaz sərfiyyatı hesablanmış və həmin qazın dəyəri kimi 208.80 manat oun abonent saldosuna daxil edilmişdir, “Təbii qazdan istifadə qaydalarının pozulması” haqqında olan 30 dekabr 2020ci il tarixli, ******* saylı aktla ona 3456 kubmetr qaz sərfiyyatı hesablanmış və həmin qazın dəyəri kimi 345.60 manat onun abonent saldosuna daxil edilmişdir və bunun nəticəsində Cavabdeh İB əməkdaşları onu 2 dəfə cərimə etmişlər. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 21.06.2019-ci il tarixli ******* saylı aktdan görünür ki, iddiaçıya məxsus ünvanda “Elster G-4” markalı ******* nömrəli qaz sayğacı çıxarılaraq, yeni “İtron G-4” markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.07.2019-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, ******* nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.12.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonentinin qaz xəttindən qanunsuz istifadə edilməsi barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan 29.07.2021-ci il tarixli Gasrep sənədindən görünür ki, iddiaçının **********00200 nömrəli abonent hesabına 2019-cu ilin avqust ayı üzrə 208,80 manat borc hesablanmışdır, cari borc 306,81 manat təşkil edir. İş materiallarında olan Cavabdeh İB-nin 30.12.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 3456 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin 31.07.2019-cu il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, aktda itirilmiş qazın bərpası üzrə 2088 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 29.07.2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********00200 saylı abonent hesabına 2019-cu il tarixinə 208.80 manat, 2020ci il tarixinə 345.60 manat borc hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzlənmişdir, yoxlama zamanı sayğaca müdaxilə edilməsi əsası ilə 30.07.2019-cu il və 30.12.2020-ci il tarixdə akt tərtib edilmiş, həmin aktlar əsasında onun abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 208.80 manat və 345.60 manat borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca iddiaçı tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********00200) itirilmiş qazın bərpası məqsədilə yazılmış 208.80 manat və 345.60 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən və hansı məbləğdə tutulması məsələsinə münasibətdə hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, hazırkı iş üzrə dövlət rüsumu 30 manat məbləğində nəzərdə tutulmalı, iddia tələbi təmin olunduğundan və cavabdeh dövlət rüsumunu ödəməkdən azad olunmadığından, həmin məbləğ cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00200 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 208.80 manat və 345.60 manat, cəmi 554 (beş yüz əlli dörd) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar