Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-657/2023 01.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 1192,32 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında yerləşən evdə yaşayır. Qeyd edilən yaşayış evi iddiaçıya məxsusdur. Cavabdeh tərəfindən evdə guya əlavə xətdən istifadə edilməsi ilə bağlı xx.xx.2022-ci ildə ******* saylı akt tərtib edilmiş və akta əsasən 1192,32 manat cərimə yazılmışdır. İddiaçının olanların heç birindən xəbəri olmayıb. Qaz idarəsindən iddiaçı həmin şəkilləri tələb etsə də aktlar verilmiş, lakin şəkillər verilməmişdir. İddiaçı komissiya təşkil edilməsini və evə baxış keçirilməsini təklif etmiş, amma Cavabdeh İB-nin nümayəndələri bununla razı olmayıb iddiaçıya məhkəməyə müraciət etməsinin bildirmişlər. Cavabdeh təşkilat iddiaçını əlavə xəttdən istifadə etməsində təqsirləndirərək, ona əsası olmayan əsassız borc hesablamışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh İB tərəfindən ona əsassız olaraq yazılmış 832,51 manat borcun hesabından silinməsi və 360 manat məbləğində pulun ona geri ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. O, izahatında bildirdi ki, ünvan 2 ünvanında yaşayır, lakin ünvan 3 22 saylı mənzilə mütəmadi olaraq gedib-gəlir. Sonuncu ünvanda heç vaxt sayğacdan kənar xətt olmamışdır. Bununla bağlı Cavabdeh İB-yə müraciət etdikdə borcun etirafı barədə tərtib olunmuş ərizəni ona imzalatmışlar və bildirmişlər ki, ərizədə qeyd olunan 360 manat sayğacın dəyəri olaraq ondan tutulacaq. Ərizənin mətnini onun tərəfindən yazılmamış, sadəcə imzalanmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak edə bilməyəciyini bildirmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunmuş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 31 avqust 2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus mənzilə baxış zamanı təbii qazdan sayğacdan kənar istifadə edildiyi aşkar olunmuşdur. İş materiallarında olan abonentin saldosundan görünür ki, abonentə 2022-ci ilə 1192,32 manat borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 30 mart 2023-cü il tarixli rəydən görünür ki, tədqiqata təqdim edilən borunun bir-birinə birləşmə sahələrində qaynaq izləri aşkar edilmiş, təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədə aşkar edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus evdə quraşdırılan sayğaca baxış keçirilən zaman təbii qazdan qeyri-qanuni istifadə edilməsi aşkar edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1192.32 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, məhkəmə iclasında aparılan araşdırma zamanı müəyyən edildi ki, iddiaçı borcun yazıldığı ünvanda daimi yaşamır, oraya mütəmadi olaraq gəlib-gedir. Bu halı təsdiq etmək üçün iddiaçı məhkəməyə davamlı olaraq yaşadığı evə aid saldo təqdim etmişdir. Cavabdeh İB tərəfindən borcun etirafı barədə ərizəyə münasibətdə məhkəmə qeyd edir ki, hazırkı ərizə iş üzrə mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Cavabdeh İB təbii inhisar müəssisələrinə həvalə edilən inzibati funksiyaları həyata keçirdiyinə görə və vətəndaşların qazla təmin edilməsi funksiyası başqa hər hansı orqana məxsus olmadığından vətəndaşlar bir növ Cavabdeh İB-dən asılı vəziyyətdə olurlar. Hazırkı işdən də görünür ki, iddiaçı olan vətəndaşa onun mənafeyi ziddinə ərizə yazdırılmış və vətəndaşa ərizənin mətni yanlış izah edilməklə ərizəyə imza atdırılmışdır. Belə ki, iddiaçının izahatlarından görünür ki, o, ünvan 2 ünvanı üzrə də sayğacın dəyəri olaraq istinad olan məbləği ödədiyindən hazırkı iş üzrə ondan tələb olunan 360 manatın məhz sayğac dəyəri olaraq tələb edildiyini düşünmüşdür. İstinad olunanlardan əlavə olaraq məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ekspert rəyində də iddiaçının yaşadığı ünvanda yerləşən sayğacın üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan zədələr aşkar edilməməsini əsas götürərək iddiaçıya yazılmış cərimə borcunu əsassız olması qənaətinə gəlir. Beləliklə, nə qədər ki, iddiaçıya məxsus sayğaca müdaxilə edilməsi faktı öz təsdiqini tapmır, məhkəmə hesab edir ki, abonentə yazılmış cərimə borcu əsassız hesab edilərək silinməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı **********00220 saylı abunə koduna hesablanmış 832.51 manat məbləğində borc silinməli, ondan cərimə borcunun silinməsi üçün tutulmuş 360 manat isə iddiaçıya geri ödənilməlidir. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə məhkəmə xərclərinə də öz qətnaməsində qiymət verməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 65 manat müəyyən edilmişdir. Məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1.000 manatdan çox olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 31.92 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00220 saylı abunə koduna hesablanmış 832.51 (səkkiz yüz otuz iki manat əlli bir qəpik) manat məbləğində borc silinsin. İddiaçı cərimə borcunun silinməsi üçün tutulmuş 360 (üç yüz altmış) manat pul vəsaiti iddiaçıya geri ödənilsin. Cavabdehndən 31.92 (otuz bir manat doxsan iki qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 65 (altmış beş) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-657/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-657/2023
01.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver