Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6528/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “ünvana qaz sayğacının quraşdırılması” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh üzərinə ünvan 1 ünvanına İddiaçı adına abonent kodu verilərək əlavə qaz sayğacının quraşdırılması öhdəliyinin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında 2 nəfər ailə üzvü ilə birlikdə yaşayır. E.Babayev küçəsi, ev 69 ünvanında iddiaçının ailəsindən başqa qardaşı X4 4 nəfərlik öz ailə üzvü və digər qardaşı X5 isə 5 nəfər öz ailə üzvü ilə birlikdə yaşayır. Hər birinin evi və təsərrüfatı ayrıdır. Həmin ünvanda 40 ildən artıq müddətdir ki, yaşayırlar. Əvvəllər mehriban olmuşlar. Ona görə də ünvanda 3 ayrı fərdi yaşayış evi olsa da, yalnız bir ədəd qardaşı X2 adına **********00000 abonent kodlu qaz sayğacı quraşdırılmışdır. Belə ki, son bir neçə ildir bacı-qardaş arasında münasibətləri pisləşmiş, söz- söhbət artmış, tez-tez mübahisələrimiz yaranmışdır. X1 onun adına olmasından istifadə edərək ona və ailə üzvlərimə təzyiq edib qazı kəsir, qışın qar boranında balalarını soyuqda qoyur. Qaz sərfıyyatından daha çox kimin istifadə etməsi üstündə bütün günü qırğında, dava dalaşdayıq. Heç cürə də, aid edə bilmirlər ki, hansının ailəsi qaz sərfıyyatından daha çox və ya daha az istifadə edir. Ona görə də yaranmış mübahisələrin, qardaş-bacı qırğınının qarşısının alınması üçün Cavabdehnə ərizə ilə müraciət edib ünvan 1 ünvanına iddiaçının adına abonent kodu verilərək əlavə qaz sayğacının quraşdırılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, ünvana əlavə qaz sayğacının quraşdırılması, mülkiyyət hüququnun bölündüyünü təsdiq edən sənədlər təqdim edilməklə həyata keçirilə bilər. Bu halda həmin sənədlərlə birlikdə “Asan kommunal” mərkəzlərinə müraciət etməyiniz tövsiyyə olunur. Bildirmək istəyir ki, cavabdeh mülkiyyət hüququnun bölündüyünü təsdiq edən sənədin təqdim edilməsini tələb edir, lakin onlar 50 ildən artıq müddətdir ki, həmin ünvanda mülkiyyət hüququ olmadan yaşayırıb. Ümumi həyətdə hərə bir balaca daxma tikib, başını dolandırır. Ona görə də, mülkiyyət hüququnun bölünməsi barədə sənəd təqdim edə bilmir. Buna baxmayaraq uzun illərdir həmin ünvanda yaşayırlar. Hesab edir ki, faktiki olaraq həmin ünvanda yaşadığı və təbii qazdan istifadə yaşayış üçün zəruri amillərdən biri olduğu üçün mülkiyyət hüququnun olmaması iddiaçının təbii yaşamaq hüququmu məhdudlaşdıra bilməz. Yuxarıda qeyd edilən səbəblərədən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, izahatında bildirmişdir ki, bir həyətdə 2 qardaş və 1 bacı öz ailəsi ilə birlikdə yaşayırlar. Qaz sayğacı yalnız bir qardaşının adınadır. İstəyir ki, onun adına əlavə sayğac qoyulsun. 3 ailəyə bir sayğac quraşdırıldığından aylıq komunnal xərc də çox gəlir. Qonşuluqda olan həyət evlərində yaşayan bacı-qardaşların hər birinin ayrıca qaz sayğacları vardır. Evin çıxarışı yoxdur. Ümumiyyətlə Xutor dairəsində heç kimin çıxarışı yoxdur. 50 ildir ki, ora qeydiyyatdadır. Odur ki, iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbi müəyyən edilmədiyindən, məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı ünvan 2 ünvanında pasport qeydiyyatındadır. İddiaçı müraciətinə cavab olaraq verilmiş Cavabdeh İB-nin xx.xx.2025-ci il taricli müraciətə baxılmanın nəticəsi haqqında məktubundan görünür ki, qeyd olunan ünvanda qaz sayğacının quraşdırılması, mülkiyyət hüququnun bölündüyünü təsdiq edən sənədlər təqdim edilməklə (şəxsiyyət vəsiqəsini və mənzilin çıxarşı) həyata keçirilə bilər. Bu halda həmi sənədlərlə birlikdə “ASAN komunnal” mərkəzlərinə müraciət edilməsi tövsiyə olunur. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Azərbaycan Respublikası Konstitusiyasının 98-ci maddəsinə əsasən qanunun və Azərbaycan Respublikası Milli Məclisinin qərarının özündə başqa qayda nəzərdə tutulmayıbsa, qanun və qərar dərc edildiyi gündən qüvvəyə minir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİİ hissəsinə əsasən qanunlar Konstitusiyaya zidd olmamalıdır. Yalnız dərc edilmiş qanunların tətbiqi və icrası bütün vətəndaşlar, qanunvericilik, icra və məhkəmə hakimiyyəti, hüquqi şəxslər və bələdiyyələr üçün məcburidir. “Qaz təchizatı” haqqında Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Qanun qaz və maye halında enerji daşıyıcısı kimi işlədilən bütün (təbii qazlar da daxil olmaqla) qaz növlərinin (bundan sonra “qaz”) istehsalı, emalı, nəqli, saxlanması, paylanması, satılması və istifadəsi üzrə fəaliyyətləri tənzimləyir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 avqust tarixli 297 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarının 1.11-ci maddəsinə görə qaz paylayıcısı bu Qaydaya uyğun olaraq sifarişçinin tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verir. Texniki şərtlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsi ilə müəyyən edilmiş tələblər və həmin Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş ərazi planlaşdırılması sənədləri nəzərə alınmaqla hazırlanır. Həmin Qaydaların - 1.2-ci bəndinə əsasən texniki şərt - tikinti obyektlərinin qaz təchizatı üçün layihələndirilməsinə əsas olan və qazın verilməsi ilə bağlı mühəndis-texniki parametrləri özündə əks etdirən texniki sənəddir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02.03.09. tarixli 17 №-li əmri ilə təsdiq edilib, xx.xx.2009-cu ildən qüvvəyə minmiş “Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları Qaz təchizatının layihələndirmə normaları”nın 8.33-cü bəndinə əsasən şəxsi mülkiyyət kimi vətəndaşlara məxsus olan mövcud yaşayış evlərində, bu normaların 8.31. və 8.32. bəndlərinin tələblərinə uyğun olan, ancaqhündürlüyü 2,2 m-dən az 2 m-ə qədər (daxil olmaqla), olan və həcmləri normativ həcmlərdən 1,25 dəfə-dən az olmamaqla artıq olan otaqlarda, qaz pilətələrinin qoyulmasına yol verilir. Bu halda ayrılmış mətbəxi olmayan evlərdə, qaz pilətəsi qoyulan otağın həcmi, bu normaların 8.31. bəndində göstərilən ölçülərdən iki dəfə böyük olmalıdır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Həmin Məcəllənin 80.4-cü maddəsinə əsasən sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi məlumata əlavə edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8.0.10.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin,məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaqsahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd əsas hesab edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını və iş üzrə üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbləri əsassızdır. Buna görə də iddia tələbləri təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olmaqla,yaşayır. Həmçinin iddiaçının yaşadığı ünvanda onun iki qardaşı öz ailəsi ilə birlikdə ayrı-ayrı evlərdə yaşayırlar. Buna baxmayaraq qeyd edilən ünvana yalnız Vidadi İsmayılovun adına abonent kodu verilmiş və yalnız onun adına qaz sayğacı quraşdırılmışdır. Hazırda iddiaçı onun yaşadığıa fərdi yaşayış evinin ayrı olduğunu istinad edərək, öz adına qaz sayğacının quraşdırılması öhdəliyinin Cavabdeh İB-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının qeyd edilən ünvana dair mülkiyyətini təsdiq edən sənədi mövcud olmamışdır. Hazırda iddiaçı cavabdehin imtina etməsinin əsassız hesab edilməsini və ünvanında yerləşən fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması öhdəliyinin cavabdehə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırkı mübahisə ilə bağlı ilk olaraq onu bildirir ki, iddiaçının hazırda ünvanına qaz xəttinin quraşdırılmasını tələb etdiyi fərdi yaşayış evinin inşası üçün müvafiq icazələr tələb edildiyi halda onlar alınmamışdır. Həmçinin qeyd edilən torpaq sahəsi də iddiaçının xüsusi mülkiyyətində deyildir. Ona görə də cavabdeh təşkilat tərəfindən qaz xətlərinin çəkilməsi və sayğacın quraşdırılmasında imtina etməsi əsaslı olmuşdur. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunun 1-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə aşağıdakı məzmunda 10-1-ci hissə əlavə edilmişdir: “10-1. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin qaz qurğularının qazpaylayıcı şəbəkəyə qoşulması qadağandır.” Həmin Qanunun 2-ci maddəsinə əsasən “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2023-cü il tarixli qanunu 2023-cü il oktyabrın 1-dən qüvvəyə minir. Göründüyü kimi iddiaçı artıq evi inşa edib bitirdikdən sonra cavabdeh təşkilata müraciət etmiş və o, müraciət edən vaxt qanun qeyd edilən müddəası qüvvədə olmuşdur. Məhkəmə “fərdi yaşayış evinin qaz xətti ilə təmin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” məsələsinə münasibətdə qeyd edir ki, “Tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması və ya əlavə qaz həcmi alması” Qaydalarına əsasən tikinti obyektlərinin qazpaylayıcı şəbəkəyə qoşulması üçün texniki şərtlər verilməlidir. Yuxarıda sadalanmış normalardan görünür ki, iddiaçının qazla təchiz edilməsini tələb etdiyi obyektin qazlaşdırılması bununla bağlı cavabdeh təşkilat tərəfindən texniki şərtlərin verilməsi yolu ilə mümkündür. Yəni ki, ünvana qaz sayğacının quraşdırılması və qaz xətlərinin çəkilməsi üçün cavabdeh təşkilat tərəfindən qeyd edilən ünvana dair texniki şərtlər verilməlidir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 87.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Məhkəmə hesab edir ki, hazırda hüquqi aktın geriyə qüvvəsi ona görə iddiaçıya şamil edilməməlidir ki, iddiaçı fərdi yaşayış evinə dair müvafiq icazələr alma və ya evi özünün xüsusi mülkiyyətində keçirmə imkanından məhrum edilməmişdir. Yəni ki, mübahisə bir növ iddiaçının hərəkətsizliyinə görə yaranmışdır. Məhkəmə həmçinin onu qeyd edir ki, hazırkı qətnamə iddiaçının hüquqlarını məhdudlaşdıran akt kimi qiymətləndirilməməlidir. Belə ki, iddiaçının fərdi yaşayış evini xüsusi mülkiyyətinə keçirdikdən sonra cavabdeh onun müraciətindən imtina etdiyi təqdirdə iddiaçı yenidən iddia qaldıra bilər. Hazırkı məhkəmə araşdırmasının predmeti iddiaçının müvafiq icazələr almadan qanunsuz olaraq inşa etdiyi fərdi yaşayış evinə qaz xəttinin quraşdırılması ilə bağlı olmuşdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Cavabdeh İB-yə qarşı “ünvana qaz sayğacının quraşdırılması" tələbinə dair iddiası təmin edilməsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-6528/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6528/2025
21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver