Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6513/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 işirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Mex-kalon y/m, dəmir yolunun sağ tərəfində yerləşən fərdi yaşayış evi üzrə **********01520 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.
2. İddiaçının yaşadığı yaşayış evinə quraşdırılmış qaz sayğacı xx.xx.2022-ci il tarixdə dəyişdirilməklə, bu barədə ******* saylı akt tərtib edilmişdir. Həmçinin iddiaçının yaşayış evinə dair cavabdeh tərəfindən qazdan istifadə qaydalarının pozulması barədə iki akt tərtib edilmişdir.
3. 17.01.2022-ci il tarixdə tərtib edilmiş ******* saylı aktda, abonentin kənar və ya yad cisim vasitəsilə sayğacın hesablama mexanizminin saxlaması və təbii qazdan qeyri-qanuni istifadə edilməsi barədə qeyd aparılaraq, cavabdehin İstesalçılara satılan qaza nəzarət şöbəsinin rəisi tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 8640 m3 (1036,80 manat) olması müəyyən edilmişdir. İkinci akt isə xx.xx.2022-ci il tarixdə tərtib edilmiş, həmin aktda isə sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşilməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası üçün hesabat aparılmış və qaz itkisinin 4320 m3 (518,40 manat) olması müəyyən edilmişdir.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Mex-kalon y/m, dəmir yolunun sağ tərəfində yerləşən fərdi yaşayış evinə hesablanmış 1036 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək Abşeron rayonu, Xırdalan şəhəri, Mex-kalon y/m, dəmityolunun sağ tərəfində yerləşən fərdi yaşayış evinə hesablanmış 1600 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda göstırilən ünvanda ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə cavabdehin əməkdaşları istifadəsində olan sayyğac dəyişdirilmişdir. Bir müddətdən sonra onun 1036 manat borcunun olması barədə bildiriş gəlmişdir. O, cavabdehə müraciət etdikdə qazdan qeyri-qanuni istifadə etdiyinə görə cərimə yazıldığını bildirmişlər. Qaz sayğacı çıxarılarkən bütün plombları yerində olmuşdur. Sayğac çıxarılarkən zədələnmişdir ki, buna cavabdeh məsuliyyət daşıyır. Çünki ayda bir dəfə sayğaca baxış keçirilməli, qazdan qanunsuz istifadə etmişsə bunu görməli idilər. Təqsiri sübuta yetirlmədən saxta akt əsasında ona borc hesablanmışdır. O, sayğaca cavabdeh deyil, həm də mütəxəsis deyil ki, müdaxilə etsin.
8. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
9. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
10. Məhkəmə iclasında verilən izahatlar:
11. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
12. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddianın təmin edilməməsini xahiş etdi.
13. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
14. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
15. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
20. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
21. Maddə 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
22. Maddə 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
23. Maddə 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
24. İşə baxan məhkəmənin mövqeyi:
25. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
26. Belə ki, işin həqiqi halları ilə müəyyən edilir ki, iddiaçının yaşadığı ünvanda qaz sayğacı dəyişdirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
27. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacı evdən kənarda yerləşir. “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir (Qaydaların 1.3cü bəndi). “Qazdan istifadə Qaydaları”nın yuxarıda qeyd edilən normalarından da göründüyü kimi, iddiaçının yaşadığı ünvana quraşdırılan qaz sayğacının işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik qaz paylayıcının, yəni Cavabdeh İB-nin üzərinə düşür. Eyni zamanda, fiziki şəxs olan istehlakçıların sayğaclarının üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün cavabdeh tərəfindən müvafiq örtüklə örtülməlidir.
28. Beləliklə, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğu qanunvericiliklə müəyyən olunsa da, həmin halların doğruluğunu təsdiq edən sübutları cavabdeh məhkəməyə təqdim edə bilməmişdir.
29. Lakin, məhkəmə qeyd edir ki, iddiaçı 1600 manat məbləğində borcun silinməsini tələb etsə də, yuxarda şərh edilənlərdən və işin hallarından da görünür ki, iddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində borc kimi yalnız 2022-ci ilin yanvar ayı üzrə 1036,80 manat, fevral ayı üzrə 518,4 manat göstərilmişdir. İddiaçı isə qalan borcun silinməsinə əsas ola biləcək sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi yalnız 324 manat borcun silinməsi hissəsində təmin edilməlidir.
30. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 1555,20 manat olduğu nəzərə alındıqda, cavabdeh tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 35,55 manat təşkil edir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Mex-kalon y/m, dəmir yolunun sağ tərəfində yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********01520) dair İddiaçı hesablanmış 1555,20 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 35,55 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı