Məhkəmə qərarları › İş №2(011)-6600/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6600/2021

07.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6600/2021 07.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili X4, Cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdehlər Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı “satış protokolunun etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili X6 cavabdehlər Bank "xxxx" ASC-yə və “X1 Mərkəzi” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolunun etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə iddiaçının arasında bağlanmış kredit müqaviləsi əsasında iddiaçıya yaşayış sahəsinin alınması üçün bank tərəfindən 47.000 manat məbləğində ipoteka krediti ayrılmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək üçün Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3 ünvanında yerləşən 16 saylı mənzil "xxxx" ASC-yə ipoteka qoyulmuşdur. "xxxx" ASC iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı onun xeyrinə 40.807,07 manat əsas, 929.05 manat faiz borcu olmaqla, cəmi 41.736,12 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, mənzil satıldıqdan və ya özgəninkiləşdirildikdən sonra ünvan 2 ünvanda qeydiyyatsız yaşayanların istifadə hüquqlarına xitam verilməsi, mənzilin boşaldılması və tələbkara təhvil verilməsi, əmlakın ilkin satış qiymətinin razılaşdırılmış qiymətə uyğun olaraq 57.000 manat məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən İddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. Gəncə Apelyasiya Məhkəməsində apelyasiya şikayətinə baxıldıqda iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli, 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Sözügedən qərardaddan şikayət verilməmişdir. İş üzrə borc verən "xxxx" ASC-nin bank fəaliyyətinə dair lisenziyası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən ləğv edilmişdir. İpoteka və Kredit Zəmanət Fondu ilə Bank "xxxx" ASC arasında imzalanmış xidmət müqaviləsinə əlavə olaraq ipoteka kreditlərinin reyestrinə əsasən xidmət olunması üçün "xxxx" ASC-nin ipoteka və kredit zəmanət fondunun xətti ilə verilmiş bütün ipoteka kreditləri Bank "xxxx" ASC-yə təhkim edilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı qətnaməsi Gəncə Apelyasiya Məhkəməsinin 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə ləğv olunmuşdur. Buna baxmayaraq Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi qanunsuz olaraq icra vərəqəsinə əsasən iddiaçının xəbəri olmadan məhkəmə tərəfindən icraya yönəldilmişdir. Abşeron rayon İcra və Probasiya şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş və iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3, 16 saylı mənzilin satılması üçün “X1 Mərkəzi” MMC-nə sifariş verilmişdir. İddiaçının xəbəri olmadan hərrac keçirilmiş, Bank "xxxx" ASC iddiaçıya məxsus olan mənzili almışdır. İddiaçı hərracın keçirilməsi və onun nəticələri barədə tələbkar olan Bank "xxxx" ASC və Maraqlı şəxs2 icra məmurları mənzilinə gələrək əşyaları boşaltmağa başladığı zaman məlumatlı olmuşdur. Hal-hazırda mənzilin əşyaları tələbkar tərəfindən çıxarılmışdır və mənzilə sahibliyi Bank "xxxx" ASC edir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdeh Bank "xxxx" ASC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh “X1 Mərkəzi” MMC-nin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş maraqlı şəxslər Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin və Maraqlı şəxs2 nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən-mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158.3-cü maddəsinə əsasən əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmasına münasibətdə vicdanlı olsun. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən-daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 10.4-cü maddəsinə əsasən, ipoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11.1-ci maddəsinə görə, daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə görə, ipotekanın dövlət qeydiyyatı ipoteka saxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında qeydiyyat orqanı tərəfindən ləğv edilir. Həmin Qanunun 48.1.2-ci maddəsinə əsasən, əsas öhdəliyə xitam verildikdə ipotekaya xitam verilir. Məhkəmə iş materiallarını araşdıraraq belə hesab edir ki, iddiaçının iddia tələbinin əsasını kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəliklərin icra olunması təşkil edir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-2363/2015 saylı 21 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə İddiaçı 40.193,54 manat əsas, 419.88 manat faiz borcu olmaqla, cəmi 40.613,42 manat kredit borcunun, 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə veriməsi, tutmanın ipoteka ilə yüklü edilmiş, iddiaçıya məxsus olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3 ünvanında yerləşən 16 saylı mənzilə yönəldilərək hərrac yolu ilə satılması, kredit borcunun bu əmlakın dəyərindən tutulması, ipoteka predmeti olan evin ilkin satış qiymətinin 55.700 manat müəyyən edilməsi, mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay müddətində orada yaşayan İddiaçı və digər şəxslərin həmin evdən çıxarılmaları qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2016-cı il tarixli 2(104)-1588/2016 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli, 2(021)-2363/2015 saylı qətnaməsi ləğv edilmiş, iddiaçının nümayəndəsinin iddia tələbindən imtina etməsi qəbul edilmiş və iş üzrə icraata bu əsasla xitam verilmişdir. İş materiallarında olan icra işinin surətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra sənədi 01 dekabr 2015-ci il tarixdə Maraqlı şəxs2nə icra olunması üçün göndərilmişdir. Maraqlı şəxs2 tərəfindən 22 dekabr 2015-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Maraqlı şəxs2 "xxxx" MMC-yə ünvanladığı 25 dekabr 2015-ci il tarixli məktub ilə Bərdə Rayon Məkəməsinin 21 oktyabr 2015-ci il tarixli 2(021)-2363/2015 saylı icra vərəqəsinə əsasən ipoteka predmeti olan Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilin satışını təşkil etməsi xahiş olunmuşdur. "xxxx" MMC tərəfindən sözügedən əmlak satılmaq üçün açıq hərraca çıxarılmış, əmlakın ilkin satış qiyməti 55.700 manat müəyyən edilmişdir. Hərrac mərkəzi tərəfindən borcluya və tələbkara bildiriş göndərilmişdir. Hərrac keçirilmiş, lakin baş tutmamışdır. Daha sonra Maraqlı şəxs2 “X1 Mərkəzi” MMC-yə sözügedən mənzilin satılması ilə bağlı hərracın keçirilməsi barədə sifariş göndərmişdir. Qeyd edilən mənzil açıq hərrac vasitəsilə “X1 Mərkəzi” MMC tərəfindən 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokoluna əsasən 35.508,75 manata Bank "xxxx" ASC-yə satılmışdır. Maraqlı şəxs2 tərəfindən 08 yanvar 2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərar qəbul edilmişdir. İcra sənədində qeyd olunan tələb borclu İddiaçı tərəfindən tam şəkildə təmin olunduğundan icra sənədi üzrə icraata xitam verilmişdir. Məhkəmə yuxarıda sadalananlara hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, İddiaçı məxsus Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3, 16 saylı mənzilinə dair “X1 Mərkəzi” MMC tərəfindən qanunvericiliyin tələbləri pozulmaqla açıq hərrac keçirilmiş və mənzil satılmışdır. Mülki iş materiallarından göründüyü kimi hərracın keçirilməsinə əsas olmuş məhkəmə qətnaməsi yuxarı instansiya məhkəməsi tərəfindən ləğv edilmişdir. Bu halda belə nəticəyə gəlmək olur ki, hərrac qüvvədə olmayan, ləğv edilmiş məhkəmə qətnaməsi əsasında keçirilmişdir. Bu isə qanunvericiliyin tələblərinə birbaşa ziddir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia tələbi təmin edilsin. Abşeron rayonu, Məmmədli kəndi, “Yeddi gözəl” yaşayış kompleksi, ev 3-də yerləşən 16 saylı mənzilə dair “X1 Mərkəzi” MMC-nin 15 oktyabr 2020-ci il tarixli YP-011 saylı satış protokolu etibarsız hesab edilsin. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar