Məhkəmə qərarları › İş №2(011)-649/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-649/2021

03.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-649/2021 03.03.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakimi Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə əsassız hesablanmış 1663,80 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Hökməli qəsəbəsi, Rəsul Rza küçəsində yaşayır. xx xxxxxx 2018-ci il tarixində və xx xxxxx 2018-ci il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən aparılan Sayğaclara baxış zamanı Akt tərtib edilmiş və həmin aktlarda qeyd edilmişdir ki, sayğaca baxış keçirilmiş və həmin sayğacda kənar xətt aşkarlanmış və qanunsuz təbii qazdan istifadə halları müəyyən edilmişdir. Bununla bağlı “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxxxx 2018-ci il tarixində ******* saylı Akt, xx xxxxx 2018-ci il tarixində isə ******* saylı akt tərtib edilmişdir. Qeyd edilən Aktlara əsasən iddiaçıya ümumilikdə 1663.80 manat qaz borcu hesablanmışdır. İddiaçı dəfələrlə həmin quruma müraciət etmişdir ki, həmin əlavə qoşulmuş xətt iddiaçının sayğacına aid deyil. Akta əlavə olunaraq, çəkilmiş fotoşəkil onun evinə aid deyil, öz qaz sayğacının və həyət qapımın fotoşəklini iddia ərizəsinə əlavə edir. Eyni zamanda bildirir ki, tərtib edilmiş aktdakı imza əraziyə nəzarət edən Məhəbbət Mahmudova məxsus deyil. O bu yalnışlıqlarla əlaqədar hesablanmış 1663,80 manat qaz borcunun silinməsini tələb etsə də, həmin ona bildirmişdirlər ki, artıq sistemə işləndiyi üçün o, borcunun silinməsi və mövcud aktların ləğv edilməsi üçün məhkəməyə müraciət etməlidir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianı müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatlarını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, iddiaçının yaşadığı ünvanda quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmiş, köhnə qaz sayğacının labaratoriya yoxlanılmasından sonra abonent barədə xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, “təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar istifadə etməsi aşkar olundu”. Bundan sonra “Cavabdeh” İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 785,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Abonent barədə xx.xx.2018-ci il tarixli, ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt” tərtib edilmişdir. Aktda heç bir əsas qeyd edilmişdir, bundan sonra “Cavabdeh” İstehsalat Biriliyi tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 878,40 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Mülki iş materiallarında olan məhkəmə tərəfindən təyin edilmiş xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli rəyin nəticə hissəsində qeyd edilmişdir ki, mülki iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akta əsasən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini təbii qaz ilə təmin edən qaz xəttinə sayğacdan kənar əlavə qoşulma texniki cəhətdən mümkündür. xx.xx.2020-ci il tarixli vəsatət təmin edildiyinə görə “Cavabdeh” İstehsalat Birliyinə vurulmuş ziyanın müəyyən edilməsinə dair sual üzrə tədqiqat aparmaq mümkün olmamışdır. Aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Bununla bağlı Məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəlləsinin 97.5-ci maddəsinin tələbinə görə, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsinin müddəti, aşkar edilmiş kənar borunun diametri, eləcə də borudan axan qazın təzyiqi barədə məlumatlar ekspertin vəsatətinə əsasən məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesablanmış borc məbləğinin əsassız hesab edərək, qaz sərfiyyatına görə iddiaçıya hesablanmış 1663,8 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 500 manatdan çox olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə aid olan ekspert rəyinin verilməsi üçün aparılmış tədqiqatın dəyəri olan 102 manat cavabdehdən tutularaq dövlət hesabına aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu:**********01900) hesablanmış 1663,80 (bir min altı yüz altmış üç manat, səksən qəpik) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu “Cavabdeh” İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 102 (yüz iki) manat dövlət nəfinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar