Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6558/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, X2 qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Rzayeva (Nərimanova) Kəmalə Salman qızının Cavabdehnə qarşı borcun silinməsi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Rzayeva (Nərimanova) Kəmalə Salman qızı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanda yerləşən evinə (abonent kodu **********00650) hesablanmış 216 manat məbləğində əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, istifadəsində olan qaz sayğacı Cavabdeh İB-nin əməkdaşları tərəfindən yeni sayğacla əvəz edilmişdir, köhnə sayğac çıxarılarkən sayğacın üzərindəki bütün möhürlər yerində olmuşdur, yeni sayğacdan qısa bir müddət istifadə etdikdən sonra ona əlavə 216 manat borcun hesablanması məlum olmuşdur, bununla bağlı yerli qaz idarəsinə müraciət etdikdə ona bildirmişlər ki, istifadəsində olmuş qaz sayğacına guya tərəfindən müdaxilə olunduğu üçün, yəni sayğacın çıxış plastmas borusunun deşilməsi üçün 216 manat məbləğində cərimə hesablanmışdır, sayğac onun yaşayış evindən kənarda quraşdırılmışdır, sayğac çıxarılarkən bütün möhürləri üzərində olmuşdur, qaz sayğacına hər ay Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilirdi, əgər tərəfindən qaz sayğacına hər hansı bir müdaxilə olunsaydı, dərhal xəbərləri olardı. 13.09.2021-ci il tarixdə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında ailə vəziyyəti ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini, məhkəmə iclasına onun iştirakı olmadan baxılmasını, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi R.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuş, tərtib olunmuş akta əsasən, sayğacın çıxış plastmas borusunun deşilməsi, sayğaca müdaxilə edilməsi əsası ilə 216 manat cərimə borcu hesablanmış və həmin məbləğ iddiaçıdan tələb olunur. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30.11.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, Cavabdeh İB-nin 29/1710- 02696-1 saylı rəyinə əsasən 1302AZ**********95 nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb olunmuşdur. İş materiallarında olan “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 20.06.2020-ci il tarixli ******* saylı aktdan görünür ki, iddiaçının yaşadığı evdə “İtron” tipli G4 markalı 1302AZ**********95 nömrəli qaz sayğacı yeni “Zenner” tipli G-4 markalı **********3 saylı qaz sayğacı ilə əvəz olunmuşdur. İş materiallarında olan 05.08.2021-ci il tarixli abonent saldosundan görünür ki, **********00650 saylı abonent hesabına 216 manat borc hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin 30.11.2020-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, **********00650 saylı abonent kodu üzrə itirilmiş qazın bərpası üzrə 2160 metr3 qazın dəyərinin ödənilməsi tələb edilmişdir. İş materiallarında olan ARDNŞ-nin Cavabdeh İB-nin 29/1710-02696-1 saylı rəyinə əsasən 1302AZ**********95 nömrəli sayğacın klapanının işlək olmaması, yivli birləşmələrin korroziyaya uğraması, sayğacın çıxış plastmas borusunun deşilməsi nöqsanı barədə qeyd aparılmış, qaz itkisi, müdaxilə nəticəsinə gəlinmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəz edilmişdir, çıxarılmış sayğac yoxlanılarkən, sayğaca müdaxilə edilməsi əsası ilə akt tərtib edilmiş, onun abonent hesabına itirilmiş təbii qaz sərfiyyatına görə 216 manat borc hesablanmış və həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, Rzayeva (Nərimanova) Kəmalə Salman qızının **********00650 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 20 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən Rzayeva (Nərimanova) Kəmalə Salman qızının **********00650 saylı abonent koduna itirilmiş qazın bərpası üzrə hesablanmış 216 (iki yüz on altı) manat məbləğində borc silinsin. Cavabdehndən 20 (iyirmi) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6558/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6558/2021
13.09.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver